NAZİM MUSTAFAYEV

Nə üçün geridəyik?

Nə üçün geridəyik?

NAZİM MUSTAFAYEV

Bəlkə də, yüz ildən çox müxtəlif aspektlərdən bu məsələ haqqında danışılıb. Söz söylənib. Bu hələ də davam edir. Əslində, mövzu çox geniş və dərindir. Bəzi ədib və mütəfəkkirlərimiz bu məsələyə görə “İslamdan küsüb”. Bir neçə nəsil uca dinimiz İslamın əsrin tələblərinə cavab verə bilmədiyini düşünüblər. Tarixi arxa planı nəzərə alaraq mövzuya sadəcə ölkəmiz kontekstindən yanaşmaq, təhlillər çıxarmaq da olardı. Ancaq bu yazıda yalnız ölkəmiz deyil, ümum müsəlmanlar və ümum İslam aləminəzərə alıb bir sıra məqamlara toxunmaq istəyirəm.

Bir hədisdə belə buyurulub: “İslam ucadır. Onun önünə heçnə keçə bilməz” (Dəraqutni, Sünən, III, 252). Bu hədis fərqli rəvayətlərdə “Haqq ucadır. Onun önünə heç nə keçə bilməz” ifadəsi ilə də keçir. Ancaq burada vurğulanan məna İslamdır.

Bu hədis bəzi məqamları, bir sıra sualları gündəmə gətirir. Madam ki, İslam ucadır, bəs nə üçün onun mənsubu olan müsəlmanlar bu qədər geridə qalıb? İslam dininin mənsubları ilə onların müasiri olan digər dinlərə mənsub millətlərlə müqayisə edək. Görəsən, elm, tibb, sənaye inkişafı, texnologiya və s. sahələrdə çox geridə qalmağımızın dinimiz ilə bir əlaqəsi varmı? Əgər yoxdursa, buradakı problem nədir? Bu gerilik nədən və ya kimdən qaynaqlanır?

Quranın hökmlərinə itaət və ya üsyan edənlər, mükafat ya da cəzalarını axirətdə görəcəklər. Cənab Allahın (c.c.) təbiətdə qoyduğu dəyişməz qanunları da var. Bəzən buna səhvən “təbiət qanunları” deyirlər. Cənab Allah (c.c.) bu qanunlara tabe olmağın mükafatını, həmçinin tabe olmamağın cəzasını elə bu dünyada verir. Haqq dinə mənsub olanlarla olmayanlar arasında burada heç bir fərq qoyulmur. Bu minvalla dinindən asılı olmayaraq, təbiətdəki qanunlara tabe olmayanlar bunun cəzasını müvəffəqiyyətsizlik, səfalət, miskinlik şəklində bu dünyada çəkir. Yenə, dinlərindən asılı olmayaraq, təbiətdə qoyulan qanunlara tabe olanlar da, bilməyərək də olsa İlahi iradəyə uyğun hərəkət edirlər. Bu dünyada da mükafatını görürlər.

Burada “İslam” və “müsəlman” məfhumlarını bir-birindən ayırmaq lazımdır. Müxtəlif dövrlərdə çox inkişaf edən və ya müasir dövrdə çox geridə qalan müsəlmanlardır. İslam deyildir. İslam isə, din olaraq tarixən necə idisə müasir dövrdə də eynidir. Biz müsəlmanların geridə qalmağımızın səbəbi kimi İslamı göstərmək yanlışdır. Bunu sübut etmək istəyənlər həm elmə, tərəqqi və inkişafa əngəl olan Quran ayələri həm də Peyğəmbər (s.ə.s.) kəlamlarından dəlillər gətirməlidir. Bu isə mümkün deyil.

Ayə və hədislərdə yalan danışmaq, insanlara zülm etmək, içki içmək, qumar oynamaq, zina etmək, inhisarçılıq, faiz yemək, rüşvət almaq, qeybət etmək və s. kimi əməllər qadağan edilib. Bu sadalananlar din və əqidələrindən asılı olmayaraq, insanların sosial rifahına, xoşbəxt bir həyat yaşamalarına, inkişaf və tərəqqisinə mane olan amillərdir.

Bu gün geridə qalan, məğlub olan Uca Allahın bəşəriyyətə göndərdiyi ilahi mesajlar deyil. İlahi bəyanların istənilən zaman və məkanda məğlub olmasından söhbət gedə bilməz. Burada məğlub olan, geridə qalan, ilahi mesajlara iman edən müsəlmanların dünya işlərində batil və yanlış yol tutmalarıdır.

Əqidə və etiqad haqq və doğru olduğu kimi, dünya işlərindəki metod və üslubun da haqq və doğru olması lazımdır. Burada qalib gələn və ya məğlub olan metod, üslub və vəsilələrdir. Bu minvalla istənilən batil bir düşüncə doğru üsul və metoddan istifadə etməklə öz işində müvəffəq ola bilər. Bu təkcə üsul və metodun doğruluğundan qaynaqlanır. İnanc və əqidə doğru olsa da, metod, üslub və vəsilələr yanlış olanda məğlubiyyət qaçılmaz olur. Bir sözlə qalib gələn haqq və doğru vəsilələrdir. Həmçinin, məğlub olan da yanlış metod və vəsilələrdir.

Dinindən asılı olmayaraq, hər hansı xalq və millət çatmaq istədiyi nəticənin səbəb və vəsilələrinə riayət edərsə, işlərində müvəffəq olarlar. Bu şərtlərə kim tabe olar, bu vəsilələrə kim riayət edərsə, o da müvəffəq olacaq. Cənab Allahın (c.c.) elə isimləri var ki, onların təcəlliləri yalnız ona iman edənlərə aiddir. Misal üçün “Rahim” (Bağışlayan) isminin təcəllisi axirətdə yalnız ona iman edənlər üçün gerçəkləşəcək. Ancaq, Cənab Allahın (c.c.) “Raziq” (Rizq verən), “Şafi” (Şəfa verən) ismləri də var. Bu isimlərin təcəllisi Ona iman edən və etməyən hər kəsə şamildir. Yetər ki, ruzini əldə etmək və şəfa tapmaq üçün qoyulan şərtlərə riayət edilsin. Bu şərtlərə riayət edilibsə, burada iman edən və etməyən bölgüsü aparılmır.

Müsəlman olmayanların təbiətdəki qanunlarda müvəffəqiyyət qazanmaları səbəb və vəsilələrə riayət etdiyi üçün haqq və doğrudur. Müsəlmanların isə təbiətdəki qanunlara məhəl qoymadan həyat sürmələri səbəb və vəsilələrə riayət etmək baxımından yanlış və batildir. Qeyri müsəlmanların müsəlmanlardan üstün olmaları səbəb və vəsilələri haqq və doğru yerinə yetirdiyinə görədir. Bir sözlə, müsəlmanlara qələbə çalan qeyri müsəlmanların batil inancları deyil, doğru vəsilələridir.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top