NAZİM MUSTAFAYEV

Həzrəti Musa və su başındakı qızlar

Həzrəti Musa və su başındakı qızlar

NAZİM MUSTAFAYEV

Həya və utanma hissi ilə bağlı çox şey deyilib. Çox söz söylənib. Hətta bir hədisdə: “Utanmadıqdan sonra istədiyi et” (Buxari, Ədəb 78) buyurulub. Quranda da məhz utanma hissinin vurğulandığı ayələr var. Həzrəti Musanın su başında qarşılaşdığı iki qızla aralarında keçən dialoq buna misaldır. Peyğəmbər tərbiyəsində böyümüş iffətli və fərasətli iki qızla Həzrəti Musa bir su başında qarşılaşırlar. "Qəsəs" surəsində keçən bu hadisəyə Quranın xəbər verdiyi yad bir kişi ilə yad bir qadının dialoqu kimi də baxmaq olar.

Quran qissələrində bizə söylənən hər bir söz, hər bir dialoq Cənab Allahın (c.c.) seçimidir. Bu qissələrdəki hər bir ifadə, hadisə və əhvalat xüsusi olaraq seçilmişdir. Əslində hər bir qissə, həmin situasiyada sair insanların necə davranması gərəkdiyini bizə söyləyir. Məsələyə belə baxsaq, Quranla ünsiyyətə keçə bilərik. Hər bir ayənin bizə xitab etdiyini anlaya bilərik.

Həzrəti Musa Fironun əsgərlərindən qaçaraq Misiri tərk etmişdi. Yeddi günlük məsafədən sonra Mədyən torpaqlarında bir su quyusunun başına çatmışdı.

Mədyəndə su quyusunun başında çox insan var idi. Bir az da hərc-mərclik hiss olunurdu. Kənarda çobanlıq edən iki gənc qız dayanmışdı. Qızların halında bir qəribəlik sezilirdi. Sanki layiq olmadıqları bir işi edirdilər. Qoyunları otarmaq onlara görə bir iş deyildi. Həmçinin su başında onlara haqsızlıq edilirdi. Elə görünürdü ki, oradakı şəxslər insanlıq və mədəniyyətdən uzaq idilər. Qoyunlarını sulamaq istəyən bu iki qıza su başında növbə vermək istəmirdilər. Həzrəti Musa məsələnin mahiyyətini öyrənmək məqsədilə qızlardan nə üçün uzaqda dayandıqlarını soruşdu. (Qəsas, 28/23).

Onlar atalarının yaşlı bir şəxs olduğunu, bu səbəblə qoyunları özlərinin otardığını dedilər. Çobanlarla heç bir dialoq qurmadıqları halda güclü və əmin bir şəxs olan Həzrəti Musaya öz məramlarını demişdilər. Əslində qızlar özlərinin gücsüz, atalarının yaşlı olduğunu deməklə dolayı şəkildə kömək istəmişdilər. Mənbələrdə qeyd edildiyinə görə, bunlar Həzrəti Şuayb peyğəmbərin qızları idilər. Həzrəti Musa Fironun sarayında böyümüşdü. Uzun yol gəlməsinə və yorğun olmasına baxmayaraq güclü və cüssəli idi. Qoyunları sulamaq üçün bu iki qıza kömək etdi (Qəsas, 28/23-24). Sonra da kənara çəkilərək belə dua etdi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!”(Qəsəs, 28/24). Çantasında yeyəcək heç nə qalmamışdı. Günlərdir çöldəki otlardan başqa yeməyə bir şey tapmamışdı. Ac, susuz idi. Cənab Allaha (c.c.) yalvararaq bir mədət istəmişdi.

O günü qızlar qoyunlarını erkəndən sulaya bilmiş və evə tez çatmışdılar. Ataları səbəbini soruşanda qızlar da başlarına gələn əhvalatı danışmışdılar. Ailə comərd və vəfakar idi.

Birazdan iki peyğəmbər görüşəcəkdi. Atası qızlardan birini göndərərək xeyirxah əməlin qarşılığını vermək məqsədilə Həzrəti Musanı yanına çağırdı. Quranda bu haqda belə buyurulub: “İki qızdan biri utana-utana Həzrəti Musanın yanına gələrək belə dedi: “Atam qoyunlarımızı sulamağının haqqını verməkdən ötrü səni çağırır!” (Qəsəs, 28/25).

Ayədə gənc bir qızın yad bir kişi ilə qarşılaşanda həya duyması və utanmasından bəhs edilir. Həya və utanmaq həm kişi, həm də qadın üçün gözəl bir duyğudur. Qəsas surəsində iffətli qadın və kişi modelləri Həzrəti Musa və Həzrəti Şuaybın qızları üzərindən bizə tədqim olunur. Düzdür, iffət duyğusu daha çox qadınlara yaraşır. Ancaq iffət təkcə qadına xas bir fəzilət deyildir. Kişi də iffətli olmalıdır. Həzrəti Musa bu mövzuda öz davranışları ilə nümunədir.

Məhrəm bir kişi ilə qarşılaşanda bir qızın utanması, iffətli və tərbiyəli olmasının və fitrət təmizliyinin gərəyidir. O qız utanma və həya hissi ilə gələrək atasının dəvətini çatdırmışdı. Nazlanma, əzilib-büzülmə, cilvə, gözəl görünməyə çalışma kimi xüsusiyyət onda yox idi. Gözəl bir atanın qızı və namuslu bir ailəyə mənsub idi.

Sözü uzatmadan, çox açıq, dəqiq və aydın şəkildə söyləmişdi. Bu eyni zamanda təmiz fitrətin əlamətidir. Təmiz fitrətə sahib olan qızlar məhrəm bir kişi ilə qarşılaşanla, onunla danışanda utanarlar. Ancaq doğruluqlarına olan güvənə görə sözü uzatmadan söyləyərlər, gərəkdiyi qədər danışarlar. Qarşısındakı şəxsi təhrikedici hər hansı söz və davranışdan uzaq durarlar.

Quran qissələrindəki əsas qayə tarixi hadisələrin ətraflı şəkildə nəql edilməsi deyildir. Bu səbəblə qissələrdə əsasən hadisələrin ibrət alıcı mahiyyəti vurğulanır. Qissələrdə ibrət verici mahiyyəti olmayan, şəxslər, zaman və məkan, hadisələrin xronoloji sıralanması kimi xüsuslar yoxdur. Əsas məqsəd keçmişdə yaşanan hadisələr və şəxsləri göstərərək insanlara ibrət və nümunə verməkdir.

Gəlin biz də Quranın hər bir ayə və kəliməsindən özümüzə dərslər götürməyə çalışaq...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top