NAZİM MUSTAFAYEV

İnkarın iki növü

İnkarın iki növü

NAZİM MUSTAFAYEV

Uca Allahın varlığını, axirət gününü və digər iman əsaslarını heç bir ehtimal verməyəcək şəkildə inkar edən şəxs, küfr və inkarın ən qatı və dəhşətlisinə düşmüş deməkdir. Bu insana görə ölümdən sonra əbədi yoxluq vardır. Bu insanın daxili aləmindəki yanğın, cəhənnəmdən daha şiddətli bir şəkildə onu yandırar. Bu inkar və küfrə mənən dözmək də mümkün deyil.

Belə bir inkar bataqlığına düşən bir-iki insan ya vardır, ya da yoxdur. Hətta Peyğəmbərlər tarixində Allahın elçilərinə və inananlara düşmənlik və zülm edən fironlar, nəmrudlar, Əbu Cəhllər, Əbu Ləhəblər və başqalarının həyatına nəzər sala bilərik. Quran ayələri, hədislər və digər yazılı mənbələrlə bizə gəlib çatan onlara dair düşüncə və sözlərin heç birində “mütləq küfr” olaraq da adlanan Allahı varlığını, axirət gününü, peyğəmbərləri qəti şəkildə inkar edici bilgi və məlumat yoxdur. Əksinə, yer-yer Allahın varlığını, axirət gününü və Allahın elçilərini qəbul edici sözlərlə rastlaşırıq. Bir mənada nədənsə özlərinə açıq bir qapı və ehtimal payı saxlayırlar. Bu sözləri fəlsəfə tarixinə də şamil etmək olar. Belə demək mümkündürsə, burada da saf və təmiz ateist filosof və ya mütəfəkkir tapmaq çox çətindir.

İnkar və ya küfrün ikinci növündə isə “bəlkə də axirət var!” düşüncəsi hakimdir. İşin içində “bəlkə” olduğu üçün, axirətə qarşı şübhələr var. Əslində belə bir şəxs üçün səmavi kitablar, xüsusilə Quranın mesajları bir ümid qapısıdır. Uca Allaha inanmasa belə, yenə burada da “bəlkə də var” deyərək təsəlli tapır. Nəticədə, bu da bir inkar və küfrdür. Ancaq birincisi ilə müqayisədə daha xəfifdir.

Məşhur bir hekayə var. Hekayədə dəvəquşuna suallar verilir. Bu bir hekayə olduğunu üçün dəvəquşu da sualları cavablayır. Burada əsas məsələ hekayədəki təmsili üslubun dili ilə insanlara bir mesaj çatdırmaqdır. Yazının başlığında qeyd olunan inkarın iki növü burada belə təsvir olunur...

Belə ki, bir dəvəquşundan soruşurlar: “Sənin qanadların var. Bəs nə üçün uçmursan?” O da qanadlarını qısaraq “mən dəvəyəm” deyərək uçmaqdan imtina edir. Çox keçmir ki, ətrafda ovçular görsənir. Ovçu gülləsinə tuş gəlməmək üçün başını quma soxur. Belə etməklə böyük bədəni çöldə qalır və ovçunun hədəfi olur. Sonra yenə dəvəquşuna deyirlər: “Madam dəvə olduğunu deyirsən. O zaman belində yük daşı”. Bu zaman da qanadlarını açaraq incə və zərif bir quş olduğunu söyləyir, beləcə yükdaşıma zəhmətindən də qurtulur. Ancaq yenə də himayəsiz və yemsiz qaldığı üçün ovçuların hədəfinə çevrilir.

Eynilə bunun kimi inkar yolunu seçmiş insanlar Quranın xəbər verdiyi səmavi elanlara qarşı qəti şəkildə inkar etməni və ya “mütləq küfrü” seçməkdənsə, içərisində “bəlkə”lər olan, ehtimal payı buraxılan, şübhəli bir inkar və küfr yolunu seçirlər. Belə etməklə özlərinə qayıdış qapısı saxlamış da ola bilərlər. Belə bir adama sual verilir: “Ölümü əbədi bir yoxluq olaraq görürsən. Sanki asılacağın dar ağacı daim gözünün qabağındadır. Belə bir halda həyatdan həzz alaraq necə yaşayırsan? Adam belə cavab verir: “Ölüm yoxluq deyil, ölümdən sonra sonsuz bir həyatın olma ehtimalı da var”. Ya da ki, dəvəquşu misalında olduğu kimi əcəl onu görməsin deyə başını qəflət qumuna salaraq “gizlənər”.

Həmin insana belə bir xatırlatma edilir: “Bu fani həyatdan, sonsuz və baqi həyata gedəcəksən. O aləmdə gözəl qarşılanmaq və gözəl yaşamaq üçün bu dünyada məşəqqətli kimi görünən dini öhdəlik və məsuliyyətləri yerinə yetirmək lazımdır”. Adam tərəddüdlü və şübhəli (bir mənada praqmatist və mənfəətci) bir tərzdə: “Bəlkə də o bəhs etdiyin sonsuz həyat yoxdur. Olmayacaq bir şeyə görə nə üçün məşəqqət çəkim?” cavabını verir.

Bu zaviyədən baxanda bu dünyada dini məsuliyyət və öhdəlikləri yerinə yetirən bir mömindən daha çox həzz və ləzzət aldığını zənn edər. Çünki dini məsuliyyət və öhdəliklərdən “bəlkə axirət olmayacaq” deməklə “qurtular”. Vəd edilən axirətdəki əbədi əzabdan qorxduğu üçün də “bəlkə də axirət olacaq” deməklə özünə bir başqa təsəlli qapısı axtarar. Halbuki şeytanın baş qarışdıran bu aldatıcı sözləri çox səthi, faydasız və müvəqqətidir.

Bəs əlac nədir? Şeytanın baş qarışdıran bu cürə aldadıcı sözlərindən necə qurtulmaq olar? Çarə və əlac, əbədi yoxluq düşüncəsinin yalnış olduğunu xəbər verən, insanları dünya və axirət cəhənnəmindən xilas edən Quranın himayəsinə girməkdir. Peyğəmbər yoluna daxil olaraq (sünnəyə əməl edərək) dünyanın sıxıntılarından və axirət əzabından qurtulmaqdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top