NAZİM MUSTAFAYEV

Elm bizim nəyimizdir?

Elm bizim nəyimizdir?

NAZİM MUSTAFAYEV

Gündəlik danışıqda, bir sıra yazılarda, videoroliklərdə, ümumiyyətlə, insanların zehinlərində belə bir fikrin dolaşdığına rast gəlmişəm: "Başqaları aya robot göndərir, sürücüsüz idarə olunan maşın, pilotsuz təyyarə düzəldir, "süni zəka" üzərində tədqiqat və təcrübələr aparır, elmin bütün sahələrində yeni-yeni kəşf və ixtiralar edirlər. Ancaq biz, yəni müsəlman aləmi isə hələ də hər hansı fiqhi və ya etiqadi məsələ haqqında müxtəlif məzhəblərin fərqli görüşlərini müzakirə etməklə məşğuluq".

Bu barədə bir yazıda nəsə konkret fikir bildirmək, hər halda, çətin olardı. Ancaq sadalanan bu fikir və ifadələr haqqında fikirlərimi bildirmək istəyirəm. Görəsən, bu ifadələr həqiqəti nə qədər əks etdirir? Bu sözlərdə həqiqət payı nə qədərdir? Gəlin belə bir sual da verək: "Həqiqətən də, biz fiqhi və etiqadi məsələləri doğru və düzgün şəkildə müzakirə edir, dinimizi anlamağa çalışırıqmı?

İslam dinində ibadətlə bağlı hökmləri, insanların lehində və əleyhində olan buyruqları öyrədən elmə "fiqh" adı verilib. Fiqh sözünün lüğəvi mənası anlamaq, başa düşmək, qavramaqdır. Dinin özündə anlamağa, başa düşməyə və fəhm etməyə geniş yer verilib. Quran ayələrini başa düşmədən oxumaq və əzbərləməklə, ayələri anlayıb oxumaq arasında, əlbəttə, çox fərqlər var. Zənnimcə, biz həyatımızda nə elmə, nə də dinə layiqincə yer verə bilmişik. Əgər dinimizi düzgün başa düşsək, dini elmlərlə dünyəvi elmlərin, bir vəhdətin parçaları olduğunu rahatlıqla görərdik. Qurana nəzər salanda dini və dünyəvi elmlərin ayrılmadığının şahidi oluruq.

Bunu da unutmayaq ki, mənəviyyatımızda insanı Cənab Allaha aparan elm anlayışı ilə, insanı labarotoriyaya həbs edən elm anlayışı eyni tutulmayıb. Teleskopla müşahidə zamanı insana yalnız ulduzlar və qalaktikaları göstərən elmlə, "Ey Rəbbimiz! Sən bu göyləri boş yerə yaratmamısan!" (Ali-İmran, 3/191) dedirən elm anlayışı eyni deyil. Qurandakı elmi həqiqətlər təkcə məlumat vermək üçün deyil, Allahın varlığını bizə tanıtmaq üçün bəyan edilmişdir.

Rəvayətə görə, orta əsrlərdə İstanbul fəth edilmək üçün mühasirəyə alınanda Ayasofya kilsəsində rahiblər mələklərin hansı cinsə aid olduğunu müzakirə edirmişlər. Düzdür, biz müsəlmanlar müasir dövrdə dindən danışanda mələklərin hansı cinsdə olduğunu müzakirə etmirik. Əvvəla, İslam etiqadında mələklər nurani varlıqlardır və onların cinsiyyəti yoxdur. Din haqqında danışanda isə, Ramazan mövsümündə orucu pozan və pozmayan hallar, Qurban bayramı ərəfəsində qurbanlıq heyvanların xüsusiyyəti, ilin o biri günlərində isə digər fiqhi məsələlər müzakirələr edilir. Bu sadalananlar, əlbəttə, hər müsəlman üçün mühüm məsələlərdir. Bunları təbii ki, bilməliyik. Ancaq, bunu da unutmamalıyıq ki, "...Allahın iki kitabı var, biri Qurandır. Ona tabe olmağın mükafatı həm dünyada, həm də axirətdə verilir. Digəri də Allahın kainat kitabıdır. Fizika, kimya, biologiya və s. elmlərə yiyələnməkdir. Kainat kitabına tabe olub-olmamanın mükafatı və ya cəzası isə bu dünyada verilir".

Bu minvalla həyatımıza nəzər sala bilərik... Hər kəsin əlində smartfon və ya ağıllı telefonun olması, şəhərdə, bahalı maşınların boy göstərməsi, sözün əsl mənasında, inkişafın göstəricisi saymaq olmaz. Çünki bu halda biz bu elm və texnologiya məhsullarının bazarı mövqeyindən çıxış edirik. Sadalanan və sadalanmayan digər onlarca-yüzlərcə məhsulun istehlakçısı sayılırıq. Düşünürəm ki, yalnız məhsulu alan və məhsula ehtiyac duyan tərəf olmaq çox vahiməli haldır. Nəticələri çox ağırdır. Nümunə üçün, ölkəmizdə dolların bahalaşmasını göstərə bilərik. İl yarım əvvəl dolların bahalaşması ilə hər şey bahalaşdı. İndi də hələ bunun sancılarını çəkirik. Əlin içi böyüklüyündə xarab olmuş telefon ekranını düzəltmək üçün 100, bəzən də 200 manat pul veririk. Bunun əsas səbəbi bu məhsulları özümüzün istehsal etməməyimizdir. Siz başqa nümunələr də verə bilərsiniz...

Dünyanın istənilən sayılıb-seçilən firma və ya markasında milliyətindən asılı olmayaraq, müsəlman bir mütəxəssisə rast gəlmək olar. Dünyanın ən güclü üniversitetlərində müsəlmanlar da təhsil alır və məzun olurlar.

Qərbin intibah dövrünün ərsəyə gəlməsində daha əvvəl baş verən İslam intibahının rolu danılmazdır. Bunu insaflı hər bir elm adamı qəbul edir. Ancaq sistemli şəkildə son 3-4 əsrdə müsəlman aləminin nə isə ortaya qoyduğunu söyləmək çətindir.

Fiqhi məsələlərə gəldikdə isə, bu işin mütəxəssisi olan alimlər, ilahiyyatçılar tərəfindən danışılması, izah edilməsi, xalqa çatdırılması, əlbəttə, vacib məsələdir. Dini məsələlər mütəxəssisləri tərəfindən izah edilib danışılmalıdır ki, xurafat və mövhumat zehinlərdə, insanların əməllərində, cəmiyyətdə özünə yer tapa bilməsin.

Bir televiziya verilişində Quran ayələrinin elmi yönləri ilə bağlı fikir bildirən, elmi təfsir yazan müfəssirlər haqqında belə deyildiyinə şahid olmuşdum: "Avropanı öz silahları ilə vurmaq məqsədilə bəzi müsəlman alimləri ayələrin elmi yönlərinin izah edildiyi təfsirlər yazmışlar". Bu yanaşma tərzi qarşısında, açığı, təəccüblənmişdim. Bu ifadələrdə sanki elmi hələ öz malı kimi görməmə, elmi özününküləşdirməmə anlayışını hiss etdim. O zaman belə bir sual da ortaya çıxır... Əgər elm Avropanın silahıdırsa, bəs bizim nəyimizdir?

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top