NAZİM MUSTAFAYEV

Peyğəmbər alicənablığı

Peyğəmbər alicənablığı

NAZİM MUSTAFAYEV

Alicənablıq, səxavət, nəciblik və s. kimi gözəl əxlaq nümunələrinə Peyğəmbərlərin həyatında rast gəlirik. Hətta deyə bilərik ki, üstün əxlaqi keyfiyyətlərin mənbəyi peyğəmbərlərin həyatıdır. Onların tərbiyəçisi də hər hansı bir bəşər deyil, Cənab Allahdır (c.c.).Bu səbəblə məziyyət bildirən ifadələrin heç biri ilə peyğəmbərlərin üstün vəsflərini ifadə etmək mümkün deyil. Ən alicənab, ən nəcib insan belə əxlaqi keyfiyyətlərdə bir peyğəmbərlə yarışa bilməz. Bu yazıda Misirdə maliyyə naziri olmuş Yusif peyğəmbərin bir sıra alicənablıq nümunələrindən bəhs etmək istəyirəm.

Fərdi inkişafla bağlı nailiyyət əldə etmənin yolları, insanın potensial bacarığının fərqinə varması kimi mövzularda müxtəlif seminar və kitablara tez-tez rast gəlirik. Bəs görəsən insan zirvələrə qalxandan sonra orada mənən büdrəmədən qala bilirmi? İnsanlar arzu etdiyi həyatı, arxasınca qaçdığı məqam və mövqeyi əldə edəndən sonra bu müvəffəqiyyəti necə izah etməlidir? Belə bir məqamda insan nailiyyətlərini məhz özünə aid edə bilərmi? Gəlin bu məsələyə Yusif peyğəmbərin həyat nöqteyi-nəzərindən baxaq.

Quyuya atılma, Misir bazarında ucuz qiymətə kölə olaraq satılma, kralın xanımının onu başdan çıxarmağa cəhd etməsi, yeddi illik həbs həyatı və s. Bunlar hələ Yusif peyğəmbərin Misirdə vəzir olmadan başına gələn əhvalatlar idi. Yusif peyğəmbər qardaşlarının atdığı quyudan, Zuleyxanın qurduğu tələdən, zindandan, ona isnad edilən günahlardan üzü ağ çıxmışdı. O hər şeyə sıfırdan başlamışdı. Vaxt gələcək Misirin dövlət xəzinəsi onun öhdəliyinə və idarəsinə veriləcəkdi. Ancaq Yusif peyğəmbər yüksəldikcə Allaha bağlılığı daha da artmış, hər ötən gün daha da təvazökar etmişdi.

O hüzuruna gələn bütün ailə fərdlərini bağrına basmışdı. Keçmişdə baş verən hadisələrin heç birini xatırlamamış, üzə vurmamışdı. Gücü ilə öyünmək, nailiyyəti ilə qürurlanmaq üçün əldə fürsət var idi. Onun yerində dünya iqtidarını ələ keçirməyə müvəffəq olmuş başqa bir şəxs olsaydı bəlkə də sadalananların hamısını edərdi. Ancaq o belə etmədi. Qardaşlarının gözündə, bir vaxtlar qısqanclıqlarına görə öldürmək istədikləri, quyuya atdıqları şəxsindi taxtda oturmuşdu.

Yusif peyğəmbər bütün ailə üzvlərinə belə səsləndi: “Rəbbim mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən yanıma gətirdi. Bizi bir-birimizə qovuşdurdu” (Yusuf, 12/100).

Gəlin bu ayəni bir az təhlil edək... Əslində Yusif peyğəmbər keçmiş dəftərləri açaraq ortaya tökə bilərdi. Ancaq, “Şeytan mənimlə qardaşlarımın arasını vurdu” (Yusuf, 12/100) deyərək günahı qardaşları ilə özünün arasını pozan şeytanın üzərinə atdı.Yusif peyğəmbərin müdrikliyinə nəzər yetirək... Qardaşlarını utandırmamaq üçün onu quyuya atmalarından söhbət açmır. Qadınların iftirasına qurban gedərək yeddi il zindanda qalmasından danışmır. Aradakı kin və düşmənçiliyin onların arasına şeytanın qoyduğunu deyir. Bir sözlə, onları bağışlayır, gələcəyə dair yeni bir səhifə açır.

Yusif Peyğəmbər “mən sizi çöldən yanıma gətizdirdim” deyə bilərdi. Çünki o vəzir idi. Həqiqətəndə atası Həzrət Yaqubu, anası və qardaşlarını məhz Yusif Peyğəmbər öz yanına çağırmışdı. Ancaq edilən yaxşılığı özündən bilmirdi. Ailə üzvlərinə “Rəbbim sizi çöldən yanıma gətirdi” (Yusuf, 12/100) demişdi.

Onun bu davranışı peyğəmbərlik vəzifəsinə nə qədər layiq olduğunu göstərir. Mənəvi keyfiyyətlərdən kasad olan bir şəxsin məqam və vəzifəsi yüksələndə bu onun eqosunun artmasına səbəb olur. Nəcib insanlar yüksələndə isə bu onları daha da təvazökar edir.

Nəticə olaraq demək olar ki, insanlar robotlar qədər dəqiq və sürətli işləyə bilmir. Hətta onlar bizdən daha “ağıllı” iş görürlər. Əsl insani keyfiyyətlər robotların daha yaxşı gördüyü işlərdə onlarla rəqabət aparmaq deyil. Əsl insani keyfiyyətlər əfv edici və bağışlayıcı olmaq, qürur və kibirə qapılmamaq, nəciblik və təvazökarlıq kimi hissləri həmişə özündə canlı tutmaqdır. Quranda “Ən gözəl qissə” (Yusuf, 12/3) adlandırılan Yusif peyğəmbərin həyatında da bu dəyərlərin təlqin edildiyini görürük.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top