ALLAHVERDİ AYDIN

Zorən vətəndaş

Zorən vətəndaş

ALLAHVERDİ AYDIN

Elə mövzular, elə problemlər var ki, onlar barəsində danışmağı, müzakirə etməyi rituala çevirmək lazımdır. Danışıqların, müzakirələrin heç bir nəticəsinin olmayacağını bildiyimiz halda belə həmin mövzuları təkrar-təkrar gündəmə gətirmək lazımdır. Belə mövzulardan biri və bəlkə də birincisi odur ki, 1988-ci ildə Ermənistan SSR ərazisində yaşayan 250 mindən çox insanın öz dədə-baba torpaqlarından zorla çıxarılmasına baxmayaraq onlara qaçqın statusunun verilməməsidir. Bu insanlara hansı səbəbdən qaçqın statusunun verilmədiyi sualına hələ də rəsmi cavab verilməyib. Ermənistan SSR ərazisindən zorla qovulan bu şəxslərin hansı əsasla Azərbaycan vətəndaşlığına qəbul olunduğunun da rəsmi cavabı yoxdur. 250 mindən çox insanın heç biri Azərbaycan vətəndaşı olmaq üçün Azərbaycan dövlətinə müraciət etməyib. Heç bir müraciət olmadığı halda onlara məxsus olan və onların Ermənistan SSR vətəndaşı olduqlarını sübut edən pasportlar hansı əsasla onlardan toplanıb?

Heç kimə sirr deyil ki, o dövrdə həm Ermənistan SSR, həm də Azərbaycan SSR vətəndaşları üçün vahid pasport mövcud idi və keçmiş SSRİ qanunlarına görə, vətəndaş bir yerdən başqa bir yerə köçdüyü zaman pasportunun müvafiq səhifəsinə “uçotdan“ çıxdığı barədə möhür vurulurdu. Bu da həmin vətəndaşın öz istəyi əsasında həyata keçirilirdi. Yəni “uçotdan“ çıxmaq üçün müvafiq dövlət idarəsinə ərizə ilə müraciət etmək lazım idi. Azərbaycandan köçüb gedən ermənilərin əksəriyyətinin pasportunun müvafiq səhifəsinə həmin möhür vurulub. Lakin Ermənistandan qovulan azərbaycanlıların pasportuna bu möhürdən vurulmayıb. Ermənistandan olan qaçqınların pasportuna baxdığımız zaman (əgər qorunub saxlanılıbsa) həmin insanların hələ də Ermənistanın müxtəlif şəhər və kəndlərdə “uçot“da olduğu görülər. Əslində bu faktın özü kifayət edir ki, azərbaycanlıların Ermənistandan zorla çıxarıldığını, ermənilərin isə Azərbaycandan könüllü surətdə köçdüyünü deyə bilək.

Lakin görünür belə bir faktın mövcud olması kimlərisə narahat edib və bu səbəbdən də bu fakt ortadan qaldırılıb. Bu sübutun ortadan qaldırılması prosesi azərbaycanlıların Ermənistandan qovulması prosesinə paralel aparılıb. 1988-ci ildə Ermənistandan qaçaraq Azərbaycana pənah gətirən bu insanların tələm-tələsik qeydiyyata götürülməsi sizcə bunun sübutu deyilmi? Bu qeydiyyat əməliyyatı o dövrün qanunlarına zidd idi. Belə ki, sovet qanunlarına görə, iki ünvanda eyni vaxtda “uçot“da olmaq qadağan idi. Çünki həm Ermənistan, həm də Azərbaycan vahid dövlətin tərkib hissələri idilər. Amma qanunları pozmaq bahasına olsa da, onları “uçot“a alanların məqsədi nə idi?

Bu gün 1988-ci ildə Ermənistandan qaçaraq Azərbaycana pənah gətirən insanlara "qaçqın" deyilməsinin heç bir hüquqi əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilir ki, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları hesab edilirlər. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanunu 1-ci maddəsində isə açıq şəkildə göstərilir ki, qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərə deyilir. Həmin Qanunun 14-cü maddəsində isə qeyd olunur ki, qaçqın Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşlığını qəbul etdiyi andan statusunu itirir.

Bu insanlara qaçıqn statusunun verilməməsi onların öz tarixi torpaqlarına, vətəndaşı olduqları ölkəyə geri qayıtmlarının yolunu bağlayır.

Bu gün heç bir dövlət və beynəlxalq qurum tərəfindən tanınmasa da Qarabağda yaşayan ermənilərin cibində “Arsax Respublikasının“ pasportu var. Bu gün BMT tərəfindən qaçqın kimi tanınan “erməni qaçqınlarının“ cibində Azərbaycan SSR-in pasportu var. Belə pasportlarının olması onların digər ermənilərdən fərqli yaşaması mənasına gəlmir...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top