ÜRFAN MƏMMƏDLİ

"Qarabağ" və "Qəbələ": davam, ya tamam?

"Qarabağ" və "Qəbələ": davam, ya tamam?

ÜRFAN MƏMMƏDLİ

Avropa miqyaslı turnirlərdə rəqib meydançada vurulan qol amili komandaların sərbəst futbol oynamaq imkanını məhdudlaşdırır. Meydan sahibi həmişə çalışır ki, qol vura bilməsə də, qapısının toxnulmazlığını qorusun. Ona görə də daim hücum etməli olan meydan sahibi gücünün böyük bir hissəsini arxada saxlamaq məcburiyyətində qalır. Bəzən isə komanda risk edərək, adi oyunlardakı kimi, hamılıqla rəqibin qapısına təzyiqi artırmağa çalışır. Bu cür komandaların müdafiəçiləri, adətən, daha sürətli olurlar. Çünki ani əks həmlənin qarşısını yalnız yüksək sürət hesabına almaq mümkündür. Amma ən sürətli futbolçu belə, gözlənilməz və sürətli əks-hücum zamanı öz mövqeyinə vaxtında çata bilmir. Əks-hücum komandaları da Avrokuboklarda məhz bu amil hesabına irəliləyir və hətta qrup mərhələsinə qədər gəlib çatırlar. Belə komandalar, adətən, qrup mərhələsində yüksək nəticə qazana billmirlər. Çünki qruplarda rəqib meydançada vurulan qol amili yoxdur, burada əsas məqsəd buraxdığından çox top vurmaqdır. Qrup mərhələsində hücum futbolu oynayan komandalar daha çox uğur qazanırlar.

Bizim Avrokuboklardakı təmsilçilərimizdən "Qarabağ" topu özündə saxlamaqla hücum üçün imkanlar axtaran komandadır. "Qəbələ" isə daha çox əks-hücumu sevir.

"Qarabağ"ın rəqibi "Şərif" Bakıda əks-hücumlara ümid bağlayırdı. Amma ağdamlıların sayıq və ehtiyatlı oyunu onlara uğur qazanmaq imkanı vemədi. Təəssüf ki, "Qarabağ"ın da hücumları nəticəsiz qaldı. İndi bu komandalar arasında rollar dəyişir. Doğrudur, "Qarabağ" əks-hücum komandası deyil, daha doğrusu, nəticələrini əks-hücumlar əsasında deyil, məzmunlu hücum fubolu oynamaqla qazanır. Amma "Şerif"in vəziyyəti elədir ki, o həm hücum etməlidir, həm də qapısını toxunulmaz saxlamalıdır. Çünki növbəti mərhələyə keçmək üçün qol vurmaq lazımdır. Qol vurmaq üçün isə müdafiəçilər hücum xəttinə aktiv kömək etməlidir. Deməli, "Şerif"in müdafiəsi Bakıdakı qədər qələbəlik olmayacaq. "Qarabağ"ın Bakıdakı hücum xətti Moldovada rəqibin müdafiəsini yarmaq üçün kifayət edə bilər. Üstəlik nəzərə alsaq ki, Kintana da meydançaya çıxa bilər, onda komandamızın növbəti mərhələ şansının heç də az olmadığını deyə bilərik.

"Qəbələ"nin Avrokuboklardakı nəticələrinə diqqət etsək görərik ki, bu komanda adətən, rəqib meydançanlarda daha təhlükəli olur. Yəni uğurlarının çoxu rəqib meydançada vurulan qol amili hesabına qazanılır. Bəlkə də elə bu səbəbdən də "Qəbələ" son iki ildə təsnifat mərhələlərində gözlənilməz uğurlu nəticələr qazansa da, qrup mərhələsində azarkeşlərini sevindirə bilmir.

Təəssüf ki, "Qəbələ" bu dəfə Yunanıstanda özünün əsas silahından istifadə edə bilmədi. Üstəlik, qapısını da toxunulmaz saxlaya bilmədi. İndiki vəziyyətdə "Panatinaikos"un qola ehtiyacı yoxdur. "Qəbələ" isə mütləq qol vurmalıdır və deməli, əks-hücum futbolundan imtina edib, hücum futbolu oynanmalıdır. Bu halda yunanlar əks-hücum imkanları əldə edəcəklər. Bəs, komandamız bu hücumlardan qoruna biləcəkmi? Əgər Yunanıstanda əsas diqqəti müdafiəyə yönəltməklə qol buraxdıqsa, Bakıda zəifləmiş müdafiə ilə qapımızın toxunulmazlığını təmin etmək, yəqin ki, asan olmayacaq. Amma burada bir nüans da var. "Panatinaikos" əks-hücum komandasıdırmı? Yəni yunanlar əks-hücumlardan "Qəbələ" qədər yararlana bilirmi? Aydın məsələdir ki, əks-hücumlar zamanı onların vuracağı bir qol cütlüyün taleyini öz xeyirlərinə həll edəcək. Əgər əks-hücum məsələsində "Panatinaikos" "Qəbələ"yə uduzacaqsa da, bu hələ bizə uğur vəd etmir. Bu o deməkdir ki, "Panatinaikos" dişsiz hücum və dəmir müdafiə ilə növbəti mərhələyə ümid eləyə bilər. "Qəbələ"nin uğuru isə dəmir müdafiə və taran tipli hücuma bağlıdır. Bu isə sensasiya deməkdir.

Adətən, Avropa miqyaslı turnirlərdə rəqib meydançada minimal hesablı məğlubiyyət də qənaətbəxş nəticə sayılır. "Qəbələ"nin 0-1 hesabı məğlubiyyətini isə komandamızın oyun üslubu baxımından qənaətbəxş saymaq olmaz. Amma bu, futboldur və burada hər cür nəticə mümkündür. Biz də inanaq ki, "Qəbələ" bizi sensasiyaya ilə sevindirəcək.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top