RAHİB ALPANLI

Dünya haqqa dayaq durmaq ənənəsini yadırğayıb

Dünya haqqa dayaq durmaq ənənəsini yadırğayıb

RAHİB ALPANLI

Adına “sivil” dediyimiz dünyanın, demək olar ki, hər yerində ən çox işlənən danışıq etiketlərindən biri də “Necəsiniz?” sualıdır. Etika naminə yaxşı olan da, olmayan da bu suala: “Mən yaxşıyam, bəs siz necəsiniz?”- deyə qarşılıq verir. İlk baxışda hər şey gözəl səslənir və görünür. Mövzuya keçməzdən əvvəl dəyərli oxucularımıza bir söhbət danışmaq istəyirəm.

Çoban Məlik - kəndimizdə onu “Quzu dayı” çağırırdılar - yağışlı bir gündə sürüsünü qışlağa tərəf aparırmış. Bir yandan yağış, bir yandan külək elə əsirmiş ki, itlər belə qorunmaq üçün yer axtarırmış. Bu zaman yaxınlıqdakı asfalt yolda sovet dövrünün ən yaxşı maşınlarından olan və yağmurda yuyunub daha da gözəlləşən bir QAZ-21 şütüyürdü. Sürücü çobanla məzələnmək həvəsinə düşür, maşını yavaşıdır, şüşəni bir az endirərək baməzə əda ilə deyir:

- Çoban qardaş, necəsən?

Quzu dayı da quzu başı boyda əlinin baş barmağını qaldırıb:

- Bax, belə! - deyir.

Yolçu özünü saxlaya bilməyib:

- Yalançının … - deyir və qazı basıb uzaqlaşır.

Quzu dayı çomağını qaldırıb canavar üstünə cumurmuş kimi maşına tərəf yüyürür, lakin ona bir az tüstü qoxulamaq qalır.

Quzu dayı Stalin dövründən hər halına “əlayam!” - deməyə alışmış milyonlardan biri idi. İslanmaq o qədər də böyük dərd deyil, çünki islanan qurulana bilər, dərd dediyin başqa şeydir. O günlərin acı psixologiyası rəhmətlik R. Rzanın “Sarı dana” şeirində daha təsiredici şəkildə təsvir olunub. Fermanın sarı danası xəstələnəndə sağıcı öz xəstə qızını belə unudub, sarı danaya qulluq edir ki, ölməsin. “Üç gün, üç gecə Gülxara ayrılmadı sarı danadan”. Bəli, “…dana ölmədi azardan. Ancaq Gülxaranın qaragöz kiçik qızı… Beşcə qulac bez aldılar bazardan”…

Sözümüz onda yox, hər dövrün öz xüsusiyyətləri var. O zaman bir dananın dərdini çəkən insanlar hara, bu gün hər şeyə öz şəxsi marağı ilə yanaşan insanlar hara… İllər, əsrlər bir-birini əvəz edir, insan öz elminin inkişafı ilə qürurlanır, özü üçün daha rahat, daha sürətli texnika, mənzilində hər cür rahatlıq yaradır, hər şeyini göz bəbəyi kimi qoruyur. Daha geniş imkanı olanlar bu məqsədlə cangüdənlər, özəl gözətçilər də saxlayır, əlində-ovcunda olan hər şeyin əsl sahibinin Uca Allah olduğunu düşünmür və hətta düşünmək belə istəmir. Elələri də var ki, kainatın Allah tərəfindən yaradılmasına da dodaq büzürlər. Bunu onların cahilliklərinə yazıb, Allaha inanmağın yolunun, cahillikdən sıyrılıb elmə yiyələnməkdən keçdiyinə inanmaq üçün kosmik səyahətlər üzrə görkəmli alimlər, çoxları tərəfindən “kosmos proqramının atası” (the “Father” of the space program) adlandırılan Doctor Verner von Braunun (Dr. Wernher von Braun) 1976-cı ildə verdiyi müsahibələrindən birini oxuyaq:

- “Kainatın heyrətamiz sirlərini öyrənmək üçün illər boyunca apardığım tədqiqatların nəticəsi olaraq, məndə Allahın varlığına qəti inam formalaşdı. Kosmosun nəhayətsizliyi də onun varlığına inanmağıma xidmət edir. Mən, sadəcə olaraq, kainatın ilahi bir iradənin qüvvəsi ilə yaradılmasını inkar etməyi təsəvvür edə bilmirəm. Kainatın qanunları o qədər dəqiqdir ki, bizim üçün Aya uça bilən kosmik gəmi yaratmaq çətin deyil. Biz bu uçuşu saniyənin hissələri dəqiqliyində nizamlaya bilirik. Kainatda cərəyan edən bu qədər dəqiq qanunlar mütləq kim tərəfindənsə hazırlanmış olmalıdır.”

Doktor Verner von Braun sözünə davam edərək demişdi ki, “düzgün başa düşüldüyündə “elm” və “din” heç də bir-birinə zidd anlayışlar deyil, “əkiz anlayışlar”dır. Elmi metodla insan “yaradılış” haqqında öyrənir, dini öyrənməklə də “Yaradanı daha yaxşı tanımağa” nail olur. İnam olmasaydı, insanlıq heç bir möhtəşəm nailiyyət qazana bilməzdi. Bir şey qazanmaq istəyən insanın daxilində müəyyən qədər inam olmalıdır, daha güclü mənəvi qüvvə, Allaha inam olmalıdır”.

İnsanın Aya səyahət edib geri qayıtmaq ideyasını çoxlarının qəbul etmədiyi zaman Doctor Verner von Braun “Aya səyahət etmək üçün raket düzəltməyə nə lazımdır?” - sualına: - Bu işi görə biləcək iradə, - cavabını vermişdi.

Yazımızın əvvəlinə qayıdaq. Hərdən adamın içində qəribə bir şübhə yaranır: - Etika naminə belə olsa da, “Necəsiniz?” - sualına “Yaxşıyam,” - deməyə haqqımız varmı?

İnsanlar gözümüzün önündəcə Allahın yaratdığı dünyamızı öz malları kimi dağıtmaqda, sərnişini olduğumuz yeganə gəmini müxtəlif yerlərdən dəlməkdə ikən biz necə yaxşı ola bilərik? Bu, ata minib, heyvana ağır olmasın deyə yükünü öz kürəyində daşımaq qədər sadəlövhlükdür.

Getdikcə azalan yaşıllıqlar, talanan çay yataqları, quruyan bulaqlar, zəhərlənən dənizlər, okeanlar, yaralanan dağlar, bütün dünya onları yaradan Allahın bizə əmanətləri deyilmi? Əmanətə xəyanət insanlığa yaraşmır. Ən qorxulu və ən zavallı insan Allahdan qorxmayan insandır.

İngilis şairi Degalın “Dünyanın yarısı” şeirində dediyi kimi, “dünyanın yarısı nifrət edərkən”, “dünyanın yarısı düşünərkən”, “dünyanın yarısı yalan danışarkən”, “dünyanın yarısı yanarkən”, “dünyanın yarısı oxuyarkən, gülərkən” “dünyanın yarısı ağlarkən”, - bizim gülməyə haqqımız varmı?

Fələstin alışanda, Əfqanıstan yananda, Qarabağ qanına boyananda, İraq talananda, Misir və digər müsəlman ölkələrinin “baharı” yaşıl deyil, al-qırmızı gələndə dünya gözlərini yumdu, qulaqlarına barmaqlarını tıxadı və Rusiya ilə Ukrayna müharibəsinə diksindi. Diksindi, amma heç nə edə bilmədi, çünki dünya haqqa dayaq durmaq ənənəsini çoxdan yadırğayıb. Hamı xeyirlə şərin mübarizəsinin necə bitəcəyini seyr etməklə öz işini bitmiş hesab edir. Sabah bu atəşin digər ölkələri, o cümlədən ABŞ-ı da ağuşuna almayacağına kim zəmanət verə bilər?

Yalanı təkzib edib, yalançını utandırmaqdansa, həqiqətə qara yaxan, gözəllikdə eybəcərlik axtaran, haqqın büdrəməsinə qəhqəhə ilə gülənlər, yanıldıqlarını üzü üstə düşəndə biləcəklər. Necə deyərlər, gülmə qonşuna, gələr başına. Zimbabve şairi Teri Dosonun “İkili standart” şeirində deyildiyi kimi “… Dünya iki dildə danışdıqca, ikili standart səhvini başa düşənəcən çox günahsız qanlar axacaq, çünki biz nə əkiriksə, onu da biçirik” (“Əcnəbi yazarlardan sitatların ingiliscədən tərcüməsi müəllifə məxsusdur - R. S).

Yaxşısı budur ki, nə başqasına gülək, nə də acı-acı ağlayaq. Allahın biz insanlara əmanət olaraq verdiyi dünyamızı yalandan, böhtandan, nifrətdən, kindən, xəyanətdən qoruyaq ki, “necəsiniz?” - sualına can-dildən, üzümüzdə qəlbimizin dərinliyindən boylanan təbəssümlə: “Yaxşıyam, siz də yaxşı olasınız”, - deyə bilək. Yağsız ət şorbası kimi dadsız sözlərimə Həzrəti Mövlanənin əxlaq dəryasından bir neçə inci ilə ləzzət qatmaq istədim:

Ağıl bir başqa ağılla birləşdimi

nur artar, yol meydana çıxar.

Fəqət bir nəfs başqa bir nəfslə sevinir,

gülərsə, qaranlıq çoxalır, yol gizlənir.

Ey ovçu, dost sənin gözündür.

Onu çör-çöpdən təmiz tut.

Ehtiyatlı ol, dil süpürgəsiylə ona toz qondurma,

Gözə tozu, torpağı hədiyyə götürmə.

Üç-dörd əsr bundan əvvəl yazıb-yaratsa da, günümüzlə həmahəng yaradıcılığından bir-iki misra ilə Aşıq Abbas Tufarqanlını da yad edək, ruhu şad olsun:

… El bir olsa, dağ oynadar yerindən,

Söz bir olsa, zərbi kərən sındırar.

Çox işlərdə olduğu kimi, dünyamızı qorumaqda da əlbir, dilbir olmalıyıq. Allah qəlbimizi əmanətə sədaqətlə coşdursun, gözümüzə eybəcərliklər içərisində belə, gözəllik axtarmaq şövqü, yaxşılığı alqışlamaq, pisliyi islah etmək üçün dilimizə də qızılgül ətri bəxş eləsin.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top