ƏLİ ÇƏRKƏZOĞLU

Hələ demədiyim bir sözüm qalır

Hələ demədiyim bir sözüm qalır

ƏLİ ÇƏRKƏZOĞLU

İnsan öz imkanlarını reallaşdıra bilməyəndə içindən qırılır.

Bəzən də insana hər cür imkan verilir və məlum olur ki, nə deməyə sözü var, nə də əlindən bir iş gəlir.

Bu söz çox xoşuma gəlir ki, qırx yaş gəncliyin qocalığıdır, əlli qocalığın gəncliyi.

Yəni bir neçə ildir ki, mən gəncəm, qocalığın gənci.

Hərdən oturub geri baxıram yaxşı mənada ələ gələn bir şey görmürəm.

Amma hər dəfə də şükr edirəm ki, ələ gələn bir şey olmasa da vicdan giziltisi də yoxdur.

Elə-belə bir ömür boyu baş girləmişəm, amma kimsənin də toyuğuna "kiş" deməmişəm.

Başımı aşağı salıb gündəlik qayğılarımla günümü gün eləmişəm.

Pul da görməmişəm, bəziləri deyirlər ki, çox pulu olmaq da bir dərddir, mənim belə dərdim də olmayıb.

Amma yeni atalar sözlərinə görə, pul heç də əl kiri deyil, ürəyə toxtaqlıqdır.

Bilirsən ki, qəfil bir iş çıxsa, həll eləməyə gücün yetər.

Hərdən də düşünürəm ki, elə kasıblıq da Allahın bir nemətidir.

Kim bilir, pullu olsaydım, indi nə qələtlər eləyər, nə hoqqalardan çıxardım.

Bir dostum deyir ki, filan vaxtı filan işləri görmüş olsaydım, indi bu məmləkətdə mənim şəxsimdə əclafın biri də artıq olacaqdı.

İş orasındadır ki, həmin dostum həyatında nədənsə imtina edə bilib, amma mən heç "onu elə, bunu elə, bunu al, onu götür" də eşitməmişəm ki, görüm imtina edə bilirəm, ya yox.

Adam yaşa dolduqca iddiaları əriyir, kiçilir. Artıq qəbul edirsən ki, bu yaşda abrına bükülüb oturmaq ən doğru seçimdir.

Getdiyin idarədə təxminən oğlun yaşda birisi heç salamını almadan özünü işləyirmiş kim göstərir, ya da teləfonda kiminləsə laqqırtı vurur. Sən də səbrini basıb gözləyirsən ki, bu gənc məmur nə zaman sənə diqqət ayıracaq. Dilinin ucuna gəlmiş iki kəlmə zəhəri onun üstünə töküb getmək istəyirsən, amma bu cəsarətdən də vaz keçirsən. Bilirsən ki, o tərəfdəkinin boynu bundan da yoğundur.

O gün bir sinif yoldaşımla görüşdük. Uzun illər idi ki, rast olmamışdıq. Qaçqın şəhərciyində yaşayır və əksər qonşuları kimi işsizdir. Başı pula söykənən bir təklif söylədi və mən də astadan "mənim o qədər pulum nə gəzir?", - dedim. Çox təəccübləndi, elə düşünürmüş ki, o iş mənim üçün bir udum su kimidir. Elə hiss elədim ki, mənə inanmadı, heç mən də inandırmağa cəhd eləmədim. Əsas o idi ki, mən yalan danışmırdım və ona görə də vicdanım ağrımadı. Orta məktəbdə dərsləri yaxşı oxumaq o demək deyil ki, böyüyəndə varlı-karlı adam olacaqsan. Əksinə, dərsini yaxşı oxuyanların çoxu bir həsir, bir məmmədnəsirdi. Bizim oxuduğumuz kitablarda yazırdılar ki, nəsə alıb-satmaq alverçilikdir, alverçilik möhtəkirlikidir. Təxminən otuz-otuz beş il əvvəl televizordan millətə haqdan-ədalətdən danışan bir hüquq professoru deyirdi ki, oğluna toy eləmək üçün haradansa əl altından bir qutu kərə yağı alan ataya yeddi il iş verdilər getdi.

Bilməyənlər bilsinlər, sovet tərbiyəsi bu idi və bu gün yaşı əllinin üzərində olanlar o tərbiyədən keçib gəliblər. Hələ mənim kimi o kitabları yaxşı-yaxşı oxuyanlar var haa, əksəriyyəti bərbad gündədir. O kitablardan xəbəri olmayanların dünyadan xəbəri olmadı, o kitabları oxuyanların da dünyadan xəbəri olmadı. Bu, bir növ ona bənzəyir ki, Həzrəti Musa öz qövmünü, yəni yəhudiləri Misirin zülmündən qaçırıb bir möcüzə ilə Qırmızı dənizdən keçirəndən sonra qırx il Tih səhrasında dolaşdırdı ki, insanlar köləlik ruhundan qurtarmayınca müqəddəs torpaqlara qayıda bilməsinlər.

Rəhmətlik Qabil demişkən, adamın yerinin səhf düşməsi müsibətdir, fəlakətdir. Amma hər şeyə rəğmən mən heç də düşünmürəm ki, yerim səhf düşüb. Mənim kimi adam harda olur-olsun yazı-pozu ilə eşələnməli idi. Əslində heç bundan yuxarı iddiam da olmayıb. Amma içimdə bir iddiam, söylənəcək bir sözüm var. Qismət olsa, görüşərik, o sözü də bölüşərik, inşallah!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top