NAZİM MUSTAFAYEV

"Üz-üzə", "göz-gözə" gəlsək də!..

"Üz-üzə", "göz-gözə" gəlsək də!..

NAZİM MUSTAFAYEV

Qureyş qəbiləsi Allah Rəsulunu (s.a.s.) peyğəmbər olub-olmadığını sınamaq üçün bir toplantıya çağırmışdı. Peyğəmbərimiz Hz. Məhəmməd (s.a.s.) həmin məclisə gələn kimi araya belə bir sual atmışdılar: "İsrailoğulları nə üçün Misirə getmişdir?".

Bu sualı verməklə onların məqsədləri cavabını tapmaq deyildi. Onlar bu sualla sadəcə Allah Rəsulunu (s.a.s.) aciz buraxmaq istəyirdilər.

Allah Rəsulu (s.a.s.) bu suala cavab kimi onlara Yusuf surəsini oxumuşdu. Verilən geniş və dəqiq cavab qarşısında Qureyş qəbiləsi aciz qalmışdı. Ancaq onlar inadkarlıqlarına görə iman etməmişdilər.

Bu hadisə qarşısında Cənab Allah (c.c.) elçisi Hz. Məhəmmədə (s.a.s.) vəhy endirmiş və belə buyurmuşdur: "Sən qövmünün imana gəlməsini nə qədər çox istəsən də, insanların əksəriyyəti iman gətirən deyildir! Halbuki sən haqqı və həqiqəti təbliğdən, imana dəvətdən ötrü onlardan heç bir mükafat istəmirsən. Bu (Quran) isə aləmlərə yalnız bir öyüd-nəsihətdir! Göylərdə və yerdə (Allahın birliyini sübut edən) neçə-neçə əlamətlər (ayə və dəlillər) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər. Onlara baxıb ibrət almaz, onların həqiqi mənaları haqqında düşünməzlər" (Yusuf, 12/103-105).

Uca Yaradan Quranla - söz və kəlam yolu ilə bütün insanlara səsləndiyi kimi, yaratdığı kainat və orada qoyduğu yüzlərcə, minlərcə dəlillərlə də bizə səslənir. Özünü bizə tanıtmaq üçün Quranla yanaşı, yaşadığımız təbiətdə də yüzlərcə ayə və dəlil qoymuşdur. Biz onlarla hər gün "üz-üzə", "göz-gözə" gəlirik. Bir iynə, bir "a" hərfi, bir qələm belə bizə Cənab Allahı tanıda bilər. Hər bir elm sahəsində bizi Cənab Allaha aparan yollar vardır. İnsanların çoxu vəhy olunan ilahi bəyanlara baxaraq iman etmədikləri kimi, dünyanın hər bir yanına səpələnmiş minlərcə dəlil, sübut və ayə qarşısında da ibrət almaz, iman etməzlər.

Şəfqət Peyğəmbəri (s.a.s.) yaşadığı cəmiyyətdə hər kəsin imana gəlməsini çox istəyirdi. Onlar üçün gətirdiyi həqiqət, xeyr və yaxşılığın onlar tərəfindən də qəbul edilməsini çox arzulayırdı. Sahib olduğu mərhəmətinə görə heç kimin bu dünyada pərişanlıq və dağınıqlığa, axirətdə də əzaba düçar olmağını istəmirdi. Bununla yanaşı, Uca Allah insanların qəlblərindən agah idi. İnsanların daxili aləmlərini elə özlərindən daha yaxşı bilirdi. Bu səbəblə də əksər müşriklərin imana gəlməyəcəyini peyğəmbərinə xəbər verirdi.

Allahın Elçisi (s.a.s.) onlara yerdə və göydə Allahın varlığına dair dəlilləri söyləyirdi. Gözlərini, ağıl və idraklarını bu dəlil və ayələrə çəkməyə çalışırdı. O ayə və dəlillər ki, bütün insanlara təqdim edilmişdir. Bu ayə və dəlillər heç bir xalq, millət və qəbilənin inhisarında deyildir. Bu ayə və dəlillər heç bir haqq müqabilində satılmır. Hamı heç nə ödəmədən bu ayə və dəlilləri əldə edə bilər. Burada varlı və kasıblar arasında heç bir fərq qoyulmur. Bu ayə və dəlilləri anlamaq üçün heç nə də tələb olunmur. Cənab Allahın bizə təqdim etdiyi bu ayə və dəlillər, bütün insanlara səslənən və hər kəsin eşidə biləcəyi öyüd-nəsihətlərdir. Onlar bizə səslənirlər. Onlarla hər gün "üz-üzə", "göz-gözə" gəlirik.

İnsanın gördüyü hər hansı bir əşya, yalnız əşya olaraq qalmamalıdır. İnsanların digər məxluqatdan daha fərqli baxa bilmə, daha fərqli görə bilmə qabiliyyəti vardır. Misal üçün, digər məxluqat da, bizim gördüyümüz ağac, dağ, çay, su və s. şeyləri görür. Bu sadalananlardan öz ehtiyaclarına uyğun olaraq istifadə edirlər. Ancaq insan daha fərqlidir. Əşyaların maddi və fikizi görünüşlərinin xaricində daha başqa mənalarını anlamaq üçün insanlara digər məxluqatdan fərqli olaraq ağıl neməti verilmişdir.

Biz insanlar yalnız bu ağıl nemətindən istifadə etməklə əşyalara, təbiətə, ətraf aləmə bir "ayə" və "dəlil" kimi baxa bilərik. Həqiqəti görə bilməmənin və dəlalətə düşmənin səbəbi də əşya və ətraf aləmi bir "ayə" və "dəlil" kimi görə bilməməkdir. Belə bəsirət və görmə gözündən məhrum insan müasir elmin imkanları ilə kosmosa çıxsa da, onun üçün heç nə dəyişməyəcək.

İndi isə gələk nəticə və əsas mətləbə... Quran ayələrinin qrammatik təhlili bizə onu deməyə əsas verir ki, göylərdə və yerdə Allahın birliyini sübut edən neçə-neçə əlamətlərdən üz döndərənlər məhz tarixin müəyyən dövrünə xas insanlar deyil. Bu ayələr yalnız Məkkə müşriklərinə, Qureyş qəbiləsinə xitab etmir. Çünki bu ayə və dəlillərlə biz də hər gün "üz-üzə", göz-gözə" gəlirik...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top