ƏLİ ÇƏRKƏZOĞLU

Niyə Qarabağı ala bilmirik...

Niyə Qarabağı ala bilmirik...

ƏLİ ÇƏRKƏZOĞLU

Xalq artisti, prezident təqaüdçüsü Rasim Balayev "dərman almağa pulum yoxdur" - dedi, məsələ anındaca Milli Məclisdə əks-səda verdi, alovlu çıxışlar səsləndi, qəhrəmanlar hərəkətə keçdilər, danışdılar, görüşdülər, xəbər agentlikləri, kameralar işə düşdü və Nəsiminin, Beyrəyin, Babəkin dərman məsələsi həll olundu.

Həftələrdən bəridir ki, Xəzər rayonu Şüvəlan qəsəbəsindəki 12 saylı Respublika xüsusi təyinatlı internat məktəbindən qovulmuş Gülnar adlı müəllimə sosial şəbəkələrdə fəryad edərək namusundan dara çəkildiyini söyləyir, üç körpəsi ilə evsiz-eşiksiz, işsiz, maaşsız qaldığını deyir, bir məktəbdə direktora pul vermədiyi üçün, başqa bir məktəbdə isə altmış yaşlı direktor Allahverdi Vəliyevin şərəfsiz təklifini rədd elədiyi üçün hər cür iftiraya, haqsızlığa məruz qaldığını, işdən qovulduğunu, Təhsil Nazirliyinin hər şeydən xəbərdar olduğu halda zalımın tərəfini tutduğunu, qovulduğu məktəbdə əqli cəhətdən qüsurlu uşaqların incidildiyini, onlara gələn ərzağın, geyimin direktora məxsus dükanda satıldığını iddia edir, cınqırını çıxaran yoxdur. Niyə? - Çünki o direktorun arxasından kimlərsə çıxar, ya da niyə durduğun yerdə Təhsil Nazirliyi ilə baş-başa gələsən axı? Amma Rasim Balayev üçün istədiyin qədər qəhrəmanlıq eləmək olar, eşidən-bilən də "bərəkallah" deyəcək. Əslinə qalanda Rasim Balayevin dar ayaqda dərman almaq üçün satacağı maşını da var, evi də var, yardımından imtina edəcəyi Kinomatoqrafiya Birliyi də var, sevənləri, dostları da var, bu xanımınsa namusundan savayı pula gedəcək bir şeyi yoxdur ki, elə onun da mücadiləsini verir. Üç balası ilə kirayələrdə yaşayan, bir ildə dörd yer dəyişən xanım haqsızlığa uğradığını fəryad edir, reaksiya verən yoxdur, ey vicdan əhli, təsəvvür edirsənmi, hər kəs görür, eşidir, bilir, amma müdaxilə edən, yardıma qoşan yoxdur. Sən evinin içində divara mismar vurmaq istəsən, səsə əlli yerdən tökülüb gələcəklər, amma bu xanımın fəryadını kimsə eşitmək istəmir.

Dilə gətirməyi sevməsəm də burda deməyə bilmədim: Xocalı hadisəsi baş verəndə mən də çoxları kimi Bakıda işimi atıb müharibəyə getdim. 92-ci ilin yaz-yay aylarında düşmən postlarından bizə nə göstərirdilər, bilirsinizmi? - qanlı mələfə. Düşmənin girov götürdüyü körpə qızlarımızın bəkarət qanı idi o qan. Neçə dəfə alnımı səngər divarına söykəyib qəzəbimdən hönkürmüşdüm. O mənzərə qarşısında özümü ona görə tuta bilirdim ki, qisas alacağımıza əmin idim. Amma olmadı və sonralar o mələfənin ağırlığı altında əzildim, sındım, içimdəki iddialarım, qürurum parçalandı və əmin oldum ki, kişisi sinəsini gülləyə verə bilməyən toplumun namusu ayaqlar altında tapdanmağa məhkumdur.

Namus paça arasında deyil, ağılda, zehniyyətdə, əxlaqdadır. İnsanlığı olmayanın namusumu olur? Əgər o xanım, iddia edildiyi kimi, o direktorun iyrənc təklifini qəbul etsəydi, nə olacaqdı? - ehtiyacları ödənəcəkdi, ev-eşiyi olacaqdı, amma könüllü, ya könülsüz satılmışlarımızın biri də artacaqdı. O xanım o savaşıyla təkcə özünün yox, hamımızın, bu xalqın namusunu qoruyur. Niyə susursunuz, niyə məsələyə müdaxilə eləmirsiniz, ey hüquq-mühafizə orqanları, niyə səsinizi çıxarmırsınız, ey bu millətin başbilənləri, ağsaqqallıq, ağbirçəklik iddiasına düşənlər, ey deputatlar, rəhbərlər, məsul şəxslər, hacılar, məhərrəmlik mövsümünü yenicə başa vurmuş İmam Hüseyn ardıcılları, sabah Allahın hüzurunda nə cavab verəcəksiniz? O namus sənin namusun deyilmi? Sizin ananız, bacınız, qızınız yoxmu? Fəryad edən o qadın sənin millətin deyilmi? Nədən qorxursunuz axı, bir qadın namusundan dara çəkilir, yardım diləyir, iqtidar-müxalifət davası eləmir ki, kimlərinsə qəzəbinə gəlməkdən qorxasınız? Niyə bu qədər susqun, qətiyyətsiz, bu qədər heysiyyatsız olmusunuz? İctimai qınaq, el qınağı deyilən bir şey qalmayıb daha, toplumun reaksiyası, daha doğrusu, nəbzi itib, insanlıq mahiyyətindən uzaq düşüb.

Zülm qarşısında susan dilsiz şeytandır. Bunu mən demirəm, Peyğəmbər deyir, hələ üstəlik onu da deyir ki, kim imkanı olduğu halda bir zülmün qarşısını almırsa, o zülmə ortaqdır.

Alçaqlığın, oğurluğun, rüşvətin də bir qırmızı xətti, keçilməyən nöqtəsi olmalıdır. Bu məsələ o qırmızı xəttin çox-çox ötəsindədir, bunu ört-basdır eləməksə şərəfsizlikdir, namussuzluqdur, fahişəliyin özüdür.

Qarabağ kimi dərdimiz var, biz hələ savaşmalıyıq, itirdiklərimizi geri almalıyıq. Amma necə? Yanımızda başsız qalmış bir bacımız üç balasını bağrına basıb namus davası verir, biz də gözümüzü döyə-döyə baxırıq, sonra da deyirik ki, Qarabağı azad edəcəyik. Bu qeyrətləmi?

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top