RAHİB ALPANLI

Başqa cür olmağı bacarmayanlar

Başqa cür olmağı bacarmayanlar

RAHİB ALPANLI

İnsanlar taleləri və xarici görünüşüləri ilə nə qədər oxşar yaransalar da, xarakterlərinə görə bir o qədər fərqlənirlər. Adam var ki, pislik etməyi bacarmır, adam da var ki, əlindən yaxşılıq gəlmir. Adam var ki, xırda bir işi məsuliyyətlə görür, adam da var ki, çox məsul işə başdansovdu yanaşır. Bu təkcə gündəlik həyatda deyil, müəyyən fəaliyyət sahələrində özünü aşıq-aydın göstərir, insanın xarakteri ilə bağlı olduğu üçün bu gün də belə davam etməkdədir.

Oxuduğum, şahidi olduğum, eşitdiyim bir neçə epizoda nəzər salaraq sözümüzə davam edək.

Verdiyim sözdən dönmərəm

- Ser, bu saatı özüm düzəldib nizamlamışam, - londonlu Corc Graham aldığı saatın düzgün vaxt göstərməsinə nə müddət əmin ola biləcəyini soruşan bir müştəriyə dedi. - Özünlə hara istəsən, apara bilərsən. Yeddi ildən sonra məni tapıb desən ki, beş dəqiqə fərq edir, pulunuzu qaytaracağam.

Yeddi ildən sonra saatı alan müştəri Hindistandan qayıtdı.

- Ser, o saatınızı gətirmişəm.

- Şərtimiz yadımdadır, - Graham dedi. - Verin, baxım. Yaxşı, nədən şikayət edirsiniz?

- Bilirsiniz, - kişi dedi. - Yeddi ildir ki, bu saat məndədir və vaxtı beş dəqiqədən artıq fərqlə göstərir.

- Elə isə pulunuzu qaytarım.

- Verdiyim pulun on qatını belə versələr, mən öz sevimli saatımdan ayrılmaram, - kişi dedi.

- Mən də nəyin bahasına olur olsun, verdiyim sözdən dönmərəm, - Graham cavab verdi.

Beləliklə o, keçmiş müştərinin pulunu qaytardı və saatı götütrüb nizamlayıcı kimi özü istifadə etməyə başladı.

Graham bu sənəti o zaman dünyada olmasa da, Londonda ən gözəl sənətkar olan Tampiondan öyrənməşdi. Həmin ustanın adı ən dəqiq vaxt göstərn saatlarla şöhrət qazanmışdı.

Bu məşhur sənətkarın adı ilə belə bir əhvalat da danışırlar. Bir nəfər üzərində saxta olaraq Tampion ovulmuş saatı ona təmir elətdirmək istəyir. Tampion həmin saatı çəkiclə əzib, təəccüblə onu seyr edən adama öz şah əsərlərindən birini uzadıb: "Ser, mənim düzəltdiyim saat, bax, budur!" - deyir.

(Orison Svet Maredn, "Pushing to the front or, success under difficulties" səh. 273-274, I cild, 1894. İngiliscədən çevirmə müəllifindir.)

Başqa cür olmağı bacarmayanlar haqında yazdığım şeirdən bir bəndi də sizlərlə bölüşərək sözümüzə qüvvət verək:

...Dost olaram ilan gəlsə,

Can verərəm alan gəlsə,

Dilimə bir yalan gəlsə,

Qadir Allah, kəs ömrümü.

Ögey oğul

Uzun illərin söhbətidir: - Uşaqlar kiçik yaşarında idi. Darısqallıqdan canımızı qurtarmaq üçün gəncliyimizin ən qaynar cağını ev tikməyə həsr etmişdik. Neçə illərdən sonra yenicə tikib bitirdiyimiz evin birinci mərtəbəsinə köçmüşdük. Payızın qısa, soyuq, sıx dumanlı axşamlarından biri idi. Şam yeməyimizə hazırlaşırdıq. Anam: - Bir söhbətə gələn də yoxdur ki, gecəni qısaldaq, - deyib, özünəməxsus şirinliklə güldü. Bir azdan hamımız həyətdə kiminsə zəif səslə: - Ay ev yiyəsi! Ay ev yiyəsi! - deyə çağırdığını eşitdik. Həmsöhbət üçün darıxan anamın üzünə aydınca seçilən bir təbəssüm qondu. Çox keçmədən həyat yoldaşım qoluna girdiyi yaşlı bir qadınla qayıtdı. Soyuqdan dili güclə söz tutan qadın çay içib qızınandan sonra hamımızın qanını donduran söhbətləri ilə gecəni əritməyə başladı. Bir zamanlar xoşbəxt bir gəlin olmuş qadın (həyat yoldaşının vəfatından sonra) ikinci dəfə ailə qurmuş, indi birinci ərinin kəndində bircə oğlu və gəlini ilə yaşayırdı. Söz-zözü, söhbət-söhbəti gətirdi, belə məlum oldu ki, yaşlı qadın ikinci dəfə ailə quranda ərinin bir oğlu da varmış. Anası xəsətələnib vəfat etmiş oğlan onu öz anası kimi qəbul etmiş, hörmət bəsləyib sevibmiş. Ögey ana da onu öz balası kimi sevmiş, əsgər yola salmış, evləndiribmiş. İkinci əri də vəfat edəndən sonra qadın ögey oğlunun etirazına baxmayaraq, öz doğma oğlunun yanına gedir. Bəhanə gətirir ki, öz yurdumda ölüm. Ögey oğul isə yenə ananı unutmur, tez-tez ona baş çəkir. Qardaşı və gəlinin öz doğma anasına yaxşı baxmadıqlarının şahidi olur. Təkidlə onu öz yanına aparmaq istəsə də, el qınağndan çəkinən ana etiraz edir. Bir müddətdən sonra ananın ögey oğlu vəfat edir. Qadın burada özünü tuta bilməyib, ağlayaraq: - Kaş mən öləydim, - deyib köks ötürdü, bizi də kövrəltdi. Sən demə, payızın bu sərt vaxtında ana həmin ögey oğlunun məzarını ziyarət etmək üçün yola çıxıb, gecəyə düşüb. Dediyinə görə, bir qapını döyüb gecələmək istədiyini bildirəndə ona bizim evimizi nişan veriblər. Anam da öz həyatından bir neçə epizod danışanda qadının dili tamamilə açıldı, keyfi yerinə gəldi. Məlim oldu ki, doğma öğul və gəlin ona göz verib işıq vermirmişlər.

Ögey ana

Müəllim dostum Aydəmir müəllim danışır ki, qonşluqda, tay-tuşlarından birinin anası ögey imiş. Evin bütün işlərini ögey oğluna gördürməyi bir yana, çörək yeyəndə ögey ana öz oğluna: - Tələsmə, bala, nuşcanlıqla ye, - deyərmiş. Ögey oğlunun tikələrini sayırmış kimi ona: - Sənin də samanlığın dolmaq bilmir ki. Elə arxayın-arxayın yeyirsən ki, elə bil dünyanı sənə bağışlayıblar, - tənəsi ilə onun iştahasını küsdürməyə çalışırmış.

Əliboş müəllimlər

Müəllim olmamışdan əvvəl hər birimiz şagird olmuşuq və müəllimlərə hərəmiz bir cür qiymət vermişik, bu gün bizlərə də hərə bir cür qiymət verir. Bəzi şagirdlər üçün hər şeyi aydın, əyani və texniki vasitələrlə dərs anladan, dərs dediyi şagirdlərin dəftərlərində səliqə-səhman tələb edən, "əl işsiz, baş fikirsiz olmadığı" üçün intizam problemi ilə üzləşməyən, dərsi həmin dərs saatı üçün deyil, şagirdin gələcək həyatında faydalı iz qoyacaq tərzdə tədris edən, fənn dərsi ilə yanaşı həyat dərsi də öyrətməyə çalışan müəllim ən yaxşı müəllim hesab olunur, bəziləri üçün də bunların əksi.

Həmkarlarım Eyvaz müəllim uşaqlıq illərində yaşadığı qəribə bir əhvalat danışdı mənə. Bir gün sinif yoldaşları ilə sözləşib dərsdən qaçırmış. Yolda fikrini dəyişib geri qayıdır. Sinif otağına yaxınlaşanda içəridən dərsindən qaçdığı müəllimin səsi gəlir. O, həmişəki həvəslə dərs izah edirmiş. Həmkarım elə bilir ki, sinif yoldaşları onu aldadıb dərsdə iştirak etmək üçün geri qayıdıblar. Qapını döyüb açır, gözlərinə inanmır. Müəllim boş sinifə dərs deyirmiş. İcazə alıb əyləşir. Dərs bitənəcən müəllim dərsi həvəslə izah edir, lövhədə nümunələr yazır. Sonda, xəcalət təri çxarmış həmkarım bu qəribə durumla maraqlananda müəllim deyir ki, mən öz borcumu yerinə yetirdim, dərsdən sinif yoldaşların qaçıb, mənim vicdanım isə yerindədir. İbrətamizdir, elə deyilmi?

Bəzən tanıdığım yaşlı-gənc müəllimlərlə dərsə getdikləri zaman rastlaşıram. Səliqə ilə geyinmiş, hər halı ilə müəllimə oxşsalar da, onların dərsə əliboş getmələri ilə özümü heç cür barışdıra bilmirəm. Axı bizə dərs deyən müəllimlər həmişə qoltuqlarında kitab-dəftər, hazırladıqları əyanı vəsaitlərlə gələrdilər məktəbə. Bioloğiya müəllimimiz rəhmətlik Zərifə müəllimə qışda keçdiyi dərs üçün canlı nümunə tapmayanda yazda kənd arxlarının kənarlarında bitən müxtəlif bitkiləri gətirər və həmin dərsi bir də təkrar, əyani vəsaitlə keçərdi. Coğrafiya müəllimi rəhmətlik Cövhərət müəllimə o dövr üçün əldə edə bilmədiyi xəritələri yaxşı əl qabiliyyəti olan şagirdlərinin köməyi ilə çəkib hazırlayar, dərslərinin əyaniliyini təmin edərdi. Kənddə ən gec işığı sönənlər müəllimlər olardı. Dil və riyaziyyat müəllimlərinin yoxlama, tapşırıq dəftərlərini bəzən biz daşıyardıq evlərinə. Qırmızı rənglə yazdıqları qiymətləri, imzaları ən böyük mükafat kimi bir-birimizə göstərib qürurlanardıq. Müxtəlif fənlərdən aldığımız qiymətlərin gündəliklərimizdə toplanması ilə yarışmaq ayrı bir zövq verərdi bizlərə.

Müasir müəllimlərin küçədə, çayxanalarda vaxt öldürmələri zaman kimi ən qiymətli kapitala qarşı yaxşı münasibət deyil. Müşahidələrə əsasən deyə bilərik ki, şagirdlərin repetitor yanına qaçmalarının səbəblərindən biri də onlara dərs deyən müəllimlərin əliboşluğudur. Müəllim nə qədər sinədəftər olsa da, dərsini necə başlayıb necə bitirəcəyini bilmirsə, onun sərf etdiyi dəqiqələri dərs adlandırmaq mümkün deyil. İngilis dövlət xadimi, müasir düya tarixində mühüm rolu olmuş Vinston Çörçil yazırdı: "Təkmilləşmək dəyişmək deməkdir; mükəmməl olmaq isə tez-tez dəyişmək deməkdir". Bu hikmət müəllim sənəti üçün də çox əhəmiyyətlidir. İllər boyunca təkrarlanan, "paslanmış" məlumatlarla müasir şagirdi məmnun etmək mümkün deyil. Müəllim dolub daşsın gərək ki, şagirdlər ondan bir şey götürmək istəsinlər, öyrənməyin əhəmiyyətinə inansınlar.

Sovet rejiminin çökməsindən sonra yaranmış çətin illərdə tanıdığımız neçə-neçə müəllim özlərinə başqa iş tapıb ayrıldılar bu gözəl sənətdən. Sənətinə vurğunluğında ruh rahatlığı tapan müəllimlər isə bütün çətinliklərə baxmayaraq, öz sənətlərini davam etdirdilər, çünki onlar başqa cür olmağı bacarmayanlar idilər, bu şərəfli peşə ilə nəfəs alan fədakarlar idilər. Sözümü yenə Vinston Çörçilin daha bir diqqətəlayiq fikri ilə bitirmək istərdim: "Biz yaşayışımızı aldığımız qazancla təmin edirik, həyatımızı isə verdiklərimiz ilə qazanırıq".

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top