ALLAHVERDİ AYDIN

XİN-də çalışan müasir "Novruzəli"lər

XİN-də çalışan müasir "Novruzəli"lər

ALLAHVERDİ AYDIN

İnternet resurslardan, sosial şəbəkələrdən istifadə etmək gündəlik işlərimizin ayrılmaz bir parçasına çevrilib. Hər gün onlarla, yüzlərlə müxtəlif məzmunlu informasiya ilə rastlaşırıq. Əksər hallarda qarşımıza çıxan bu informasiyaların doğru və yanlış olduğundan, kimin və hansı məqsədlə yaydığından xəbərsiz oluruq. Məsələn, son günlər Ermənistan tərəfi sosial şəbəkələrdə Azərbaycan ordusunun yüksək rütbəli zabitləri tərəfindən yazıldığı iddia olunan saxta məktublar yayır. Etiraf etmək lazımdır ki, sosial şəbəkə istifadəçilərinin bir-çoxu bu məktubların saxta olub-olmadığını müəyyən etmək imkanına malik olmur. Belə olan halda da, bu cür informasiyalar əhali arasında ciddi çaşqınlığa, panikaya, hətta psixoloji problemlərə belə səbəb olur. Məhz bu səbəbdən də müharibə şəraitində yaşayan insanların "informasiya müharibəsi"nin fəsadlarından qorunması müvafiq dövlət orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Bu baxımdan üzərinə ən çox məsuliyyət düşən qurumlardan biri Xarici İşlər Nazirliyi və xarici ölkələrdəki diplomatik nümayəndəliklərimiz hesab olunur. Ancaq təəssüflə qeyd etməliyik ki, Xarici İşlər Nazirliyi "informasiya müharibəsi"ndə düşmən tərəflə ayaqlaşmağa çətinlik çəkir. Məlum olduğu kimi, iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin iki sakini - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı öldürülüb. Həmin vaxtı erməni təbliğat maşını ciddi cəhdlə sübut etməyə çalışırdı ki, kəndə atəş açılması və dinc sakinlərin öldürülməsinin əsas səbəkarı Azərbaycan tərəfidir. Guya Azərbaycan ordusu kəndin içərisinə yerləşdirilən artilleriya qurğularından ermənilərə atəş açıb və ermənilər də cavab vermək məcburiyyətində qalıblar. Həmin dövürdə həm xəbər saytlarında, həm də sosial şəbəkələrdə bu məsələ uzun zaman müzakirə mövzusu oldu. İnsanların sosial şəbəkələrdə paylaşdıqları rəylərdən belə başa düşmək olur ki, sayları az da olsa erməni yalanına inanan azərbaycanlılar da var. Azərbaycanla bağlı həqiqətləri dünyaya yaymağa məsul olan, Azərbaycanın dövlət büdcəsindən maliyyələşən Xarici İşlər Nazirliyinin bəzi əməkdaşları və diplomatlarımız nədənsə həmin vaxtı susmağa üstünlük verdilər. Bu barədə ötən ay yazdığımız "Xaricdəki səfirlərimizin 2 yaşlı Zəhranın qətlindən xəbəri yoxdur?" başlıqlı yazıda məlumat vermişdik. Həmin yazıda qeyd olunmuşdu ki, bəzi səfirliklərimizə məxsus rəsmi veb-saytlar Zəhra barədə 1 cümlə də olsun məlumat yaymayıblar. Xarici İşlər Nazirliyinin rəhbərliyinin həmin yazıda qeyd olunan problemlərdən xəbəri olsun deyə yazının "linkini" (http://yeniavaz.com/NewsContent/ZNewsContent/46100) 11 iyul tarixində Nazirliyin "Facebook"dakı rəsmi səhifəsinin "mesaj qutusu"na "atmışdıq". Ancaq həmin tarixdən bir aydan çox vaxt ötsə də Nazirliyin "Facebook"dakı rəsmi səhifəsinə məsul olan əməkdaşlar "mesaj qutusu"na belə baxmayıblar. İndi siz deyin, 100 il əvvəl "poçt qutusu"nun nə olduğunu bilməyən savadsız Novruzəli ilə Xarici İşlər Nazirliyinin mətbuat xidmətində işləyən savadlı "Novruzəli"lərin arasında nə fərq var?

Dövlət büdcəsindən maaş alan bu cür məmurların laqeydliyi və işlərinə məsuliyyətsiz yanaşmaları səbəbindən "informasiya müharibəsi"ndə də uğur qazana bilmirik. Düşmən tərəfin bu sahədə bizdən daha uğurlu olduğunu göstərən bir-iki məqama diqqət edək: Əhalisi Azərbaycan əhalisindən 3 dəfə az olan Ermənistanın Xarici İşlər Nazirliyinin "Facebook"dakı rəsmi səhifəsini 20 mindən çox istifadəçi izlədiyi halda, Azərbaycan Xarici İşlər Nazirliyinin "Facebook"dakı rəsmi səhifəsini 8 mindən bir qədər çox istifadəçi izləyir. Erməni və azərbaycanlıların daha çox yaşadığı Rusiyada fəaliyyət göstərən diplomatik nümayəndəliyimizə məxsus veb-saytda (http://moscow.mfa.gov.az/) sonuncu xəbər ötən ayın 3-də yerləşdirilib. Halbuki Ermənistanın Rusiyadakı səfirliyinə məxsus veb-saytda (http://russia.mfa.am/ru/) sonuncu məlumat bir həftə əvvələ məxsusdur. Ermənistanın Rusiyadakı səfirliyinin "Facebook"da rəsmi səhifəsi olduğu halda Azərbaycanın Rusiyadakı səfirliyinin belə bir səhifəsi mövcud deyil. "İnformasiya müharibəsi"ndə yer alacaq qurumların rəhbər şəxsləri, mətbuat xidmətləri sosial şəbəkələrin gücündən istifadə etməməklə "meydanı" qarşı tərəfə buraxmış olurlar. Azərbaycan xarici işlər nazirinin Elmar Məmmədyarovun "Facebook" səhifəsi olmadığı halda, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın Facebook" səhifəsi mövcuddur. Bu sahədə ermənilərdən nə qədər geri qaldığımıza onlarla nümunə göstərmək olar. Ümid edək ki, XXI əsrdə yaşayan "Novruzəli"lər yaşadığımız faciələrdən nəticə çıxaracaqlar...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top