i
"Əminəm ki, gələcəkdə də siz bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında – harada ki hansısa ədalətsizlik, qanunsuzluq var – dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".
Prezident İlham Əliyevin iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada
Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki çıxışından.
Çoxdandır ki, dövlətin Kütlləvi İnformasiya Vasitələrinin inkişafına ayırdığı vəsaitin bölüşdürülməsində ədalətsizliyə yol verildiyi barədə yazmaq istəyirdim. Amma bunu siyasiləşdirib mənim adımı müxalifətçilər sırasında hallandılacağından çəkinirdim. Bəri başdan deyim ki, mənim 59 yaşım var, indiyə qədər üzvü olduğum siyasi qurum yalnız Ümumittifaq Lenin Kommunist Gənclər İttiaqı təşkilatı olub. Yeni nəsil anlasın deyə daha sadə dillə deyirəm: yalnız komsomolçu olmuşam. Bir dəfə hərbi xidmətdə olarkən Kommunist Partiyasına üzv olmağa cəhd etdim, onda da məni az qaldılar komsomoldan da çıxarsınlar. (Bu, uzun söhbəti və bu günkü mövzuya dəxli olmadığından bu barədə yazmıram). Sözün qısası, indiyə qədər heç bir partiyanın üzvü olmamışam. Bu yaşdan sonra da çətin ki, hər hansı siyasi patriya məni sıralarına qəbul eləsin. özüm də cəhd etmərəm. Amma yazdıqlarıma görə məni kiminsə şinelinə yamaq etməyə çalışanlar, yəqin ki, tapılacaq.
Nə isə... Keçək mətləbə...
Uzun illərdir ki, "Çempion-Azərbaycan" qəzetinə rəhbərlik edirəm. İdman ictimaiyyəti yəqin ki, bu qəzetin populiyarlığını danmazlar. Qəzetimiz fəaliyyətə başladığı gündən "Futbol+" qəzeti ilə rəqabtdə olmuşuq. Onlar bazara bizdən 5 il əvvəl girən yeganə qəzet olduqları üçün bu sahəni demək olar ki, tək başına "zəpt" etmişdilər. Amma biz asta-asta onlara yaxınlaşdıq. Bazarda öz yerimizi tutduq. Etiraf edim ki, heç vaxt "Futbol+" qəzetini ötə bilməsək də onlar həmişə bizim nəfəsimizi boyunlarının arxasında hiss etdilər.
Elektron informasiya vasitələri meydana çıxanda digər qəzetlər kimi, bizim də maddi vəziyyətimiz pisləşməyə başladı. Əlavə maliyyə qaynaqları axtarmağa başladıq. Elə bu vaxt ölkə Prezidentinin sərəncamı ilə Kütləvi İnformasiya Vastələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) təsis olundu. Təbii ki, biz də bu fonddan yararlanmaq istədik. Bu məqsədlə 3-4 mövsüm dalbadal KİVDF-yə müraciət etdik. Müraciətimiz fondun tələblərinə tam cavab versə də, bizə dövlət yardımı ayrılmadı. Rəqibimiz isə bu imkandan yararlana bildi. Rəqibimiz deyəndə mən "Futbol+" qəzetini nəzərdə tuturam. "Futbol+"in buna ehtiyacı və haqqı var. Bu sahənin digər qəzetləri isə populyarlıqda bizimlə yarışa girmək iqtidarında deyildilər. Daha doğrusu, nə biz, nə "Futbol+"çilər onları özümüzə rəqib saymırdıq. Amma bizdən qat-qat aşağı tirajla çıxan idman qəzetləri də KİVDF-dən yardım ala bildilər və bu gün də alırlar. Biz isə yalnız oxucunun ümidinə qaldığımıza görə qəzetin çap variantını dayandırmaq məcburiyyətində qaldıq.
Əlimdə KİVDF-nin qəzetlərə maliyyə yardımı ayırmasında ədalətsizliyə yol verdiyini sübut edən sənədlərim yoxdur. Amma sizə aşağıda bir cədvəl təqdim edirəm. Həmin cədvəldə KİVDF-nin maliyyə yadımı ayırdığı qəzetlərin siyahısı verilib. Siyahıya diqqət edin. KİVDF-nin rəsmi saytınadn götürülmüş bu siyahıda cəmi 33 qəzetin adı var. KİVDF təsis olunan gündən yalnız bu 33 qəzetə yardım ayırır. Siyahının başındakı "2016" ifadəsinin yerinə istənilən bir il adı yazsanız heç bir səhvə yol verməyəcəksiniz. Çünkü, hər il dəyişən yalnız bu siyahının başındakı ilin adıdır, qalan hər şey yerində qalır. Ən azından son dörd mövsümdə bu siyahıda bir nöqtə belə dəyişməyib.
2016-cı ilin I yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı
№ | Qəzetin Adı | Ayrılmış məbləğ |
1. | "Kaspi” qəzeti | 60 000 |
2. | "Yeni Azərbaycan” qəzeti | 60 000 |
3. | "Səs” qəzeti | 60 000 |
4. | "Mövqe” qəzeti | 60 000 |
5. | "Ədalət” qəzeti | 60 000 |
6. | "525-ci qəzet” | 60 000 |
7. | "Bakı-Xəbər” qəzeti | 60 000 |
8. | "Yeni Müsavat” qəzeti | 60 000 |
9. | "Kaspiy" qəzeti | 60 000 |
10. | "Ekspress” qəzeti | 60 000 |
11. | "Palitra” qəzeti | 60 000 |
12. | "Paralel” qəzeti | 40 000 |
13. | "Həftə içi” qəzeti | 40 000 |
14. | "Azad Azərbaycan” qəzeti | 40 000 |
15. | "Şərq” qəzeti | 40 000 |
16. | "Xalq Cəbhəsi” qəzeti | 40 000 |
17. | "Futbol+Qol” qəzeti | 40 000 |
18. | "Bizim Yol” qəzeti | 40 000 |
19. | "Olaylar” qəzeti | 40 000 |
20. | "Novoye Vremya” qəzeti | 30 000 |
21. | "Futbol+” qəzeti | 30 000 |
22. | "Üç Nöqtə” qəzeti | 30 000 |
23. | "Azernews” qəzeti | 30 000 |
24. | "Unikal” qəzeti | 20 000 |
25. | "Olimpiya Dünyası”qəzeti | 20 000 |
26. | "Oxu məni” qəzeti | 20 000 |
27. | "Reytinq” qəzeti | 9 000 |
28. | "Təhsil Problemləri” qəzeti | 9 000 |
29. | "The Business Times” qəzeti | 9 000 |
30. | "Hərbi And” qəzeti | 9 000 |
31. | "Türküstan” qəzeti | 9 000 |
32. | "İqtisadiyyat” qəzeti | 9 000 |
33. | "Hürriyyət" qəzeti | 9000 |
CƏMİ 33 Redaksiya | 1.223.000 |
Ölkədə elə cəmi 33 qəzet var? Ədliyyə nazirliyinin məlumatına görə Azərbaycanda 1500-dən çox qəzet çıxır? Bəs hanı o qəzetlər? Bəlkə onlardan cəmi 33-ü standartlara cavab verir? Artıq bu 33 qəzetdən başqa heç bir redaksiya yardım (və ya layihəsini maliyyələşdirmək) üçün KİVDF-yə müraciət etmir. Bilirlər ki, ala bilməyəcəklər. Bizim "Çempion-Azərbaycan" kimi...
Bu cədvəlin dəyişməz qalması sizə heç nə demir? Mən şübhələnirəm. Başqa qəzetlərə qarşı (bizim "Çempion-Azərbaycan" qəzetinə olduğu kimi) haqsızlıq olduğunu düşünürəm.
Mən yazının əvvəlində Prezidentin çıxışından gətirdiyim sitatı əsas tutub bu yazını yazdım. Yazdım ki, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələyə cəlb edim. Bununla həm Prezidentin istəyini yerinə yetirdim, həm də vicdanımı rahatlatdım. İndi görək məsələyə reaksiya verən olacaqmı?
Müəllifin fikirləri öz mövqeyini əks etdirir.