NAZİM MUSTAFAYEV

Səmud qövmündən günümüzə mesajlar - 3

Səmud qövmündən günümüzə mesajlar - 3

NAZİM MUSTAFAYEV

Səmud qövmündəki elit zümrə: “Biz Salehin gətirdiklərinə və onun Peyğəmbərliyinə iman gətirməyəcəyik” (Əraf, 7/76) demişdilər. Onun peyğəmbərliyinə dair bir dəlil, bir sübut istəyirdilər. Halbuki dəlil və sübut göstərilsə də, yenə inanmayacaqdılar. İqtisadi və siyasi gücü əllərində saxlayan bu zümrə Saleh peyğəmbərin dəvətinin cəmiyyətdə maya tutmasını istəmirdilər. Əgər özləri iman etsəydi, həyat tərzlərini dəyişəsi idilər. Bunu özləri də çox yaxşı bilirdilər. Heç kimə zülm edə bilməyəcək, haqsız qazanc mənbələri kəsiləcəkdi. Bir sözlə, iman etdikləri halda itirəcəkləri çox şeyləri var idi. Bu hadisələr bütün peyğəmbərlərin göndərildiyi, həmçinin İslamın zühur etdiyi ilk dövrlərdə yaşananların eynisi idi.

Səmud qövmü dövrünün ən “mədəni” insanları idi. Onları o qədər də axmaq və ağılsız hesab etmək olmazdı. Bugünə kimi çatmış əsərləri onların sosial vəziyyətlərini qismən bizə xəbər verir. Dünyəvi iş və vəzifələrini böyük bir ağıl və dərrakə ilə icra edirdilər. Buna görə şeytanın onları aldataraq yoldan çıxardığını demək doğru olmaz. Onlar şeytanın göstərdiyi yola öz arzu və mənfəətlərinə uyğun gəldiyi üçün bilərək və şüurlu şəkildə tabe olmuşdular. Nəfsə xoş gəlmədiyi, əxlaqi məhdudiyyətlər gətirdiyi üçün peyğəmbərin göstərdiyi yoldan boyun qaçırmışdılar. Bu barədə Quranda belə burulmuşdur:

“Şeytan (çirkin) əməllərini onlara gözəl göstərib gözləri görə-görə onları haqq yoldan çıxardı” (Ənkəbut, 29/38).

Dövrünə görə olduqca yüksək və mədəni həyat yaşayan Səmud xalqının bir sıra mənfi xüsusiyyətlərini Quran bizə xəbər verir. Əslində, bu mənfi xüsusiyyətlər Səmudun tarixdə itib batmasına səbəb olan amillər idi. Onlar təkəbbürlərinə görə iman gətirməyi özlərinə ar bilirdilər (Əraf, 7/75-76). Saleh peyğəmbərin onlara etdiyi xəbərdarlıqları yalan saymışdılar (Qəmər, 54/23). Peyğəmbərə tabe olmağı dəlilik və yoldan çıxmaq kimi görürdülər (Qəmər, 54/24). Onlar peyğəmbərlərinə: “Sən əməlli başlı ovsunlanmışsan! Divanənin birisən!” deyirdilər (Şüəra, 23/153). Uca Yaradana (c.c.) şirk və ortaq qoşmaqda atalarının yolunda gedirdilər (Hud, 11/62). Peyğəmbərin çağırdığı həqiqətlərə şübhə ilə baxırdılar (Hud, 11/62). Dini cəhətdən xəyal və xürafat içində, bayağı və fəhmsiz halda idilər. Bu səbəblə Həzrət Salehə: “Biz sənin və səninlə birlikdə olanların ucbatından uğursuzluğa uğradıq” (Nəml, 27/47) deyirdilər.

Ümumiyyətlə, Peyğəmbərləri inkar edən qövmlər onlara əzabın gəlməsini istəmiş və ya bir möcüzə tələb etmişlər. Bu hadisə ilə Səmud qövmündə də qarşılaşırıq. Belə davranışlar sağlam psixologiyanın məhsulu deyil. Bu tələblər vəhyə qarşı korluq meydana gətirər, insanları heç vaxt imana aparmaz. Səmud qövmü Cənab Allahın onlara verdiyi möcüzə dəvəni vəhşicəsinə öldürmüş, sonra da istehza ilə: “Ey Saleh! Əgər həqiqi peyğəmbərlərdənsənsə, bizi qorxutduğun əzabı gətir görək!” demişdilər (Əraf, 7/77).

Dəvəni yalnız bir nəfər öldürsə də, Quran ayələrində Səmud qövmündəki hərkəs bu cinayətdən məsul tutulmuş, hamı bu günahın ortağı sayılmışdır(Şəms, 91/12-14). Çünki bütün qəbilə o şəxsə arxa çıxmış, onu qorumuş və dəstəkləmişdi. Səmud qövmü daha da irəli gedərək əzabın gəlməsini Həzrət Salehdən (a.s.) tələb etmiş, bunu onun peyğəmbərliyinə bir dəlil olaraq qəbul edəcəklərini söyləmişdilər. Ancaq yaddan çıxarmışdılar ki, istədikləri əzab gələndə özləri həyatda qalmayacaq.

Səmud qövmünün yaşadığı bölgə vulkanik mənşəli idi. Onların bir vulkan partlaması nəticəsində həlak olduğunu deyənlər var. Ayələrdəki ifadələr də bunu deməyə əsas verir. Tələb etdikləri əzab artıq onlara gəlmişdi. Onları dəhşətli bir sarsıntı (Əraf, 7/78), qorxunc (tükürpədici) bir səs bürüdü (Hud, 11/67). Onları qazandıqları günahların ucbatından zəliledici ildırım əzabı yaxaladı (Fussilət, 41/17). Səmud qövmü açıq-aydın bir imtahan yaşadı. Həzrət Saleh (a.s.) və inananlar xaric bu fəlakətdən heç kəs qurtulmadı.

Nəticə etibarilə, demək olar ki, sahib olduqları sərvət və müəyyən səviyyədəki sənət və mədəniyyət anlayışları Səmud qövmünə əxlaq və fəzilət verə bilməmişdi. Quranda bu məqama xüsusilə işarə edilir, millətlər xəbərdarlıq edilir. Yalnız iqtisadi inkişaf, sənət və sənayedə müəyyən mərhələlər qət etmək bir millətin yaşaması, ayaqda dura bilməsi üçün yetərli deyil. Vicdanları inkişaf etdirəcək, ruhu aydınlatacaq, müqəddəs dəyərlərə hörmət aşılayacaq, Uca Yaradanı (c.c.) tanıdacaq və ona bəndə olmağı öyrədəcək bir təlim-tərbiyə anlayışına da ehtiyac var. Əks halda böyüməkdə olan yeni nəsilləri sürətlə yaxınlaşdıqları uçurumdan geri döndürmək çox çətin olacaq. Necə ki, Səmud qövmü də belə bir uçurumun kənarında dayanmışdı.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top