NAZİM MUSTAFAYEV

Alim və elmin izzəti (2)

Alim və elmin izzəti (2)

NAZİM MUSTAFAYEV

İslam alimlərindən biri hələ gənc yaşlarında şəhər valisinin təkidi ilə onun evində uzun müddət qalmışdı. Alim, naməhrəmə baxmamaq məsələsində o qədər həssas idi ki, valinin evində üç gənc qızı olmasına baxmayaraq, aylar ərzində bu qızları bir-birindən ayırd edə bilməmişdi. "Nə üçün baxmırsan?" deyə soruşulanda isə: "Elmin izzətini qorumaq məni naməhrəmə baxdırmır" cavabını vermişdir.

İslam alimləri dövrün idarəçiləri ilə sıx dialoqda olmağı yalnız o halda məqbul sayırdılar ki, niyyət, yeri gələndə idarəçilərə məsləhət və tövsiyə vermək olsun. Onlar alim məsləhətindən uzaq qalmasınlar. Bəzən də elə olurdu ki, hökmdar ya da xəlifənin özü bu dəyərli alimlərə yaxın olmaq istəyirdi. Şirvanşah hökmdarı Xəlilullah Seyyid Yəhya Bakuvi və muridləri üçün saray kompleksinə ən yaxın məsafədə xanəgah tikdirmiş, alimin burada elm və irşadla məşğul olmasını təklif etmişdi. Seyyid Yahya Bakuvi saraya bu qədər yaxın olmasına baxmayaraq, elmin və dinin izzətini qorumuş, Kəşful-Qulub əsərində də hökmdara ədalət barədə tövsiyələr vermişdir. Əks halda bir İslam aliminin dünya mənfəəti üçün hökmdara, idarəçilərə yaxın olması elmin və dinin izzətini qorumaqla bir araya sığmazdı. Dəyərli tədqiqatçı Mehmet Rıhtım ilk dəfə Bakıda Şirvanşahlar saray kompleksinin çox yaxınlığında Seyyid Yahya Bakuvinin türbəsini görmüş, uzun araşdırmalardan sonra həm hökmdarın alim və elmə çox dəyər verdiyini, həm də elmin və dinin izzətini qorumuş böyük bir İslam aliminin məzarı ilə qarşılaşdığını anlamışdı.

Həmçinin dinin izzətini qorumaq Əhməd ibn Hənbəlin, Buxarinin, ya da Seyyid Yəhya Bakuvinin həyatına xas, tarixən çox uzaqlarda qalmış bir vəzifə kimi başa düşülməməlidir. Təəssüf ki, müasir dövrdə müsəlmanlıqla əxlaq bir-birindən xeyli uzaqlaşmışdır. Bu gün bir çox müsəlmanların İslama baxışı və ya əxlaq anlayışı "dindar insan əxlaqlı olmaya bilər" deyən Pyer Beylin anlayışından çox da fərqlənmir. Halbuki bu çox yanlış fikirdir. Həqiqətdə dindar olmaq əxlaqlı olmağı tələb edir. Hər bir müsəlman öz şəxsində dinin izzət və şərəfini qorumağa çalışmalı, əxlaqını daha da gözəlləşdirməlidir. Bu da, "əxlaqda gözəl örnək olan" (Əhzab, 33/21) Peyğəmbərimizin həyatını nümunə götürməklə mümkündür.

Tarixən həm elmin, həm də dinin izzətini qorumaq vəzifəsi alimlərin çiyninə düşmüş və alimlər bu dəyərli missiyanı layiqincə yerinə yetirmişlər. Ancaq bu həmişə belə olmaya bilər. Yeri gələndə elmin izzətini qorumaq işi dövlətlərin də üzərinə düşür. Günümüzdə bağçadan tutmuş universitetə qədər təlim-tərbiyə müəssisələrində çalışan müəllimlərin, elm adamlarının, tədqiqatçıların sosial qayğılarını həll etmək, maaşlarını orta və yüksək səviyyə çatdırmaq elmin izzət və namusunu qorumaq baxımından önəmli addımlardan biri olardı.

Elm və alimin cəmiyyət və dövlət həyatında misilsiz yeri var. Hətta elə alimlər yaşamışdır ki, onların ixtiralarının müəlliflik haqlarını nəinki insanlar, hətta dövlətlər belə ödəyə bilməz. Məsələn, Eynşteyn, Nikola Tesla və həmyerlimiz Lütfi Zadənin xidmətlərini hansı pul vahidi ilə ölçmək olar?! Bunu dini elmlərə də şamil edə bilərik... Buxari və Müsliminin "Səhih"lərini nə ilə əvəzləmək olar? Əhməd ibn Hənbəlin "Müsnəd"i yenidən yazıla bilərmi? Qəzzali, İbn Sina və İbn Rüşdün yerini hansı alimlərlə doldurmaq olar? Sözün qısası, həyatda ya elmi öyrədən, ya elm öyrənən, ya elmi dinləyən, ya da elmi sevən olmalıyıq. Əks halda cəhalət yaxamızı buraxmaz.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top