NAZİM MUSTAFAYEV

“Cəzasını” sərnişinlər çəkməməlidir

“Cəzasını” sərnişinlər çəkməməlidir

NAZİM MUSTAFAYEV

Daha əvvəl “Həllini gözləyən məsələlər” başlıqlı bir yazı yazmışdım. O yazı “Yeniavaz.com” saytında var. Yazıda toxunduğum mövzuya yenidən qayıtmaq istəyirəm. Məsələ insan həyatı olduğuna görə və hər gün eyni hadisələr baş verdiyi üçün mənə elə gəlir ki, eyni mövzuya yenidən, ancaq başqa aspektdən təmas etməyə dəyər. Mövzu avtobus sürücülərinin davranışı və avtobusu necə idarə etmələri ilə bağlıdır.

Bir həftə əvvəl mindiyim avtobusun sürücüsü yaman tələsirdi. Deyəsən, tıxacda qalmışdı və ya başqa səbəblə çox gecikmişdi. Elə tələsirdi ki, heç sərnişinləri düşürməyə və ya mindirməyə də vaxtı yox idi. Mənə elə gəlir ki, yol polisinin həmin avtobusu yolun kənarında saxlatması, sürücünü də sükan arxasından endirməsi, ən uyğun seçim olardı. Çünki belə tələskənliklə içərisində onlarla sərnişin olan avtobusu idarə etmək, həm sərnişinlərin, həm də şəhərdəki piyadaların təhlükəsizliyi üçün daha uyğundur.

Öz qrafikində geri qalmış həmin sürücünün dayanacaqda: “Tələsirəm tez düşün”, “tələsirəm, tez minin” sözlərinə necə haqq qazandırmaq olar. Axı şəhər daxilində onlarla sərnişin daşıyan sürücü necə və nə üçün tələsməlidir?

Bunu da deyim ki, həmən sürücü avtobusu şəhər içərisində həddindən artıq sürətli sürdüyü üçün yol boyu bir neçə dəfə ani əyləcə basmağa məcbur qalmışdı. İçəridə o yan bu yana sallanan sərnişinlərin tutacaqlardan dörd əllə tutmağa çalışmaları da işin başqa bir acınacaqlı tərəfi idi.

Sürücü öz qarafikindəki 8-10 dəqiqəlik fərqə görə bir neçə dayanacaq geridə qalıbsa, burada sərnişinlərin həyatını təhlükəyə atmağın mənası varmı? Bəli, sürücü öz qrafikində geri qalıb. Bunu başa düşdük. Bəs sürücünün gecikməsinə görə sərnişinlərin "cəzalanması”na nə deyək?

Bu “gecikmə” məsələsinin sərnişinlər ilə heç bir əlaqəsi yoxdur. Sərnişinlər dayanacaqda lap 8-10 dəqiqə çox gözləməli olsunlar. Gözləməyə vaxtı olmayan sərnişinlər taksi ilə də gedə bilərlər. Ancaq avtobus sürücüsünün gec qalmasının “cəzasını” sərnişinlər həyatları bahasına ödəməli deyillər. Gecikmələrin necə bərpa ediləcəyini sürücü və aidiyyatı firma öz aralarında həll etməlidir. Bunu sərnişinlər hiss etməməlidir, sərnişinlərə bu məsələ əks olunmamalıdır. Elə görünür ki, sürücünün qrafikdə geri qalmasının yeganə səbəbkarı elə sürücünün özü hesab edilir. Bunu da sürücü tez bir şəkildə həll etməlidir. Deyəsən, sürücülər də həll yolunu yuxarıda deyildiyi kimi avtobusu sürətli sürməkdə görürlər. Ancaq bu bir çıxış və həll yolu deyil.

Bu problemə yalnız bir avtobusda deyil, daha əvvəl bir neçə avtobusda da şahid olmuşam. Yenə başqa bir gün başqa bir avtobusda təxminən 5-6 dəqiqə tıxacda qaldıq. Bu zaman sürücünün bütün halı, vəziyyəti dəyişdi. Zənn etmirəm ki, sürücü sərnişinləri vaxtında mənzil başına çatdıra bilməməyin təlaşını yaşayırdı. Əslində, o, qrafikində gecikdiyi üçün səbirsizlənmişdi. Yol açılandan sonra isə ahıl yaşına və içərisində onlarca sərnişin olmasına baxmayaraq, avtobusu elə idarə elədi ki, gəl görəsən...

Şəhərdə tıxac olanda hər halda “BakuBus” avtobusları da “probka”da qalırlar. Onlar da bəzən qrafik üzrə vaxtında lazım olan dayanacağa çata bilmirlər.. Ancaq açığını deyim, yuxarıda sadalandığı şəkildə sürücülərin “tələsirəm, tez düşün”, “tələsirəm, tez minin” sözlərini “BakuBus”da eşitməmişəm.

Deməli, məsələnin həlli yolu bu və ya digər şəkildə mümkündür. Sərnişinlərin həyatını təhlükəyə atmadan avtobusa minmələrini və ya enmələrini təmin etmək, avtobusu yarış maşını kimi idarə etməmək mümkündür. Ümid edək ki, bu hallar tezliklə aradan qalxacaq.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top