ƏLİ ÇƏRKƏZOĞLU

O arxivlər niyə açılmır?

O arxivlər niyə açılmır?

ƏLİ ÇƏRKƏZOĞLU

XX əsrin ikinci yarısında Azərbaycan ictimai hərəkatının mənim üçün ən dəyərli simalardan biri İsmixan Rəhimov olub. Yəqin ki, indiki gənclik bu adam haqqında heç bir şey bilmir. Bu gənclik hətta onu da bilmir ki, sovet hökumətinin çox güclü və qəddar çağında, ötən əsrin 60-cı illərində Bakıda gənclərin antisovet təşkilatı fəaliyyət göstərib. Adını çəkdiyim İsmixan müəllim də həmin təşkilatın ən fəal üzvlərindən olub. Bütün ömrünü Müşfiq şeiriyyatının araşdırmasına həsr etmiş şair Gülhüseyn Hüseynoğlu da həmin təşkilatda olub. Təsəvvür edin ki, bu çılğın gənclər Bakının simvolu olan Qız Qalasının üstünə hələ 60-cı illərdə Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağını da asıblar. O dövr üçün bunun nə qədər böyük qəhrəmanlıq olduğunu indi təsəvvür eləmək o qədər də asan deyil. O işin bir başında ölümə qədər uzanan ağır cəza yolu var. Bayrağı asıblar, amma sonra da on il Sibirdə “məcburi istirahət”də olublar. Heç tərəddüd eləmədən deyə bilərik ki, ucuz qurtarıblar. Həmin təşkilatın ona yaxın üzvü olub və müxtəlif cəza aparatından keçəndən sonra belə ölkənin ictimai həyatında tanınıblar, müəyyən rol oynayıblar.

Mənim iyirmi ildən artıq qəzetçilik fəaliyyətimdə çox üzüldüyüm həqiqətlərdən biri o olub ki, İsmixan müəllimlə bu mövzuda tutarlı bir yazı hazırlaya bilməmişəm. Halbuki, onu televizorda dəfələrlə görmüş, söhbətlərinə heyran olmuşdum. Əslində o görüşə və müsahibəyə hazırlaşırdım ki, onun ölüm xəbərini eşitdim.

Gülhüseyn müəllimin isə xasiyyəti o qədər tünd idi ki, yaxın düşmək çox müşkül idi. Həm də o tarix haqda danışmağı xoşlamırdı.

Digər nümayəndələrinin adını çəkmədiyim həmin təşkilat sovet illərində doğulmuş gənclərin sistemə qarşı etirazının görüntüsü idi. Məsələ burasındadır ki, hələ onlara qədər də Azərbaycanda antisovet təşkilatlar olub. Həmin təşkilatlar ləvğ edildikdən sonra ayrı-ayrı fərdlərin etirazları bu və ya digər şəkildə, həm də ən sərt üsullarla basdırılıb.

Təbii ki, sovetdən əvvəlki tarixi yaşayan ziyalılar bu yeni quruluşun nə qədər zalım, müstəbid olduğunu bütün detalları ilə anlamış və ona qarşı savaşmışdılar. 37-ci ildə gedən ziyalıların əksəriyyətinin cinayət dosyesində yer alan “antisovet fəaliyyət” ittihamı tamamilə əsassız deyil.

Bütün dövrlərdə qəhrəmanlarla yanaşı antiqəhrəmanlar da olub, var, olacaq da. Kim kimin haqqında necə danos yazdı, məhkəmədə necə ifadə verdi, hansı ittihamları irəli sürdü, bütün bunların hamısı bu gün rəsmi arxivlərdə qalmaqdadır. Dünya praktikasında qəbul edilmiş belə bir nümunə var ki, hər hansı cinayətin müəyyən gizlilik müddəti var. Yəni sirr müəyyən zaman dilimindən sonra açılmalıdır. Elə düşünürəm ki, 37-ci il hadisələri, ondan əvvəlki və sonrakı proseslər açılıb ortaya tökülməlidir. Kim kimi satıb, kim kimi müdafiə edib, hamısı şəffaf hala gəlməlidir. Xalq öz tarixini də, qəhrəmanını da, üzə duranını da tanımalıdır. Əslində mən o üzə duranların hamısını ittiham eləmirəm, o ideologiyaya səmimi qəlbdən inanaraq xidmət edənlər və qarşı çıxanları düşmən gözündə görənlər də az olmayıb. Amma bu ayrı söhbətin mövzusudur. Kimlərsə deyə bilərlər ki, onların varisləri arasında narazılıq baş qaldırar, kimsə ədavət güdməyə başlayar... Bütün bunlar əsassız fərziyələrdir və heç nə həqiqətdən daha dəyərli deyil. Xalq öz həqiqətini bilməlidir. Kimin babası satqın olub, kimin babası danos yazıb, qoy hamısı ortaya tökülsün.

MTN-in süqutuna səbəb olan son hadisələr o postlarda kimlərin nə oyundan çıxdıqlarını ortaya qoydu və adam baş verənləri öyrəndikcə heyrətə düşür. Məlumdur ki, həmin arxivlərin böyük əksəriyyəti məhz həmin adamların əlləri altında olub. Kim zəmanət verə bilər ki, onlar oradan nəyisə itirməyiblər, nəyisə dəyişməyiblər. Yəni belələrinin tarixə korrektə etməsi o qədər də çətin məsələ deyil.

O arxivlər açılsın, xalq öz keçmişi ilə tanış olsun və barışsın. Biz niyə həqiqətdən bu qədər uzaq qalmalıyıq axı?

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top