ƏLİ ÇƏRKƏZOĞLU

Türkiyə saatını çaşıb

Türkiyə saatını çaşıb

ƏLİ ÇƏRKƏZOĞLU

Əgər xatırlayırsınızsa, yaxın keçmişə qədər Türkiyə saatı ilə Azərbaycan saatı arasında iki saat fərq vardı, yəni bizdə axşam saat 8 olanda qardaş ölkədə 6 olurdu. Amma indi bu fərq 1-ə düşüb, səbəb də biz deyilik, Türkiyə tərəfidir. Təsəvvür edirsinizmi, Bakı ilə Moskva arasında da 1 saat fərq var, İstanbul arasında da. Halbuki, İstanbulla Moskva arasında hər zaman 1 saat fərq olub, çünki bu iki şəhər fərqli en qurşaqlarında yerləşirlər. Qəribə orasıdır ki, İstanbul hər zaman üz tutduğu Almaniya ilə də eyni anlaşılmazlıq içindədir, yəni zaman fərqi o paraleldə də müəyyən problemlərə səbəb olmaqdadır.

Hər şeyin təməlində isə son onilliklərdə meydana çıxmış “yay vaxtı”, “qış vaxtı” anlayışı dayanır. Yəni yayda saatı bir saat irəli çək, qışda geri qaytar. Ölkələr arasında bu məsələyə münasibət də birmənalı deyil. Bu təşəbbüsü qəbul edən ölkələr var, etməyənlər var. Tərəfdarlar deyirlər ki, saatın çəkilməsində böyük iqtisadi mənfəət var, qarşı çıxanlar isə saatla oynamaqdansa hər bir məsələnin yerli müəssisələrin səlahiyyətində qalmasının daha məqsədəuyğun olduğunu söyləyirlər. Yəni miəssisə istəyirsə, yayda iş vaxtını bir saat irəli çəksin, qışda isə geri qaytarsın, daha bunun üçün saata toxunulmasın. Qarşı çıxan bəzi ölkələrdə bununla bağlı müəyyən təcrübələr də aparılıb. Deyirlər ki, saatların irəli-geri çəkilməsi heyvandarlıq müəssisələrində mənfi reaksiya doğurur. Belə ki, saatın irəli çəkilməsi ilə səhər işıqlar bir saat erkən yandırılır, sağın tez başlayır. Bu da inəklərdə südün müəyyən qədər azalmasına səbəb olur. Hətta toyuqların da bu əməliyyatdan rahatsız olduğunu, yumurta istehsalında azalma müşəhidə edildiyini iddia edənlər də var. Bu sahənin mütəxəssisi olmadığımız üçün məsələnin nə qədər ciddi, nə qədər zarafat olduğunu deyə bilmərik, amma onu yaxşı bilirik ki, zamanla oynamaq, saatı irəli-geri çəkmək heç də doğru iş deyil. Qoy zaman öz axarında axıb getsin, sən öz həyatını, işini istədiyin kimi o zaman içində dizayn elə. Daha zamanı öz işinə, gündəlik həyatına görə dəyişmək doğru deyil. Deyəsən, bu il bir çox ölkələr artıq bu saatla oynamaq ənənəsindən imtina elədiklərini açıqladılar. Doğru da elədilər. Yayda günlərin, qışda gecələrin uzun olması zamanın ritmidir, hər şey tədrici olaraq ordan bura, burdan ora keçir. İnsan öz mühitinə, təbiətinə, zamanın ritminə uyğunlaşdıqca rahat olur, ətrafı özünə uyğunlaşdırmağa cəhd edərkən istər-istəməz rahatlığını itirir, özünə ciddi problemlər çıxarır. Saat dəyişikliyinin nə qədər insanda stresə, əsəb gərginliyinə səbəb olduğu məlumdur. Demək istədiyimiz odur ki, saatla oynamaqdansa, hər şeyi yerli müəssisələrin səlahiyyətinə buraxmaq ən doğru seçimdir, istəyən yay gejiminə keçsin, istəməyən keçməsin. Daha bunun üçün saata toxunmağa ehtiyac qalmasın.

Ümumiyyətlə bu kimi məsələlərin dünyada vahid mərkəzdən tənzimlənməsi ən doğru seçim olardı. Elə olmayanda bugünkü kimi anormal vəziyyət ortaya çıxır. Bu gün qardaş Türkiyə çox çətin sinaqlar qarşısındadır,bir tərəfdən İraq və Suriyada gedən müharibələr, digər tərəfdən də ölkə daxilində PKK-nın bu qədər azğınlaşması vəziyyəti xeyli gərginləşdirib. Amma ölkədə hər kəsin öz işi var, bir şey olanda “Qəndilli rəsədxanasının verdiyi məlumata əsasən” deyib müəyyən qərar çıxarırlar, amma nədənsə haqqında danışdığımız bu son məsələ ilə əlaqədar kimsə qətiyyətli bir söz söyləmir. Halbuki, bir zamanlar həmin coğrafiyada, daha doğrusu, Osmanlı dövlətində müvəqqit adlı xüsusi bir sənət olub ki, o sənətin sahibləri də vaxtın, saatın nizamlanması ilə məşğul olublar. Dünyada çox sayda müsəlman ay təqvimini, Ramazanın, Məhərrəmin nə zaman girib-girmədiyini öyrənmək üçün üzünü Türkiyəyə tutur. İnanırıq ki, Türkiyə hökuməti ən yaxın zamanda məsələ ilə bağlı lazımi qərarı verəcək. Çünki ortada anormal durum var və onun aradan qaldırılması qaçılmazdır.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top