NAZİM MUSTAFAYEV

“Qavli-ləyyin” və ya yumşaq söz

“Qavli-ləyyin” və ya yumşaq söz

NAZİM MUSTAFAYEV

Hər hansı sözün, həqiqətin və ya ticari məhsulun insanlara təqdim edilmə şəkli çox vacib məsələdir. Mahiyyətindən asılı olmayaraq hər hansı bir şeyin gözəl təqdim olunması onun alınması və qəbul edilməsini də asanlaşdırır. Misal üçün, müştəriyə acı söz söyləməklə, onu təhqir etməklə, onu nə isə almağa sövq etmək olarmı? Hər halda bu mümkün deyil. İnsanlar şirin dil, mülayim üslubla təqdim edilən şeyləri qəbul etməyə daha çox meyillidirlər. Günümüzdə marketinq və ya satış təlimləridə əsasən bu prinsiplər üzrə qurulub. Ancaq insanlarla şirin dillə danışmağın, mülayim üslubla müraciət etməyin tarixi çox daha qədimdir. Bəlkədə elə bəşər övladı ilə eyni yaşdadır.

Həzrəti İbrahimin (ə.s.) atası bütpərəst idi. Bütlərə sitayiş edirdi. Allaha iman etməmişdi. Müsəlman deyildi. Buna baxmayaraq, Həzrəti İbrahim (ə.s.) atasını imana dəvət edəndə sevgi qoxan ifadələrlə, şirin və yumşaq dillə müraciət edirdi. Oğlu olduğu üçün atası Həzrəti İbrahimi (ə.s.) kiçik görə bilərdi. Ancaq üslub heç zaman dəyişməyəcəkdi...

Quranda belə buyurulub: “İbrahim atasına belə səslənirdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?” (Məryəm, 19/42). Ardınca gələn ayələrdə də yenə: “Atacan!”, “Atacan!”, “Atacan!”, ifadələri davam edir.

Nəsihət edərkən yumşaq dildən istifadə etmək çox vaxt insanları deyilən sözü dinləməyə sövq edir. İnsanları azarlamaq, alçaldıcı söz söyləmək isə aradakı körpüləri yıxır. Hər bir insanda özünə xas qürur və inadkarlıq hissləri var. Şirin dil və yumşaq üslabla yanaşmadıqca insanlar bir təklifi, yeniliyi qəbul etməzlər.

Bir İslam alimi belə bir sual səsləndirmişdir: “Neçə nəfərin qatilisən?” Yəni, üslubsuz və metodsuz danışığa, hərəkətə görə neçə nəfəri İslamdan soyutmusan? Canlı nümunə görsələr, doğru üslubla qarşılaşsalar İslamı sevən, qəbul edən insanların sayını təxmin etmək o qədər çətin olmaz. Quranda xəbər verildiyi üzrə, hətta peyğəmbərlər belə Allahın dinini insanlara təbliğ edib-etməmələri haqqında sorğu sual ediləcəklər (Araf, 7/6). Bu minvalla cavabının tapılması gərəkən bir sual ortaya çıxır... Müsəlman kimliyi ilə qeyri səmimi əməllər nümayiş etdirmək, insanların xəyal qırıqlığına düşməsinə, İslamdan soyumasına səbəb olmaq görəsən, nə qədər böyük günahdır?

Bir Quran ayəsində belə buyurulub: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et” (Nəhl, 16/125).Hikmətlə, yəni, xitab edilən şəxsin əqli səviyyəsinə müvafiq şəkildə söz söyləmək çox vacibdir. Bir mesajı bacarıq və qabiliyyətini nəzərə alaraq, şirin dillə, mehribanlıqla insanlara çatdırmaq olduqca mühümdür.

Sərtliklə və qəzəblə heç bir məqsədə nail olmaq mümkün deyil. Cənab Allah (c.c.) Həzrəti Musanı (ə.s.) əsrin Fironuna dini təbliğ üçün göndərmişdi. Quranda Allah qatında ən böyük günah olan Ona ortaq qoşma, ilahlıq iddiasına düşmə kimi əməllərin sahibi Firona belə şirin dil və yumşaq üslubla müraciət etmək əmr olunub: “Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Taha, 20/43-44).

“Mən ilaham!” deyən şəxsə qarşı yumşaq davranmaq lazımdırsa, “Rəbbim Allahdır!” deyənlərə qarşı kobud və qırıcı sözlərlə rəftar etmək nə qədər doğru olar? Kobud və qırıcı sözlər qarşı tərəfdə haqq sözün qəbul edilməsinə əngəl törədir. Muxatəbin hirs, inad və qürurunu artırır. Ancaq yumşaq söz qarşı tərəfin inad və qürur damarına toxunmadan bir başa onun vicdanına səslənir.

Hərçənd, bəzi Quran aylərində inancsızlara qarşı sərt üslubdan istifadə edilmişdir. Ancaq sərt üslubun müxatəbi şəxslər deyil, bu mülhid və inkarçı şəxslərin şər əməlləri, dilə gətirdiyi inkar düşüncələridir.

Diqqət edilməsi gərəkən bir xüsus da var ki, yumşaq dil ilə bir şeyi müzakirə etmək, Həzrəti Musa (ə.s) nümunəsində olduğu kimi duyğu və düşüncələrin qarşılıqlı danışılması üçün bir zəmin hazırlayır. Belə bir zəminə bugünkü dünyada çox ehtiyac var.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top