ALLAHVERDİ AYDIN

Qoyunun it qiymətinə satılması…

Qoyunun it qiymətinə satılması…

ALLAHVERDİ AYDIN

Hər hansı bir ideyanı, yeniliyi insanlara qəbul etdirməyin ən təsirli yolu təlqindir. İnsanlıq tarixinə nəzər saldığımız zaman açıq şəkildə görünür ki, insanlara məntiqlə izah edilməsi mümükünsüz görünən bir çox absurd ideya və fikirlər təlqin vasitəsilə asanlıqla qəbul etdirilib. Xüsusəndə informasiya texnologiyalarının geniş yayılmağa başladığı son 100 ildə təlqindən təsir vasitəsi kimi daha çox istifadə olunur. Təlqin psixiatriya elmində də ən çox tədqiq olunan mövzulardan biridir. Bəzən insanlar elə zənn edirlər ki, təlqinlə yalniz psixi problemləri olan insanları təsir altına salmaq olar. Lakin, bu sahədə aparılan elmi araşdırmalar sübut edir ki, əslində təlqinlə psixi problemləri olan insanlara təsir etmək daha çətindir, nəinki fiziki və əqli sağlamlığında heç bir problem olmayan insanlara.

Qədim zamanlarda təlqin vasitəsi kimi daha çox səslərdən, yəni sözlərdən istifadə olunsa da, müasir dövrümüzdə vizual vasitələrdən daha geniş istifadə olunur. Bu barədə məşhur rus alimi Pavlovun maraqlı araşdırmaları var. Düzdür Pavlovun dövründə vizual vasitələr bugünkü səviyyədə inkişaf etmədiyi üçün alim araşdırmalarını daha çox səslər üzərində aparıb. Lakin, təlqin vasitələrinin nə olmasından asılı olmayaraq hədəfi dəyişməzdir - insanı təsir altına salmaq, onun hisslərini idarə etmək.

İnsanları təsir altına salmağın asan yollarından biri də kütləvi təlqinlər hesab olunur. İnsanları tək-tək təsir altına salmaq nə qədər çətindirsə, buna kütləvi halda nail olmaq bir o qədər asandır.

Pavlov öz araşdırmaları nəticəsində bu qənaətə gəlib ki, təlqin zamanı insanın böyük beyin yarımkürələrində tormozlanma baş verir. Yəni, təlqinin təsirinə məruz qalan insanlarda beyin normal fəaliyyət göstərə bilmir. Həqiqətlə yalanı bir-birində ayırmaqda çətinlik çəkir. Elmi cəhətdən sübut olunub ki, bir insana davamlı olaraq, təkrar-təkrar eyni sözü dediyiniz zaman, yaxud da bənzər görüntüləri təkrar-təkrar nümayiş etdirdiyiniz zaman, bir müddətdən sonra həmin insanın beynində tormozlanma baş verir. Eşitdikləri və gördükləri barədə sağlam və məntiqi mühakimə yürüdə bilmir.

Bunun ən parlaq nümunəsini biz yaxın tarixdə yaşamışıq. Sovetlər Birliyi barədə danışanda insanların əksəriyyəti “şüar”, “şüarçılıq” ifadələrini işlədirlər. Deyirlər ki, Sovetlər Birliyində iş görməkdən çox şüarçılıqla məşğul olurdular. Əslində şüarçılıq ən böyük təlqin üsullarından biri hesab olunur. Şüarçılıq diktatorların idarə etdiyi rejimlər üçün vazkeçilməz təlqin vasitəsidir. Məsələn, SSRİ rəhbərliyinin məşhur “Amerikaya çatmaq və onu ötmək” şüarını yəqin ki, xatırlayanlar az deyil. Sovet “zəhmətkeşləri” bu şüarı gün ərzində dəfələrlə eşitməyə məhkum olunmuşdular və tormozlanmış beyin bunun əksini fikirləşməyə qadir deyildi.

Təlqin totalitar rejimlərdə daha çox siyasi məqsədlər üçün istifadə olunsa da, demokratik rejimlərdə də təlqindən geniş istifadə olunur. Bu gün müxtəlif şirkətlərin təqdim etdikləri reklamlar təlqinin ən bariz nümunəsidir. Məsələn, "Coca-Cola"nın reklam roliklərinin təkrar-təkrar nümayiş etdirilməsində bir məqsəd var: insanları təlqin etməklə beyinlərini tormozlamaq. Normal halda, tormozlanmamış sağlam beyinlə düşündüyümüz zaman “Coca-Cola”nın insana hansısa faydasının olduğunu tapa bilmərik. Amma təlqinin gücü ilə dünyada bu içkini içməyən insan qalmayıb.

Daha bir məşhur rus alimi Bexterev təlqin haqqında bəhs edərkən bildirir ki, təlqin informasiyanı insanın beyninə qapıdan deyil, pəncərədən daxil edilməsidir. Yəni, Bexterevin qeyd etdiyi kimi, “Coca-Cola” şirkəti gözəl başa düşür ki, satdıqları içkinin faydalı olduğunu insanlara məntiqlə (qapıdan) izah etmələri mümkün deyil. Ona görə də təlqindən (pəncərədən) istifadə etmək qərarına gəliblər.

Təlqinin nə qədər güclü təsirə malik olduğunu göstərən daha bir nümunə kimi, sosial şəbəkələrdə paylaşılan və təkrarlanan "status"ları göstərmək olar.

Ötən il “Aprel döyüşləri” ərəfəsində “vətənpərvərlik”, “qəhrəmanlıq”, “Lələ təpə” kimi sözlər o qədər təkrar olundu ki, indi həmin tarixdə baş verənlər barəsində fərqli fikirlər səsləndirməyi ağlımızdan belə keçirə bilmirik.

Yaxud “Qarabağ” futbol klubu qələbə qazandığı gün “Facebook”un “zaman tunelində” eyni sözlər o qədər təkrarlanır ki, insanın beyninin tormozlanmaması mümkün deyil. Tormozlanmış beyinlərin indiki halda bu klub haqqında hər hansı bir şəkildə fərqli fikir yürütməsi imkansızdır.

Lakin, beyinlərimiz nə qədər tormozlanırsa-tormozlansın bir həqiqəti diqqətdən qaçırmamalıyıq: İnsanlar təlqinlə çox qısa zamanda təsir altına alındıqları halda, bu təsirdən xilas olmaq uzun zaman tələb edir. Bunun ən acı təcrübəsini 70 illik Sovetlər Birliyi dövründə yaşadıq. Hələ də yüzminlərlə insan o dövrün təlqinlərindən xilas ola bilməyib. Tormozlanmış beyinlər hələ də demokratik dəyərləri qəbullanmaqda çətinlik çəkir. Əgər 30-40 il əvvəl bizə təlqin edilən dəyərlərin tamamilə doğru olduğunu düşünüb, onlar haqqında əks fikir söyləyə bilmirdiksə və bunu acısını indi yaşayırıqsa. O zaman bu gün təlqin olunanların acısını da 30-40 il sonra yaşama ehtimalımız vardır.

İllər əvvəl təlqinin nəyə qadir olduğunu izah edən maraqlı bir hekayə eşitmişdim:

Günlərin bir günü bir nəfər kəndli qoyununu bazarda satmağ aparır. Qoyunun boğazına bağladığı kəndirin ucundan tutaraq bazara yollanan bu kəndli bir qrup dələduzun diqqətini cəlb edir və onlar qərara gəlirlər ki, bu qoyunu kəndlini əlindən alsınlar. Dələduzlar bazara qədər olan yolda bir-birindən 100-200 metr aralı məsafədə dayanaraq kəndlinin onlara yaxınlaşmasını gözləyirlər. Kəndli onlara yaxınlaşdığı zaman dələduzlar təəccüb və hiddətlə ona baxaraq, yüksək səslə soruşurlar:

- Niyə bu itin boğazına kəndir keçirib, ona zülm edirsən, səndə heç insaf yoxdur?

Kəndli də təəccüblə bir dələduzlara, bir də boğazına kəndir bağladığı qoyuna baxıb, bildirir:

- Siz nə danışırsınız, bu it deyil axı, qoyundur...

Amma nə qədər israr etsə də, dələduzları “inandıra” bilmir. Beləcə hər 100-200 metrdən bir kəndli ilə dələduzlar arasında eyni dialoq yaşanır və ən sonda kəndli özü-özündən şübhələnməyə başlayır. Fikirləşir ki, 5-6 nəfər bu qoyunu itə oxşadırsa, deməli həqiqətən də onun qoyunu itə bənzəyir. Ola bilməz ki, bu qədər insan səhv görsün... Nəhayət bazara çataçatda kəndlinin qarşısına dələduzların sonuncusu çıxır və eyni sualla kəndliyə müraciət edir və əlavə edir ki, əgər istəsə bu iti ondan satın ala bilər. Belə olan halda kəndli fikirləşir ki, bu heyvanı bazara çıxarıb qoyun adı ilə satmaq istəsə yolda rastlaşdığı 5-6 nəfər kimi bazardakıların da tənəsi ilə qarşılaşacaq. Bəlkə də insanlardan daha ağır sözlər eşidəcək və hətta olsun ki, bazardan da qovsunlar. Ona görə qərara alır ki, bunu bazara çıxartmaqdansa dəyər-dəyməzinə satıb, heç olmasa evə əliboş dönməsin.

Əlbəttə, bunun bir rəvayət olduğunu, real həyatda belə bir hadisənin olmayacağını bilsək də, buradan çıxaracağımız nəticə odur ki, beyninizin “qapısı” olduğu halda, “pəncərədən” daxil olmağa çalışan bütün fikirləri, bütün ideyaları mühakimə etmək haqqına sahib olmalıyıq…

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top