ANAR QARAXANÇALLI

Gücün qorxusu və mənfəət şəhvəti

Gücün qorxusu və mənfəət şəhvəti

ANAR QARAXANÇALLI

Rəvayətə görə, Hz. Musa Fironun zülmündən qurtardıqdan sonra İsrailoğullarını səhrada 40 il dolaşdırır. Düşünün, 40 il, az deyil, bir insanın ömrü. 40 il hər gün cənnətdən nemətlər gəlir bu insanlara. Bir şərt qoyulur, istədiyiniz qədər yeyə bilərsiniz, amma yeməklərdən ehtiyat üçün saxlamaq qəti qadağan olunub. Cəzası da ölüm. Yəhudi qaynaqlarına görə, bu qayda 40 il hər gün pozulur. Hər gün yemək gizlədən biri olur və edam olunur. 40 il və hər gün. 40 il sonra yəqin ki, artıq nəsil dəyişdiyi üçün bu proses bitir.

Niyə belə olur? Səbəbi nədir? Niyə insan nəticəsinə hər gün şahid olduğu bir fəlakətə bilə-bilə gedər?

Səbəbi, şəxsiyyətlərin illərlə əzilib yox edilməsidir, məncə. Firon dövründə İsrailoğulları kölə olublar. Daima əziliblər, həqarətə məruz qalıblar. Belə cəmiyyətlərdə yalan, riyakarlıq çox yayğın olur. Ona görə də, dənizin ikiyə bölünməsinə gözləri ilə şahid olmuş bu insanlar bir müddət sonra Hz. Musa yanlarından ayrılanda, buzovu özlərinə ilah edirlər. Çünki o anda, "nağdı olsun, soğan olsun" anlayışı hakim olur. Dürüstlük, ədalət nə qədər qarın doyurur ki?! Elə cəmiyyətlərin psixologiyasını gözəl ifadə edən bir söz: "Ey Musa, sən haqlısan, amma çörəyimizi Firon verir".

200 illik Rusiya əsarətinin, xüsusilə, 70 illik Sovet imperiyasının ən böyük zərəri milli kimliyi məhv etməsi olub. Yalan, riyakarlıq, ikiüzlülük dəyər halını alıb. Zaman-zaman buna qarşı çıxan intellektual insanlar ən ağır şəkildə cəzalandırılıblar. Gücün qorxusu və mənfəət şəhvəti bütün dəyərləri yox edib, insanların əksəriyyətini kölələşdirib. Əksini kim iddia edə bilər?! Belə cəmiyyətlərdə yıxılana balta vurmaq, yüksələnə təzim etmək ən böyük dəyərdir. Düşünmək deyil, deyiləni yerinə yetirmək ən böyük ibadət sayılıb. Deyilənin nə qədər doğru olduğunun heç bir önəmi yoxdur. Önəmli olan, əmr verəni maksimum məmnun etməkdir. Məmnun edilməlidir ki, ağza bir şey atılsın.

Belə cəmiyyətlərdə fərqli fikirlər təhlükəli hesab olunub. Hər şeyin təktipləşdirilməsi, hər kəsin bir üstünə bağlanması sistemin məqsədi olub. Ən önəmlisi, belə sistemlərdə daim süni "düşmən", süni gündəm istehsal edilib. Məqsəd, əsl problemləri gözlərdən uzaq tutmaq olub.

Stalin dövrünü göstərən bir film izləmişdim. Bir universitet professoru sistemin qurbanı olur. KQB-nin zindanına atılır, əleyhinə öyrədilmiş insanlar ifadə verir. Amma nə qədər əziyyət edilsə də, cinayətkar olduğu etirafını imzalamır. Məhkəmədə də nə qədər məsum olduğunu desə də, Sibirə sürgün edilir. Professorun başına bu işi açan bölgənin KQB rəhbəri də bir neçə ay sonra pis vəziyyətdə Sibirə sürgün edilir. Professor onu tanıyır, soruşur ki, məni tanımadın? O da deyir, xeyr. Professor deyir ki, "məni bura sən göndərmisən, indi özün də bura düşdün". Həmin adam, "amma mən məsumam, heç bir günahım yoxdu" deyir. Professor filmboyu ilk dəfə şaqqanaq çəkərək gülür, "sənsən məsum?!.." deyir.

Nə qədər ağır olsa da, insan yanlış olduğunu düşündüyü əmələ alət olmamalıdır. Yoxsa, sonda sən də qurban ediləcəksən.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top