ALLAHVERDİ AYDIN

Dəlinin buynuzu olmur ki…

Dəlinin buynuzu olmur ki…

ALLAHVERDİ AYDIN

Bill Milliqan adı bəlkə də bəzilərinə tanış gəlməyə bilər. 1955-ci ildə ABŞ-da anadan olan və 3 il əvvəl vəfat edən bu şəxs barəsində həkimlər, xüsusən də psixiatrlar geniş məlumata sahibdirlər. Bill Milliqanın kim olduğunu bilməyənlər və onun barəsində məlumat almaq istəyənlər internetin imkanlarından yararlana bilərlər. Bugünə kimi bu şəxs haqqında saysız-hesabsız yazılar yazılıb, filimlər çəkilib. Vaxtı və həvəsi olmayanlar üçün isə qısaca qeyd edim ki, Bill Milliqan tarixin “ən böyük dəlisi” hesab olunur. Tibbi dildə desək, psixi pozğunluğu olan xəstə olub. Təxminən 8-10 yaşlarında dissosiativ xəstəliklər qrupuna aid edilən şəxsiyyət ikiləşməsi adlandırılan xəstəliyə düçar olub. Bu xəstəliyə düçar olanlarda şəxsiyyət parçalanması baş verir. Şəxsiyyət ikiləşməsi xəstəliyinin daşıyıçıları bəzən olduqca dürüst, bəzən də olduqca riyakar ola bilir. Bu cür insanlar bəzən gözünü qırpmadan kimisə oldürə bilir, bəzən də tanımadığı biri üçün özünü ölümə verə bilir. Yəni bir insanın daxilində müxtəlif şəxsiyyətlər “yaşayır”. Bill Milliqanı “əfsanələşdirən” isə onu daxilində nə az-nə çox düz 24 müxtəlif şəxsin “yaşaması” olub. Məsələn, Milliqanın daxilində 3 yaşlı Kristin adlı uşaq, 14 yaşlı Denni adlı yeniyetmə, Allen adlı fırıldaqçı, Reycen adında kommunist, Adalana adlı şairə, Samuel adlı dindar yəhudi və digərləri “yaşayıb”. Yəqin ki, bu sadaladıqlarım Milliqanın timsalında şəxsiyyət ikiləşməsi xəstəliyinin nə qədər ağır bir psixi pozğunluq olduğu haqqında sizdə təsəvvür yarada bildi. Təsəvvür edin ki, bir müddət özünü 3 yaşlı uşaq kimi aparan biri qəflətən cinayətkara çevrilə bilir.

Məhz bu səbəbdən də şəxsiyyət ikiləşməsi barəsində ən çox tədqiqat aparılan xəstəlik hesab olunur. Aparılan tədqiqatlardan sonra bu sahənin mütəxəssisləri belə qənaətə gəliblər ki, şəxsiyyət ikiləşməsi xəstəliyinin yaranma səbəbləri arasında uşaq vaxtı baş verən psixi travmalarla bərabər davamlı fiziki və emosional zorakılıq əsas yer tutur. Fiziki və emosional zorakılığın geniş yayıldığ cəmiyyətlərdə bu xəstəlikdən əziyyət çəkən insanların sayı da həddindən artıq çox olur. Bunun ən bariz nümunəsi kimi Şimali Koreyanı göstərmək olar. Şimali Koreyada yaşayan insanlar kütləvi şəkildə şəxsiyyət ikiləşməsi xəstəliyindən əziyyət çəkir. Demək olar ki, hər bir koreyalının daxilində Kim Çen İni səmimi şəkildə sevən və ona nifrət edək iki fərqli şəxsiyyət “yaşayır”.

Mövzunun daha aydın başa düşülməsi üçün yaşadığımız cəmiyyətdə qarşılaşdığımız bəzi davranışları nümunə olaraq göstərə bilərik. Məsələn, səhərdən axşama kimi bir qarın çörək üçün qul bazarlarında işləyən birinin AzTV-nin mikrofonunu görən kimi analoqu olmayan inkişafdan danışması şəxsiyyət ikiləşməsi xəstəliyinin bariz nümunəsidir. Rüşvət alan, başqasının haqqına əl uzadan birinin ədalətdən, dürüstlükdən danışması həmin insanın daxilində iki müxtəlif şəxsin “yaşadığını” göstərir. Bu ölkədə rüşvət alan nə qədər həkim, nə qədər müəllim, nə qədər polis var? Razılaşarsınız ki, belə insanların sayı heç də az deyil. İndi siz tələbəsindən rüşvət alan Məmməd müəllimi iki fərqli məkanda təsəvvürünüzə gətirin. Universitetdə cinayətkara çevrilən Məmməd dost məclislərində, ailəsinin əhatəsində tamamilə fərqli davranışlar sərgiləyir.

Bu ölkədə öz övladı üçün canını verməyə hazır olan nə qədər həkim var ki, əvvəlcədən pulunu almasa başqasının can verən övladını müalicə etməz. Məlum məsələdir ki, daxilində yalnız bir şəxsiyyətə “yer olan” insanlar bunu etməz. Bunu ancaq şəxsiyyət ikiləşməsi dediyimiz psixi pozğunluğu olanlar edə bilər. Bu cür insanlar öz daxillərində “yaxşı ata” və “pis həkim” şəxsiyyətlərini “yaşadırlar”.

Təsəvvür edin ki, polis rüşvət alan bir cinayətkarı həbs edir və bir müddətdən sonra həmin cinayətkardan rüşvət alaraq onu azadlığa buraxır. Bu o deməkdir ki, həmin insanın daxilində iki müxtəlif şəxsiyyət “qanun keşikçisi” və “cinayətkar” “yaşayır”.

Bütün psixi xəstəliklərdə olduğu kimi şəxsiyyət ikiləşməsində də xəstələr özlərinin tamamilə sağlam olduğuna inanırlar. Belə düşünürlər ki, etdikləri hərəkətlərdə, davranışlarda qeyri-adi heç nə yoxdur.

Psixiatrlar birmənalı olaraq bu qənaətdədirlər ki, şəxsiyyət ikiləşməsi xəstəliyinə düçar olanlar vaxtında – xəstəliyin ilkin mərhələlərində müalicə olunmazsa, daha ağır fəsadlara səbəb ola bilər. Vaxtında müalicə olunmadığı zaman bu cür xəstələrin daxilində “yaşayan” müxtəlif şəxslərin sayı da artmağa başlayır. Yazının əvvəlində adlarını qeyd etdiyimiz Kristin, Denni, Allen, Reycen, Adalana, Samuel kimi “şəxslər” Bill Milliqanın daxilinə eyni anda “yerləşməyiblər”. Psixiatrlar belə hesab edirlər ki, Bill Milliqan vaxtında müalicə olunsaydı onun daxilində bir-birinə tamamilə yad olan 24 “şəxsin” yaşaması da mümkün olmayacaqdı.

Bütün xəstəliklərdə olduğu kimi psixi xəstəliklərin müalicəsində də atılacaq ilk addım odur ki, xəstəlik törədən səbəblər ortadan qaldırılmalıdır. Pəhriz saxlamayan şəkər xəstəsini müalicə etmək mümkün olmadığı kimi, fiziki və emosional zorakılıq halları ortadan qalxmadıqca şəxsiyyət ikiləşməsi xəstəliyinin effektiv müalicəsi də mümkün olmayacaq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top