ƏLİ ÇƏRKƏZOĞLU

"Vorzakon"lar niyə bu qədər sevilir?

"Vorzakon"lar niyə bu qədər sevilir?

ƏLİ ÇƏRKƏZOĞLU

Bir qədər əvvəl xəbər portallarında qadın sənətçilərlə "yeraltı dünya"nın yaxın əlaqələrini göstərən siyahı yayılmışdı. Əslində o siyahı yeni bir şey deyildi, illərdən bəri eşitdiyimiz söz-söhbət idi. Cəmiyyətimizdə kriminal aləmə rəğbət inkar olunmur. Aparılan rəy sorğuları da bunu təsdiqləyir. Xüsusilə də Qoca ilə bağlı cərəyan edən son hadisələr, Fədayə ilə yaşadıqları eşq macəraları, bu xanım sənətçinin ölümü gözə alaraq Qoca üçün qatlandığı fədakarlıqlar az qala "Leyli-Məcnun" sevgisi qədər böyük rəğbət qazandı. Halbuki Qoca, yəni Etibar Məmmədov mövcud qanunvericiliklə cinayətkar hesab olunurdu. Əgər Fədayə Laçın Qocanın qaçmasına yardım edibsə, o da cinayətkardır, amma vəziyyətə baxın ki, ölkənin ən sanballı sənət adamları onun azad edilməsi üçün ölkə rəhbərinə müraciət imzalayıblar.

Səhv etmirəmsə, duayen deputatımız Fəzail Ağamalı da bir vaxt Rövşən Lənkəranski ilə yaxın münasibətlərindən, qohumluq əlaqələrindən danışmışdı. İndi də Lotu Qulinin "qohumları" analoji açıqlamalar verirlər. Nədir bu rəğbətin əsas səbəbi? Niyə polislə, məmurla yaxınlıq bu qədər cazibəli deyil?

Ətrafımıza, yaşadığımız şəhərə baxın. Hər gün neçə-neçə vətəndaşın evi başına uçurulur, dükan-bazarı dağıdılır, torpağı əlindən alınır. Hamısına da eyni səbəblər göstərilir, - qanunsuz tikilib, torpaq zəbt edilib. Hər kəs təsdiq edər ki, bu ölkədə hökumət adamlarının icazəsi olmadan daş üstünə daş qoymaq mümkün deyil. Hansı məhkəməyə gedirsən-get, hakimlər torpaq davası əlindən boğaza yığılıblar, şikayətçilərin də əksəriyyəti bələdiyyələrin aldatdığı adamlardır. Pulu alırlar, işi aşırmırlar; icazə verirlər, amma "tutulsan, mənlik deyil". Bilmirsən ki, üz-üzə oturduğun, dövlət adından danışan bu dəllalla hansı dildə danışasan. Vəzifəni bu gün satırlar, üç gündən sonra atırlar bayıra. Ona görə də əlinə fürsət düşən zalımın balası da işə verdiyini çıxarmaqla başlayır. Hər işin bir əxlaqı olmalıdır, hər hansı bir problem müəyyən qanunla həll edilməlidir. Bu məmurların "dini", "imanı" yoxdur ki, sən də məsələni hansı "şəriət"lə həll edəcəyini biləsən. Oğru dünyası isə nə qədər cinayət, haqsızlıq üzərində bərqərar olsa belə, məlum qanunlarla idarə olunur və qərar çıxaran xəta etdikdə bağışlanmır. Yaxşıdır, pisdir, bu başqa söhbətin mövzusudur, əsas olan odur ki, müəyyən qanunlar var və o qanunlar işləyir. Məhkəmələrin isə biri sənin xeyrinə qərar çıxarır, biri o biri tərəfin. Dava haqlı-haqsız davası olmur, güclü-gücsüz davası olur. Bir tərəfdən sən soyulursan, bir tərəfdən də qarşı tərəf. Məhkəmənin ədalətinə inanmayan vətəndaş "razborka"ya üz tutur.

Masallı Mamed, Sabirabadlı Hikmət, Rövşən Lənkəranski dünyadan köçmüş olsalar da, adları camaat arasında sevgi ilə, rəğbətlə çəkilir, amma adı çəkilən rayonların hüquq-mühafizə orqanları rəhbərlərinin adlarını sayın, əmin olun ki, ən yaxşı halda tanımayacaqlar, tanıyanların da əksəriyyəti ağız büzəcək.

Milli Təhlükəsizlik sistemi dövlətin namusudur, amma illər uzunu millətin bacarıqlı oğlanlarının boğazlandığı sallaqxana kimi işlədilib. Bu gün də o cinayətkarlar ona-buna hədə-qorxu gəlməkdən çəkinmirlər. Bu cinayətkar şəbəkənin başında dayanmış Mahmudovun isə həbs edilib-edilməyəcəyi hələ də sual altındadır.

Bu dəstəyə daxil olmuş hər kəs dövlətə xəyanət ittihamı ilə ən sərt şəkildə cəza almalıdır ki, adamlar ölkədə qanunun işlədiyinə inansınlar. Bu cür hallarla rastlaşanda ölkəmizdə ölüm hökmünün ləvğ edilməsini heç də doğru saymıram. Hər kəs bilir ki, pulun olandan sonra türmədə də bəy kimi yaşamaq və bir müddət sonra ölüm hökmünü də dəyişmək mümkündür.

Varlı məmurlardan birinin övladı "Galenvagen"lə qəza törədib Xalq artisti Ağasəlim Abdullayevin xanımını da, nəvəsini də öldürdü və bir neçə ildən sonar azadlığa buraxıldı. Mağazadan iki qutu siqaret oğurlayan birisinin ən azı 3-4 il məhbus həyatı yaşadığını və iki insanın canına qıymış bir qatilin türmədə o oğru qədər də oturmadığını görən bır gəncə gəl indi ədalətdən danış, gör sənə nə cavab verəcək.

Xəbər portallarının ən populyar mövzusu oğru dünyasıdır. Bu yazılar hansı məqsədlə yazılmasından asılı olmayaraq nəticə etibarı ilə reklama dönür. Kitablar yazılır, şeirlər həsr olunur "vorzakon"lar adına. Oturub düşünək ki, niyə belə olur axı? Vicdanla düşünə bilsək, gəldiyimiz nəticə də doğru olacaq, amma məsələ orasındadır ki, bir çox məsələdə biz heç vicdanla düşünmək də istəmirik.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top