ALLAHVERDİ AYDIN

Yalançının evi yandı heç kim inanmadı

Yalançının evi yandı heç kim inanmadı

ALLAHVERDİ AYDIN

Dünya bizə niyə inanmır? İllərdə şikayət edirik. Dünyanı ikili siyasətdə ittiham edirik. İddia edirik ki, dünya bizim faciələrimizə göz yumur. Bəli dünya bizim faciələrimizə göz yumur. Bir çox hallarda özlərini görməməzliyə vururlar. Ermənistan ordusu tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhraya münasibət də fərqli olmadı. Səfirlər səviyyəsində 2-3 kəlməlik başsağlığından başqa heç nə eşitmədik. Bu inkar olunmazdır. Amma heç fikirləşmiziniz ki, dünyanın bizə olan bu laqeyid münasibətinin səbəbi nədir. Sağımızı-solumuzu ittiham edirik, amma millət olaraq bir dəfə də olsun güzgüdə özümüzə baxmırıq. Güzgüdə özümüzə baxsaq görərik ki, bizə olan laqeyid münasibətin səbəbkarı elə biz özümüzük. Çünki biz yalan danışırıq. Dünya bizi yalançı kimi tanıyır. "Yalançının evi yandı heç kim inanmadı" məsəlində olduğu kimi, artıq heç kim bizə inanmır və inanmamaqda da haqlıdırlar. Yalan danışmağa o qədər aludə olmuşuq ki, ehtiyac olmadığı halda belə yalan danışırıq. Hətta faciələrimizi belə yalanlar üzərindən təbliğ edirik.

Ermənistan ordusu tərəfindən qətlə yetirilən 2 yaşlı Zəhranın adına açılan "Vikipediya" səhifəsinə yalan məlumat yerləşdiriblər. Ayın 4-də Zəhra qətlə yetirilib və bir gün sonra - ayın 5-də "Vikipediya"da səhifə açılıb. Orda yazıblar ki, ayın 6-da (bunu yazanda ayın 5-i olub) Bakıda səfirliklərin qarşısında yürüş keçirilib. Ehtiyac olmadığı halda belə bir yalana nə ehtiyac vardı. Deyək ki, həmin an hansısa səbəbdə belə bir yalana, saxtakarlığa yol verdiniz. Sonra niyə bu səhvi düzəltmirsiniz? Bilə-bilə niyə bu yalanlara davam edirsiniz? Bunu yazanlar özlərini nə hesab edirlər. Hesab edirlər ki, dünya bu qədər qırmızı yalanı görməyəcək? Özünüzdən başqa heç kimi aldada bilməzsiniz.

Keçmişdə iqtidar düşərgəsində, hazırda isə müxalifət düşərgəsində fəaliyyət göstərən siyasətçi-politoloq "Facebook" səhifəsində Zəhranın saxta fotosunu paylaşıb. Erməni mətbuatı da hər zamankı kimi bu fürsəti əldən verməyib və bunu əleyhimizə istifadə edərək bizi saxtakarlıqda ittiham etməyə başlayıb. Ancaq həmin siyasətçi-politoloq bu fotonun saxta olduğunu bildiyi halda paylaşmağa davam edir.

Bu cür bəsit yalanlardan, bu cür saxtakarlıqlardan sonra dünyanı ikili siyasətdə ittiham etmək nə qədər məntiqlidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top