ANAR QARAXANÇALLI

"Konvert" mədəniyyəti ya da paket sistemi

"Konvert" mədəniyyəti ya da paket sistemi

ANAR QARAXANÇALLI

İnsanoğlu yarandığı gündən müxtəlif inkişaf mərhələlərindən keçib. Hər nəsil qazandığı uğurları, öyrəndiyi sirləri bir sonrakı nəsilə ötürərək inkişafda rol oynayıblar, oynayırlar. Bugünkü müvəffəqiyyətlərimizdə əcdadlarımızın rolu çox böyükdür.

Biz də digərləri kimiyik. Bu gün keçmişlərimizin irsinin üzərində dayanırıq. Gələcək onun üzərində formalaşır. Amma burada bir problem var. Azərbaycan 70 il sovet sistemində bir çox mənəvi dəyərlərini çətinliklə qorusa da, dəyərlərin daşıyıcısı çatışmamazlığını yaşayıb, yaşayır. Səbəbi, dəyərləri həyata keçirmədən şifahi olaraq daşımaqdır. Dəyərlərin daşıyıcıları tətbiq etmədikləri dəyərlərə zamanla yadlaşırlar. Dəyərlərin lazımsız, utopik bir şey olduğuna inanırlar.

Sovet sistemi həyata ancaq maddi prizmadan baxdığı üçün şəxsləri də ona görə formalaşdırıb. Onsuz da, "mən salim olum, cümlə cahan batsa da batsın" problemini yaşayan bir cəmiyyət sovet sistemi ilə tamamilə eqoistləşib. Yalnız özünü düşünən, maddi mənfəət üçün dəyərləri alt-üst edən, hədəfə çatmaq üçün hər yola müraciət edən bir güruh yaradıb. İstisnalar vardır, əlbəttə. Lakin qeyd etdiyim xüsusiyyətlərə malik olanlar çoxluqdadır.

Uzağa getməyə ehtiyac yoxdur. Ətrafımızda bu anlayışda olan çox misal görə bilərsiniz. Xüsusilə, 50 yaşdan yuxarı insanlar arasında belələri çoxdur. Belə birisi üçün haqq, hüquq yalnız onun mənfəətinə xidmət etmək üçündür. Belə birisinin ailəsində böyüyən nəsil də ona görə formalaşır.

Bir nazir dövlətə vurduğu ziyana görə 6,8 milyon manat ödəyib. Bir idarə rəhbəri ev tikintisi üçün 1,5 miyon manat verdiyini bəyan edir. Rəsmi gəlirləri 2-3 min manat olan biri milyonları haradan əldə edir? Suala cavab özlərindən gəlir. "Konvert" mədəniyyəti ya da paket sistemi. Mediada çıxan xəbərlərə görə, sabiq nazirlərdən birinin aylıq "konvert"ində 300 min manat olurmuş. O paketlərə girən pulun mənbəyi haradır? Əsas cavablandırılmalı olan məsələ budur. Bu sualın cavabı qurtuluşumuz ola bilər.

"Aztelekom"un sabiq rəhbərinin əmlakının siyahısı əslində bizim acı reallığımızdır. Sadəcə özünü düşünən, hərislikdən bütün dəyərləri ayaq altına alan insan psixologiyası. Bu qədər mal yığdı, amma nə özünü, nə də dünyasını qurtara bildi. Əslində mənzərə hamımıza görk olmalıdır. Nə qədər yaşayacağıq ki, bu dünyada? 15-20 il uşaqlıq, gənclik, 60-dan sonra da yaşlılıq. Ən yaxşı ehtimalda arada qalan 40 il üçün milyonlarla dollarlar, mülklər, qəsb edilən haqlar, tapdalanan dəyərlər, alınan ahlar, geriyə qalan vahlar... Dəyərmi buna?!

Önümüzdə iki yol var: ya demokratikləşmə, şəffaflaşma, ya da Şimali Koreya olmaq. Azərbaycan birinci yolda irəliləmək istəyir. Amma bəzi məmurlar birinci yolun onların sonu olacağını bildikləri üçün hər vasitə ilə önümüzə əngəl qoymaq istəyirlər.

Paket sistemi artıq süqut edib. Bunu hər kəs anlamalıdır. Şəffaflıq hər sahədə olmalıdır. O zaman problemlər bir-bir həll olunacaqlar. Yoxsa neft ölkəsi olan Azərbaycanda orta aylıq əmək haqqı acından ölən Ermənistandan necə aşağı olur?!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top