ANAR QARAXANÇALLI

Son dəstavüz Tramp...

Son dəstavüz Tramp...

ANAR QARAXANÇALLI

Trampın qələbəsi nə mənaya gəlir? ABŞ-ın xarici siyasətində nə dəyişəcək?

ABŞ-da dövlət sistemi var. Hər qurumun öz sahəsi, öz səlahiyyətləri var. Bir nəfərin istəyi heç nəyi həll etmir. Qurumların bir-birinə müdaxiləsi ancaq hüquqi çərçivədə ola bilər. Ona görə də, bir nəfərin bir anda daxili və xarici siyasətdə hər şeyi dəyişdirmək vədi ancaq vəd ola bilər. Gerçəkləşmə ehtimalı çox aşağıdır.

Tramp 1928-ci ildən bəri ilk dəfə həm Senata, həm də Nümayəndələr Palatasına hakim olan Respublikaçı Prezident oldu. Bu baxımdan, aldığı qərarları qanuna çevirmək şansı yüksəkdir.

Xarici siyasət isə bir az fərqlidir. Bizim alışdığımız ABŞ xarici siyasəti belədir: siyasilər yumşaq, mülayim açıqlamalar verir, təhlükəsizlik orqanları isə arxada işi həll edirlər. Nə isə ortaya çıxsa, aşkar olunsa, siyasilər onu inkar edirlər. “Soft Power” (Yumşaq güc) dedikləri məsələ əslində budur.

Bu gün isə mənzərə fərqlidir. Yumşaq güc sahədə, xüsusilə Yaxın Şərqdə çox işə yaramadı. Çünki plana müdaxilələr oldu. ABŞ-ın Suriya siyasəti tam fiasko ilə nəticələndi. “Əsəd mütləq getməlidir” ilə başladı, “Əsəd qalsa da olar”a qədər ziqzaqlı yol qət etdi. Bu sahədə Rusiyaya, İrana “məğlub oldu”. Yaxın Şərq siyasətində qurumlararası mübahisələr, anlaşılmazlıqlar çox oldu. Təhlükəsizlik orqanlarının tələbləri ilə hökumətin istəkləri çox vaxt üst-üstə düşmədi.

Zənnimcə, Tramp dərin Amerikanın səthə çıxmış üzüdür. Ya da çıxmağa məcbur olmuş. Təhlükəsizlik orqanlarının arxa planda apardıqları siyasət təkbaşına yeterli olmadığı üçün ön plana çıxmaq məcburiyyətində qalıblar. Artıq daha sərt addımlar atılacaq. Bu, Yaxın Şərqdə böyük qarşıdurmalara qədər gedəcək. Bu gün Trampın qələbəsinə sevinənlərin siyahısı əslində, bir çox suala cavab verir. Tehran, Moskva, Pekin, Tel-Əviv və Ankara.

Zahirən Tramp bu ölkələrin çoxuna qarşı olsa da, izləyəcəyi yol, bu ölkələrin legitimlik, şəffaflıq, demokratik dəyərlər məsələlərini arxa plana keçirəcək. Yəni, bu dövlətlər apardıqları siyasəti daxili ictimaiyyətlərinə daha asan ifadə etmək imkanı qazanacaqlar. Yoxsa İslamı, müsəlmanları təhqir edən birini niyə müsəlman görünən ölkələr dəstəkləsin?! Təl-Əvivin dəstək vermə şərti isə bir az etnik, bir az da Yaxın Şərq planı ilə əlaqəlidir.

Soyuq savaşdan sonra müsəlmanlar yeni “düşmən” kimi formalaşdırıldı. “Mədəniyyətlər münaqişəsi” siyasəti ilə bu anlayış genişləndirildi. Məqsəd Yaxın Şərqin yenidən bölüşdürülməsində bölgənin xalqını yox saymaq, masadan uzaqlaşdırmaq idi. Bölgədəki ölkələrdə isə adı İslam, müsəlman görünümlü, amma əslində öz millətlərindən olan insanlar hakimiyyətə gətirildi. Digər hədəfləri, İslamın öz tələblərinə görə yenidən təfsir edilməsidir. Son 20-25 ildə, xüsusilə son 7-8 ildə Yaxın Şərqdə olan hadisələrə fikir verin. “Ərəb baharı”na da bu prizmadan baxa bilərsiniz.

Tramp açıq şəkildə bildirir ki, terrorun kökündə İslam dini var. Eyni zamanda, İslam ilə mübarizə aparacağını ifadə edir. Belə birisi hakimiyyətə gəldi deyə Türkiyədə hökumət mediası toy-bayram elədi. Bu paradoks deyilmi?

Bizim prizmadan baxanda vəziyyətimiz bir qədər ziddiyyətli görünür. ABŞ-da seçki saxtakarlığı ilə başladıq, “Klinton onsuz da seçkiləri alıb” deyə davam etdik. İndi də Ziya Məmmədovun və oğlunun adları hallandırılmağa başlanılıb.

Bir insan dəyərlidirsə, dəyərlidir. Başqa ölkənin rəhbər dəyişikliyi bizim dəyər anlayışımızı formalaşdırırsa, vay bizim halımıza.

P.S. “Trump” sözünün Azərbaycan dilində qarşılığı “dəstavüz”dür. Yəni, bəhanə, şans, kart, “kozır”.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top