ANAR QARAXANÇALLI

Məmurun əmrindəkilərinin günahı nədir?

Məmurun əmrindəkilərinin günahı nədir?

ANAR QARAXANÇALLI

Naxçıvan Daxili işlər naziri işdən çıxarıldı. Deyilənə görə, çoxdan çıxarılmışdı, əmri yeni verildi. Sonra nazirliyin müxtəlif rəhbər şəxsləri də işdən uzaqlaşdırıldı. İddialara görə, işdən çıxarılmış nazirin bütün əmlakı, bahalı maşınları müsadirə olunub. Səbəb? Səbəbi açıqlanmır. Amma fərziyyələr çoxdur. Narkotik maddə alverindən namus məsələsinə kimi. Bütün ehtimalların ortaq nöqtəsi puldur.

Bu gün Azərbaycanda yaşanan bir çox problemin əsasını "pul" təşkil edir. Küsən nazirlər, küsən idmançılar və s. Əslində, küsməkdə haqlıdırlar. Düşünün, bir ay milyon alan biri, o biri ay heç nə almır. Bu adam küsməyib nə etsin? Çünki xərclərini milyona görə formalaşdırıb. Halbuki, ona min verilsə idi, milyonu min ay yeyərdi. Xərclərini də minə görə formalaşdırardı. Təsəvvür edin, ali məktəb müəlliminin 300-400 manat aldığı ölkədə idmançı milyon alır. Sadəcə bu paradoks vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.

Dünyada 2 növ idarəetmə sistemi var: yazılı mətnlərə əsaslanan, bir də insana görə formalaşanlar. ABŞ və Qərb ölkələri birinci sistemə görə idarə olunurlar. Bu sistemdə dövləti idarə edən hər məmur hər an hesaba çəkilə bilər. Şəffaflıq təməl məsələdir. Qərb ölkələrinin insanları da bu sistemə öyrəşiblər. Trilyon dollarlıq büdcələri idarə edənlər velosipedlə işə gedib gəlirlər. Sadə həyat yaşayırlar. Vəzifə müddəti bitəndən sonrakı həyatı öncəkindən çox fərqlənmir. İşsizlik maaşı ortalama 1500-2000 dollardır.

Digər ölkələrdə isə sistem şəxslərə görə formalaşır. Hər hansı bir qurum, hətta nazirlik belə ehtiyaca görə deyil, bir insanı razı salmaq üçün təsis edilir. Bir yerə rəhbər təyin olunan şəxs başında olduğu qurumu dövlətə deyil, özünə sadiq insanlarla, qohum-əqraba ilə doldurur. Beləcə iş bilən insanlar ikinci planda qalır. Sonra bu rəhbər bir gün "arzuolunmaz şəxs" elan olunur. Bir anda həmin şəxslə birlikdə qurumdakı bütün adamlar gözdən düşür, işdən çıxarılır. Bir nəfər də demir ki, ay qardaş, Naxçıvanın Daxili işlər naziri tutaq ki, pis adamdı, bəs, "X" rayonun polis rəisinin günahı nə idi? Hamımız bunu normal qarşılayırıq. Çünki o rəisin o vəzifəyə anormal şəkildə yüksəldiyini bilirik. Ya nəyəsə görə, ya kiməsə görə. Vəzifədə olub dövləti soymayanlara səriştəsiz insan kimi baxırıq. Rüşvət almaq imkanı olub almayanı anormal insan kimi qəbul edirik.

Halal maaşı ilə dolanan neçə məmur var görəsən? Halal maaş demişkən.. Halal maaşlar nə qədərdir? Maaşlar tələbatımızı nə qədər təmin edir? 300-400 manat maaş alan müəllim, məmur, doktor başqa nə edə bilər?

Yazılı mətnləri, qanunları da insanlar yazır. Amma kiməsə görə deyil, hər kəsə görə. Qanunla idarə olunan sistemlərdə hamının mənafeyi nəzərə alınır. Fərq budur. Digər tərəfdən, rüşvəti önləmək üçün birinci addım maaşların yüksəldilməsidir. Maaşlar yüksək olmasa, rüşvətin önü kəsilə bilməz. İkinci addım, qanunların tətbiqidir. Bunun üçün də, azad məhkəmə sistemi olmalıdır. Şəxslərə görə deyil, qanunlara görə hökm verən məhkəmələrə ehtiyac var. Normal dövlət istəyiriksə, bunlar olmalıdır.

Dünənə kimi pul axırdı, problemlər çox görünmürdü. İndi axıntı bir az azalıb, ona görə də anormallıqlar üzə çıxır. Axıntı kəsilmədən, sistem problemləri həll olunmalıdır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top