NAZİM MUSTAFAYEV

Nəzər nöqtəsi və Quran

Nəzər nöqtəsi və Quran

NAZİM MUSTAFAYEV

İslam alimlərindən biri 30 illik təhsil həyatında öyrəndiyi ən mühüm məsələlərdən birinin nəzər nöqtəsi olduğunu demişdir. Nəzər nöqtəsi və ya baxış bucağı çox mühüm amildir. Bir insan haqqı və həqiqəti görə bilər. Ancaq dayandığı mövqe etibarilə o haqq və həqiqəti qəbul etməyə yanaşmaz. Bəzi Məkkə müşrikləri səhabələr qədər haqqı görə bilirdilər. Ancaq nəzər nöqtələri, onların iman gətirməsinə mane olurdu. Müşriklərlə səhabələri bir-birindən ayıran əsas məqamlardan biri məhz nəzər nötqəsi və baxış aspekti idi.

Qurana dair elə həqiqətlər var ki, onu görmək, hiss etmək və duymaq lazımdır. Bunu yalnız sözlə ifadə etmək yetərli deyil. Elə qərb alimləri və siyasətçiləri olub ki, Quranın İslam aləmindəki yerini, müsəlmanlar üzərindəki təsirini, çox yaxşı görmüş və anlamışlar. Ancaq baxış bucaqları fərqli olduğundan nəinki Quranla daha da sıx əlaqədə olmaq, əksinə, müsəlmanların Quranla olan əlaqələrini kəsmək istəmişlər.

Quran 14 əsr ərzində yüzminlərlə alimin yetişməsində, insanlığa hüzur və ədalət gətirməsində, İslam mədəniyyətinin formalaşmasında birinci mənbə olmuşdur. Hədis, kəlam, təfsir, fiqh, siyər və s. bir çox elm sahələrinin təşəkkül və inkişaf etməsində Quran əsas rolu oynayır. Quran hər hansı bir elmin təsiri altında qalmamış, bir sıra elmləri özündə ehtiva etmişdir. İnsan su olmadan, günəş işığı olmadan yaşaya bilmədiyi kimi, uca dinimiz İslamı da Quransız təsəvvür etmək mümkün deyil.

Bu həqiqətləri Böyük Britaniyanın müstəmləkə naziri Qladston da çox yaxşı görürdü. 35 minlik şəxsi kitabxanasında İslama dair bir sıra əsərlər də var idi. Ancaq nəzər nöqtəsi ona fərqli şeylər söylədirdi. O parlamentin icmalar palatasında əlinə Qurani-Kərimi alaraq məclis üzvlərinə belə səslənmişdi: “Bu Quran müsəlmanların əlində olduğu müddətcə biz onlara hakim ola bilmərik. Nə bahasına olarsa olsun, Quranı ortadan qaldırmalı, yaxud müsəlmanları ondan soyutmalıyıq”. O, bu sözləri ilə digər Avropa ölkələrini ətrafında toplamaq, hədəf birliyinə nail olmaq istəyirdi. Qladstonun bu sözlərinə böyük İslam alimlərindən biri belə cavab vermişdi: “Quranın sönməz və söndürülə bilməz mənəvi bir günəş olduğunu dünyaya isbat edəcək və göstərəcəyəm!”

Fərqli prizmadan yanaşdığı üçün haqqı qəbul edə bilməyən yalnız Qladston deyildi. Məkkə müşriklərindən Amr ibn Hişam da (məşhur adı ilə Əbu Cəhl) bir dəfə and içərək Allah Rəsulunun (s.ə.s.) oxuduğu ayələrin haqq olduğunu demişdi. Ancaq sırf qəbilə təəssübkeşliyi onu haqqı qəbul etməyə mane olurdu.

Quran insanlara doğru yolu göstərir. Ancaq Quranı başa düşmək üçün qərəzdən, kin və nifrətdən, qeyri-obyektiv yanaşmadan qurtulmaq lazımdır. Bir ayədə belə buyurulub: “Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?” (Muhamməd, 47/24). Ürəklərinə kilid vurulmaqdan məqsəd qərəzli baxış tərzinə görə Quranı anlaya bilməməkdir. Bir az elm və mədəniyyətə sahib olan, özünü qərəzli yanaşmadan qoruya bilən insaflı bir insan diqqətlə oxuyarsa, bilgi və xoş niyyətinin ölçüsünə görə Qurandan nəsibini ala bilər.

Bu yaxınlarda dünyanın hal-hazırki ən güclü raketi ilə fəzaya “Tesla Roadster” adı verilən bir avtomobil göndərildi. Elm dünyası bunu tarixə keçəcək bir hadisə kimi dəyərləndirdi. Avtomobildəki “İnsanlar tərəfindən dünyada istehsal edilmişdir” (Made on Earth by humans) ifadəsi, bizi kainatın yeganə sakinləri olmadığımız hisslərinə apardı. Günün birində sözün əsl mənasında yad planetdən dünyamıza “qonaqlar” gəlsə, onların dilini başa düşsək, bu da çox qeyri adi bir hadisə olardı. Zənnimcə, bunlardan daha qeyri-adi bir hadisə aləmlərin Rəbbi tərəfindən bəşər övladı üçün Quranın nazil edilməsidir” (Vaqiə, 56/80). Bu ucsuz-bucaqsız kainatın Yaradıcısının (c.c.) bizə səslənməsi, bizi özünə müxatəb seçməsi və bizim bu həqiqəti dərk etməyimiz, bunun fərqində olmağımız əsl qeyri-adi hadisədir.

Nəticədə, deyə bilərik ki, sosial rifah nə qədər artsa da, elm nə qədər inkişaf etsə də, Quranın rəhbərliyinə həmişə ehtiyac var. Dindən və mənəvi dəyərlərdən uzaqlaşan cəmiyyətdə hüzuru, əmin-amanlığı təmin etmək çox çətindir. Qəlblərə fəzilət hissini, yüksək mənəvi keyfiyyətləri aşılamaq mümkün deyil. Belə mühitdə yetişən nəsillərin ağıl və zəkaları inkişaf edə, fiziki cəhətdən güclü ola bilərlər. Ancaq ruh və vicdanları, mənəvi keyfiyyətləri inkişaf etməz. Halbuki Cənab Allah (c.c.) insanın hüzurlu və dinc, əxlaqlı və fəzilətli bir şəxs kimi formalaşmasının resseptini bizə Quranda təqdim edir.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top