NAZİM MUSTAFAYEV

İnsan nə üçün günah işləyir?

İnsan nə üçün günah işləyir?

NAZİM MUSTAFAYEV

Cənabı Allah Qurani-Kərimdə və digər səmavi kitablarda adəm övladına böyük mükafat olan cənnəti və dəhşətli cəza olan cəhənnəmin varlığını xəbər verir. Doğruya, gözəl və xeyirxah əməllərə sövq və təşviq edən onlarca ayə olduğu kimi, yalnış və çirkinliyi qadağan edən ayələr də mövcuddur. Həmçinin biz insanlar doğru ilə yanlışı ayırd etmə gücü olan ağıl və vicdan ilə də təchiz edilmişik. Bəs, görəsən, insanlar nə üçün həm Quran və digər səmavi kitablar, həm də ağıl və vicdan səddini aşaraq şər və günah əməl işləyir, yalnış yola gedirlər?

İnsanları şər və çirkin əməl işləməyə sövq edən əsas ünsür nədir? İnsan nə üçün şər və çirkin əməl işləyir? Bu düşmə və yoldan sapmaya səbəb nə ola bilər? Şeytanın açdığı mükafatsız, çirkin və zəif hiylələrə qarşı adəm övladı necə olur ki məğlub duruma düşür? Əsası da, Cənabı Allahın o qədər şiddətli təhdid və xəbərdarlıqlarına əhəmiyyət verməmək imanın qəlbdən çıxmasına səbəb ola bilərmi?

Etiqadı bir məzhəb olan Mutəzilənin və Xaricilərin bir qisminə görə böyük günah işləyənlər dindər çıxar və ya imanla küfr arasında bir mövqedə qalarlar. Ancaq əsas görüş budur ki, günah işləmək nə küfr, nə dindən çıxma, nə də imansızlıqdır. Günahın əvvəla qəlbə sirayət edərək oradan iman nurunu çıxarana qədər qaraldaraq qatılaşdırması bir həqəqətdir. Hər bir günahda küfrə (Allahı inkara) gedən bir yol da vardır. O günah tövbə edilib dərhal təmizlənməzsə, mənəvi bir ilan olaraq qəlbi yaralayır. Ancaq böyük günah işləyən bir müsəlman bunu halal saymadıqca, günahlarına görə küfrə düşməz, dindən çıxmaz, lakin fasiq və asi (günah işləməkdə israr edən) müsəlman sayılar.

Bir günah (xüsusilə böyük günahlar) və xəta işləyənin həmən dindən çıxacağını söyləmək insanın yaradılışı nəzərə alınmadan söylənmiş yalnış bir düşüncənin nəticəsidir. Necə ki, insan əl altında və hazır olan, ancaq əhəmiyyətsiz və balaca bir ləzzəti gələcəkdə əlinə keçəcək böyük bir mükafata tərcih edər. Həmçinin gələcək zamanda baş verəcək böyük sıxıntı və bəladansa, bu dəqiqə və bu anda çəkəcəyi balaca bir sıxıntıdan daha çox təşvişə düşər.

Şeytanın insana təlqin etdiyi şər və çirkinliklər mahiyyətcə bəsit və əhəmiyyətsizdir. Ancaq insan nəfsinin bu təlqinə qulaq asaraq etdiyi şər və zülmlər isə çox böyük günah və cinayətdir.

İnsan yaradılışca, hədisin ifadəsi ilə desək, heç bir gözün görmədiyi, heç bir qulağın eşitmədiyi, heç bir insanın təsəvvür edə bilməyəcəyi (Müslim, İman, 312) cənnətdəki ləzzətləri çox uzaqlarda görərək ikinci plana atır. Günah ləzzətləri həmən əlinin altında hazır olduğu üçün bunlara meyl edir. Həmçinin insan bir ay sonra həbsə girməkdən daha çox elə indicə yeyəcəyi bir şillədən qorxar. Bu düşüncəyə görə cəhənnəm əzabı çox uzaqdadır. Allah da onsuz da çox bağışlayan və əfv edəndir. Lakin bu günaha təşviq və ya günahda israr kimi qəbul edilməməlidir.

Çox acan şəxs bir restorana daxil olaraq iki porsiya yemək sifariş verir. 10-15 dəqiqə gözləməli olduğu üçün bu adam masadakı quru çörəyi yeyərək mədəsinin yarısını bununla doldurur. Yaşadığımız əsrin bir xüsusiyyəti budur ki, fani və qısa olan dünya həyatı baqi və əbədi olan axirət həyatına nisbətlə daha cazibəli gəlir.

Belə demək hər halda yalnış olmazdı: “Şər və çirkinliklərlə mübarizə aparmaq insan olmanın alın yazısıdır”. İnsandakı şəhvət, qəzəb və nəfs, şeytanın vəsvəsələrini qəbul edən, ona itaət etməyə meyilli hissiyyatlardır. Bu kimi hissiyatların təzyiqi ilə insan günaha bulaşır. İnsandakı şeytanın vəsvəsələrinə meyilli hissiyyatların qələbə çalmasından ibarət keçici bir vəziyyətdir. Əgər günah işləmə dindən çıxma və küfr hesab olunsaydı, bu insanların qüvvələrinin yetəcəyi bir məsuliyyət olmazdı. Bununla bərabər imanın gücündə həmişə azalma ya da çoxalma ola bilər. İmanın gücü ibadət, Allahdan layiqincə qorxmaq (təqva) və təfəkkür ilə artar, günah, nəfsin arzularına tabe olaraq zamanı boşa xərcləmə və Allaha qarşı gəlmə ilə də azalar. Bu səbəblə günahdan sonra dərhal Allahdan bağışlanma diləyib yaxşılıq etmək lazımdır ki, imanın əksilən gücü yerinə gəlsin.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top