ALLAHVERDİ AYDIN

Sonuncu noyabr...

Sonuncu noyabr...

ALLAHVERDİ AYDIN

Noyabr ayının başa çatmasına saylı günlər qalıb. Ayın əvvəlindən mətbuatı və sosial şəbəkələri izləyirəm. Bilirsiniz niyə? İzləyirəm görüm, mətbuatda 29 il əvvəl -1988-ci ilin noyabr ayında baş verən önəmli bir hadisə haqqında nəsə yazılacaqmı. Təəssüf ki, bir-iki xatırlatma istisna olmaqla bu tarix barəsində heç nə yazılmayıb və böyük ehtimalla bundan sonra da yazılmayacaq. Deyəsən, bizim insanların əksəriyyəti 1988-ci ilin noyabr ayında yaşananları çoxdan unudub. Unutmayanlar bilirlər ki, 29 il əvvəl ermənilər 250 min nəfərdən artıq soydaşımızı Qərbi Azərbaycan ərazilərindən - keçmiş Ermənistan SSR-dən deportasiya ediblər. 1988-ci ilin noyabr ayında ermənilərin əlinə uzun illər arzusunda olduqları "Türksüz Ermənistan" ideyasını gerçəkləşdirmək üçün "gözəl" fürsət keçdi. Hər zaman olduğu kimi ermənilər bu fürsəti də əldən vermədilər. Çox qısa bir müddətdə Qərbi Azərbaycan ərazilərindən yüzminlərlə soydaşımızı deportasiya etdilər. Halbuki, 200 il əvvəl Qərbi Azərbaycan torpaqlarında barmaqla sayılacaq qədər erməni yaşayırdı. Lakin, acı da olsa etiraf etməliyik ki, 1988-ci ilin noyabr ayından sonra Qərbi Azərbaycan torpaqlarında barmaqla sayılacaq qədər də soydaşımız qalmadı. 29 il əvvəl ermənilər "Böyük Ermənistan" olmasada "Kiçik Ermənistan" ideyalarını gerçəkləşdirə bildilər. Sonuncu deportasiyaya qədər soydaşlarımız dəfələrlə bu faciələri yaşamışdılar. Ancaq yaşadıqlarımız onu göstərir ki, biz tarixdən ibrət dərsi almağı bacarmırıq. 1905, 1915, 1918-20, 1937, 1948-53-ci illərdə yaşanan faciələrdən nəticə çıxara bilmədik. Ermənilərin bizə etdiklərini çox tez unutduq. Belə görürəm ki, biz hələ də unutqanlıq hissindən xilas ola bilməmişik. Bizi 1988-ci ilin noyabr faciəsindən cəmi 29 il ayırsada, deyəsən o tarixi çoxdan unutmuşuq. Həmin faciə barədə heç kim ağzını açıb danışmaq istəmir. Sanki belə bir tarixi bu millət heç yaşamayıb. Acılarımızı 29 ildə deyil, 29 gündə unutduq. Əgər unutmasaydıq Qarabağı itirətdikmi heç?.. Bir daha itirməmək, bir daha unutmamaq üçün nə etməliyik? Bu sualın cavabını əslində qoca tarix yüzillərdir bizdən soruşur. Ancaq cavab vermirik. Min bir bəhanələrlə bu sualdan yayınmağa çalışırıq. Bu günə qədər erməni təcavüzünün tarixi hansı orta məktəbdə, hansı ali məktəbdə tədris olunub? Heç indi də düz-əməlli tədris olunmur. Orta məktəb şagirdlərinin 1988-ci ilin noyabr ayında baş verənlərdən xəbərləri varmı?

Səbəbini bilmirəm, ancaq biz nədənsə həqiqətləri deməkdən çəkinirik. 1905-ci ildə ermənilər soydaşlarımıza qarşı soyqırım həyata keçirdilər, biz "1905-ci ildə" pyesini yazdıq, 1948-53-ci illərdə soydaşlarımızı öz-dədə baba yurdlarından deportasiya etdilər, biz "Qardaş olub Azərbaycan, Hayastan" mahnısını oxumağa başladıq. Tarixin bütün dönəmlərində ermənilər ən kiçik fürsətlərdən belə yararlanaraq bizlərə qarşı mənəvi və fiziki soyqırım həyata keçiriblər. Bəs, biz əvəzində nə etmişik?

Ermənilər ABŞ-ın paytaxtı Vaşinqtonda, "Ağ Ev"in on addımlığında soyqırım muzeyi açıblar. Biz isə öz paytaxtımızda hələ də soyqırım muzeyi aça bilməmişik. Ermənilər qondarma soyqırım iddialarını dünyanın inkişaf etmiş ölkələrinin parlametində müzakirələrə çıxarırlar. Biz isə Xocalı faciəsini inkişaf etməmiş ölkələrin belə parlametində müzakirəyə çıxara bilmirik. Bizim millətçiliyimiz, vətənpərvərliyimiz ancaq bir-birimizi ittiham etməkdən ibarətdir. Bir-birimizi vətənə xəyanətdə, satqınçılıqda ittiham edirik. Amma iş görməyə gələndə heç nə etmirik. Mən satqınların, vətən xainlərinin ifşa olunmasının əleyhinə deyiləm, sadəcə olaraq işimizi bununla yekunlaşdırmamalıyıq. Tariximizdəki faciələrin bir daha təkrarlanmaması üçün yaşadıqlarımızı gələcək nəsillərə çatdırmalıyıq.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top