ANAR QARAXANÇALLI

Kürdüstan referendumu; növbədə Türkiyə var?

Kürdüstan referendumu; növbədə Türkiyə var?

ANAR QARAXANÇALLI

25 sentyabrda, bu gün Şimali İraqda Kürdüstan bölgəsi müstəqillik referendumu keçirəcəyini elan edib. Görünüşdə İsraildən başqa bütün dövlətlər referendumun əleyhinədir. Bu yönünə görə, İsrail təqdirəlayiqdir. Ən azı, əməli ilə sözü üst-üstə düşür. Amma reallıq necədir?

ABŞ - Dünənə kimi terrorla mübarizə çətiri altında Bərzaniyə hər cür silah dəstəyi verən ABŞ bu gün niyə referenduma qarşı olsun ki?!
Rusiya - Bir neçə gün öncə o bölgədəki nefti birlikdə istismar etmək üçün müqavilə imzalayan Rusiya niyə qarşı olsun ki?!

Türkiyə - Aşağıda bir neçə fakt:

16.11.2013- Diyarbakırda Ərdoğan Məsud Bərzani ilə əl-ələ səhnəyə çıxıb: "Dəyərli dostum Məsud Bərzanini Diyarbakırda qonaq edirik. Qardaşlarınızın torpağına xoş gəlmisiz. Sizin şəxsinizdə Şimali İraq Kürdüstan bölgəsindəki qardaşlarımızı salamlayıram".

17.11.2013- Diyarbakırdakı görüşdə Kürdüstan bölgəsi neftinin Türkiyə üzərindən satışı müzakirə olunur. İraq Baş Naziri Maliki Türkiyəni mərkəzi hökumətin icazəsi olmadan Kürdüstanla əməkdaşlığını tənqid eləmişdi. (Əl-cəzirə)

22.05.2015- Ərdoğan ATV canlı yayımında müstəqil Kürdüstanın qurulmasının İraqın daxili məsələsi olduğunu bildirib, bizə aidiyyəti yoxdur deyir.

22.10.2016 - Türkiyə Baş Nazirliyinin rəsmi tvitter hesabından verilən açıqlamada, "Şimali Kürdüstan bölgəsindəki bütün əməkdaşlıqları mərkəzi hökumətlə deyil, o bölgənin əsas söz sahibi Bərzani ilə quracağıq."

27.02.2017- İstanbulda baş tutan Ərdoğan-Bərzani görüşməsində Kərkük neftinin beynəlxalq bazara daşınması marşrutları müzakirə olunur.

28.02.2017- Türkiyə Baş Naziri Binəli Yıldırım TBMM-də Məsud Bərzaninin Türkiyə ziyarətində İstanbul və Ankarada Kürdüstan bayrağının dalğalanması ilə əlaqəli suallara cavab verir: "İraq konstitusiyasına görə, Şimali Kürdüstan regional idarəsinin muxtariyyəti var. Parlamenti var, Baş Naziri, nazirləri var. Eyni zamanda bayrağı var və dünyada da bu şəkildə tanınır".

Dünənə kimi Kürdüstana hər cür dəstəyi verən, bölgəni müstəqil tərəfdaş kimi qəbul edən, bayrağını da Türkiyə bayrağı ilə yanaşı dalğalandıran Türkiyə rəsmiləri bu gün niyə belə sərt açıqlamalar verirlər? Binəli Yıldırım, "əgər çox israr edərlərsə, anlayacaqları dil ilə danışarıq" dedi. Bu gün Binəli Yıldırımın, Ərdoğanın referenduma qarşı açıqlamalarında nə qədər səmimi olduqlarına oxucular qərar versin. Referendumun əsas elementi Kərkükdür. 4-5 ildir ki, sistemli olaraq orada türkmanları yox etdilər, həm də Türkiyənin gözü önündə. İraq neftinin təxminən 10 faizi Kərkükdə çıxır, yəni bölgə hər yönü ilə önəmlidir.

Bəli, böyük bir ehtimal, Türkiyə referendumdan sonra bölgəyə hərbi müdaxilə edəcək. Amma məqsəd, görəsən, deyildiyi kimidir, yoxsa başqadır? Hər halda, əldə olunacaq nəticələr, bu suala cavab olacaq. Amma təxminim, çox ağrılı, acılı cavab olacaq. Yanılmağı çox istəyirəm, amma növbədə Türkiyənin bölünməsi ola bilər. Sadəcə bir detal deyim; Türkiyə parlamentində İraqa müdaxilə üçün səlahiyyət istəyən hökumət müraciətində belə bir cümlə var: ... Türkiyə ordusu lazım olduğu təqdirdə hərəkat və müdaxilə üçün xarici ölkələrə göndərilməsi və eyni məqsədlər üçün XARİCİ SİLAHLI QÜVVƏLƏRİN Türkiyədə yerləşməsi və hökumətin istəyinə görə istifadə olunması...". Bu maddə birbaşa xarici hərbi qrupların Türkiyəyə müdaxiləsinə icazə bəndidir. Allah fürsət verməsin!

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top