NAZİM MUSTAFAYEV

Səmud qövmündən günümüzə mesajlar - 2

Səmud qövmündən günümüzə mesajlar - 2

NAZİM MUSTAFAYEV

Bu günə qədər gəlib çatmış hekayələr, qədim tikililər, tarixi əlyazma əsərlər və baş vermiş hadisələr bizə əvvəlki qövmlər haqqında qismən xəbər verir. Ancaq hadisələrin əsas məğzi, mədəniyyətlərin tənəzzülü və tarix səhnəsindən silinmə səbəblərini müəyyən etməkdə insanlar bəzən çətinlik çəkir. Tarixə baxış tərzi, tarixi hadisələri oxumada nəzər nöqtəsini bəzən insanlar itirir. Bu məqamda Quran ayələri bizə yol göstərir, qayda və düsturlar verir.

Quran ayələri Səmud qövmünün tənəzzülü və tarix səhnəsindən silinməsi ilə bağlı mühüm məqamlara toxunur. Cildlərlə kitablar oxunsa, bölgədə arxeolijik tədqiqatlar aparılsa, ayələrin bizə təqdim etdiyi bu incə məqamlardan daha artığını verə bilməz.

Səmud qövmü və onlardan qalan xarabalıqları Quran nazil olmadan əvvəl də insanlar bilirdi. Məkkədən Şama gedən ticarət karvanları Səmud qövmünün xarabalıqları arasından keçirdi. Ancaq bu qövm haqqındakı məlumatlar dillərdə və kitablarda pozulmuş və xürafata qarışmışdı. Bu qövmdən bəhs ediləndə insanlar yalnız uşaqların nağıl dinləyərkən aldıqları həzzi alırdılar. Əvvəlki qövmlərlə bağlı ayələr nazil olduqca inananlar tarixə yeni və mühüm bir baxış aspekti qazandılar.

Saleh peyğəmbərin dövründə Yaradanı (c.c.) inkar etmək dəyişməz bir qanun idi. Bunun əksini iddia etmək isə sosial dəyərlərə qarşı çıxmaq kimi başa düşülürdü. Saleh peyğəmbər əbədiyyətə qədər firəvan yaşayacaqlarını zənn edən Səmud qövmünü bu qəflətdən oyandırmağa çalışırdı.

Səmud xalqı sənətdə, memarlıqda üstün səviyyədə idilər. Ancaq haqq dindən çoxdan uzaqlaşmışdılar. Cəmiyyətdə əxlaqi tənəzzül baş alıb gedirdi. Zənginlər ən zəngin, fəqirlər də fəqirliyin ən alt mərtəbəsində idi. Bu mənada sosial həyatda uçurumlar var idi. Səmud qövmünün elit təbəqəsi evlərini ən sağlam qayaların içində yonurdu. Göstəriş xatirinə yonulan bu hündür tikililər zəngin və fəqir arasındakı uçurumu da bizə göstərir, gəlir ədalətsizliyindən xəbər verir.

Quran ayələrində Səmud tayfasının yaşadığı Hicr şəhərində fitnə-fəsad törədən, əsla yaxşı bir iş görməyən doqquz şəxs və ya doqquz qrupdan bəhs edilir (Nəml, 27/48). Bu şəxslərin xalq arasında böyük bir nüfuzu var idi. Hər yolla insanlara əziyyət etmək onların gündəlik işi olmuşdu. Cəmiyyətin əxlaqsızlaşdırılması üçün xüsusi cəhd göstərirdilər. Şəhərdə hansı cinayət və sui-qəsd olsa, arxasından bu qrup çıxırdı. Şəhərdəki ən dəyərli nemət olan su anbarları onların əlində cəmlənmişdi. Fəqir təbəqədən Saleh peyğəmbərə iman edənlər olsa da, xüsusilə bolluq içərisində və firəvan həyat yaşayan bu təbəqədən iman edən olmamışdı.

Hz. Saleh (a.s.) belə bir vaxtda peyğəmbər olaraq göndərilmiş, onlara qurtuluş yolu göstərmişdi (Əraf, 7/73). Cəmiyyətdə zərərsiz və “Allah adamı” olaraq tanınan Hz. Saleh (a.s.) bir anda bəyənilməyən insana çevrilmişdi. İnsanların, hətta heyvanların belə haqq və hüquqlarından danışan bir insan onlara görə artıq təhlükəli idi.

Həmin qrupa görə cəmiyyətdə yalnız “biz və digər kölə təbəqə!” var idi. Başqa cür ola bilməzdi! Özlərinin içərisindən çıxan bir şəxs necə peyğəmbər ola bilərdi! Peyğəmbər gələcəksə də, bir insan deyil, mələk olmalıydı. Onlar belə düşüncələrə qapılmışdılar. Halbuki özləri həlak edilmiş Ad qövmünün davamı idilər. Ulu babalarına Hz. Hud (a.s.) peyğəmbərlik etmişdi. Onlar həlak edilmiş bir qövmdən qurtulan mömin bəndələrin uşaqları idilər. Onlar bunu unutmuşdular.

Hz. Saleh (a.s.) qövmü arasında hökmü və sözü keçən bir insan idi. Əvvəla, o bir Peyğəmbər idi. Onu yolundan daşındırmaq mümkün deyildi. İman gətirməyi özlərinə sığışdırmayan qövmün təkəbbürlü başçıları iman gətirən yoxsullara təzyiqlər edirdilər. “Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbər olduğunu bilirsinizmi?” – deyə soruşurdular. Məqsədləri Saleh peyğəmbərə iman edən möminləri yollarından döndürmək, onların qəlblərinə şübhə atmaq, Allahın elçisini yalnız buraxmaq idi. Ancaq bu baş tutmadı. İnananlar Saleh peyğəmbəri tərk etmədilər. “Biz onunla göndərilən hər bir şeyə, bütün dini hökmlərə inanırıq!” dedilər (Əraf, 7/75).

Qayalıqlarda mədəniyyət qurmuş Səmud qövmü bir imtahandan keçirdi. Əslində, bu imtahanın mahiyyəti onların tarixdə iz qoyduqları mədəniyyət qalıqlarından daha mühüm və daha əhəmiyyətli bir məsələdir.

Mövzunu davam etdirəcəyik...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top