NAZİM MUSTAFAYEV

Nuhun gəmisinə ehtiyac var…

Nuhun gəmisinə ehtiyac var…

NAZİM MUSTAFAYEV

Sel suları hər yanı öz cənginə alıb. Hər kəs əlac axtarır. Şeirləri dillərdə məşhur olan şairlər belə tərəddüd içində qalıblar. Bəxtlərini sınamaq istəyirlər. Təbiətə necə söz keçirə bilərəm deyə düşünürlər. Bu vaxt bir şair: “Ey torpaq, suyu ud!” deyə səslənir. Başqa bir şairdən də: “Ey səma, suyunu kəs” deyə bir səs yüksəlir.

Sizcə, bu zaman nə baş verər? Şairin sözü ilə sel suları çəkilərmi? Buludlar şairin sözlərini dinləyərmi? Düzdür, şair və ədiblər yağışın yağmasını çox gözəl şəkildə tərənnüm edə bilərlər. Ancaq hansı şairin sözü yağış yağdıra bilər? Hansı şair bir şer misrası ilə aşıb-daşan sel sularını torpağın dərinliyinə hopdura bilər? Bu, mümkündürmü?

Əlbəttə, mümkün deyil. Çünki təbiəti vəsf etməklə təbiətə söz keçirmək arasında böyük fərqlər var. Bunu böyük fərqi məşhur ərəb şairi İmrul Kaysın bacısı çox yaxşı anlamışdı. O, Nuh tufanı ilə bağlı Quran ayələrini oxumuş və iri addımlarla Kəbəyə doğru addımlamışdı. İllərdir, Kəbə divarından asılan qardaşı İmrul Kaysın qəsidələrini bacısı oradan endirəcəkdi. Onların daha hökmü qalmamışdı. Təbiətə hökm edən bir kəlamla qarşılaşmışdı. O, bəşər sözü ola bilməzdi. Artıq ən məşhur qəsidə Kəbə divarından endirilirdi. Ardınca digər qəsidələr də bir-bir oradan endiriləcəkdi.

İbn Muqaffə dövrünün ən fəsahətli şairlərindən biri idi. O, məcusi dininə mənsub idi. O hətta Qurana nəzirə yazmaq sevdasına düşmüşdü. Bir gün axşam yeməyində bir uşağın Nuh tufanının dayanması, sellərin səngiməsi ilə bağlı ayələri oxuduğunu eşidir. Bu zaman belə deyir: “And olsun ki, bu kəlama qarşı nəzirə yazmaq mümkün deyil. Bu bəşər kəlamı deyil”. Sonra da müsəlman olur.

Ayədə belə buyurulub: “Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla!”. Su çəkildi. Nuha iman gətirməyənlərin məhv edilməsi barədə Allahın əmri yerinə yetdi. Gəmi Cudi dağı üzərində oturdu…” (Hud, 11/44).

Bu sözləri deyə bilmək üçün həm səmaya, həm də yerə hökm edə bilmək lazımdır. Belə güc və qüdrət də təkcə Cənab Allaha (c.c.) məxsusdur. Ağıl və idrak təbiət hadisələrinin gücü və böyüklüyünü qəbul edir. İnsan təbiəti və kainatı istədiyi kimi idarə edən Uca Varlığı (c.c.) müəyyən dərəcədə dərk edəndə Onun (c.c.) qarşısında öz acizliyini də başa düşür. Həmçinin günümüzdə ən inkişaf etmiş ölkələr belə təbiət hadisələri qarşısında aciz qalırlar.

Nuh tufanı Cənab Allahın bir möcüzəsi idi. İnadkar və yola gəlməz bir millətə qarşı Cənab Allahın vədi idi. Nuh peyğəmbərin dövründəki tufan maddi tufan idi. Nuh peyğəmbərə iman edənlər qurtulmuşdular.

Əsas məsələ bu olmalıdır ki, bu qissədən dövrümüz üçün hansı dərsləri almalıyıq? Yaşadığımız əsrdə də maddi və mənəvi tufanlar var. Məsələn, cəhalət və savadsızlıq bir tufandır. Fəqirlik insanların belini bükən, insanları rəzil-rüsvay edən bir tufandır. İnsanlar arasına ayrıseçkilik və nifaq toxumları səpmək də başqa bir tufandır. Bunların hamısı insanları məhvə aparan şeylərdir. Bu tufanlardan xilas olmaq, bu fırtınalarda boğulmamaq üçün, görəsən, biz nə etməliyik?

Əslində, bizim dövrümüzdə də Nuhun gəmisinə ehtiyac var…

Nuh peyğəmbər gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. O, insanlığa yenilik gətirirdi. Onları gəmi inşaatı deyə bir məfhumla tanış edirdi. Ən əsası, onları əbədi səadətin açarı olan imana dəvət edirdi. Onlar isə nə iman həqiqətlərini anlayır, nə də Nuh peyğəmbərin gəmi inşaatından bir şey başa düşürdülər. Haşa, ona ağıldan kəm, səfeh, məcnun deyirdilər. Ancaq Nuh peyğəmbər gördüyü işin fərqində idi. Həmçinin o, bunu ilahi buyruq altında edirdi.

Nuh peyğəmbərə iman edənlər, əslində, qurtuluşa gedən gəmini inşa edirdilər. Tufan və fırtına bir tərəf üçün həm dünyada, həm də axirətdə böyük bəla və müsibət idi. İman edənlər üçün isə hər iki dünyada qurtuluşa vəsilə idi.

Nuhun gəmisi çoxdan cudi dağına oturub. Sellər çəkilib. Aradan min illər keçib. Uca Yaradanın mərhəməti isə hələ də davam edir. Limanda isə sonuncu gəmi bizi gözləyir...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top