ALLAHVERDİ AYDIN

22 ildən sonra yada düşən anayasa...

22 ildən sonra yada düşən anayasa...

ALLAHVERDİ AYDIN

Anayasamızın (Konstitusiya) 43-cü maddəsinin 2-ci bəndində belə bir cümlə var: "Dövlət insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür". Bu cümləni ilk dəfə təxminən 20 il əvvəl oxumuşam və anayasamızda qeyd olunan "xüsusi tədbirlər" ifadəsinin nə mənayə gəldiyini bu ilə kimi başa düşə bilməmişəm...

Son 17 il ərzində, yəni 2000-ci ildən bu ilin əvvəlinə kimi Azərbaycanda əhalinin sayı 1 milyon 672 min nəfər artaraq 9,7 milyonu ötüb. Bu, təxminən 21% artım deməkdir. Başqa bir statistikaya görə hər il ölkədə orta hesabla 70-75 minə yaxın nikah qeydə alınır. Göründüyü kimi, ölkəmizdə həm insanların, həm də yeni ailə quranların sayı sürətlə artır. Təbii ki, belə olan halda mənzilə olan tələb də çoxalır. Çünki yeni ailələrə yeni mənzillər lazımdır. Ancaq mövcud qiymətlər gənc ailələrə mənzil almağa imkan vermir. 250 manat maaş alan gənc müəllimin ən ucuzu 50-60 min manat olan mənzilə sahib olması mümkün deyil. Belə insanlar ən yaxşı halda şəhərətrafı qəsəbələrdən 3-5 min manata 1-2 sot torpaq sahəsi ala bilərlər. Bundan sonra boğazdan kəsilən qəpik-quruşun və dost-tanışdan alınan borcun hesabına babat bir evə sahib olmaq mümkündür. Lakin, bu da hər adama qismət olmur. Belə evlərin böyük əksəriyyətinin sənədləri də olmur. Ev sahibləri əlavə "xərclərdən" qaçmaq üçün sənədləşdirməyə maraq göstərmirlər. Elə ona görədir ki, ölkə ərazisində 500 mindən çox sənədsiz tikili mövcuddur. Bu, dəhşətli faktı ilk dəfə Dövlət Reyster Xidmətinin (DRX) keçmiş rəisi Arif Qaraşov səsləndirib. Arif müəllim bu faktı səsləndirən zaman DRX-nin rəisi vəzifəsini icra edirdi. Sonradan bu rəqəm bu sahənin mütəxəssisləri və Qeyri Hökumət Təşkilatları tərəfindən 800 minə, hətta 1 milyona qədər artırıldı. Azərbaycan kimi kiçik bir ölkə üçün bu, həddindən artıq böyük rəqəm hesab olunmalıdır. Təkcə mənzil fondu ilə bağlı rəsmi statistikaya nəzər salmaq kifayətdir ki, bu sahədə vəziyyətin nə qədər acınacaqlı olduğunu görə bilək. Bu problemin əsas səbəbi hazır və sənədli mənzillərin insanlar üçün əlçatan olmamasıdır. Açıqlanan rəsmi statistika da bunu təsdiq edir. Məsələn, Statistika Komitəsinin açıqladığı sonuncu göstəricidə qeyd olunur ki, il ərzində ölkə üzrə 501, Bakı şəhəri üzrə cəmi 51 ailə yeni mənzillə təmin olunub. İl ərzində 70 min yeni nikaha qarşı 501 yeni mənzil nə deməkdir? Rəsmi statistikaya inansaq, deməli ölkə üzrə yeni ailə quranların cəmi 0,7%-i yeni mənzillə təmin olunub. Təsəvvür edin ki, paytaxtın kənar rayonlarında yerləşən 2-3 otaqlı mənzilləri 60 min manatdan ucuz almaq mümkün olmur. 250-300 manat maaş alan insanlar bu mənzillərə necə sahib ola bilərlər? 21-ci əsrdə nə mağarada, nə də küçədə yaşamaq mümkün deyil. İnsanların mənzil sahibi olması üçün mütləq çıxış yolu olmalıdır.

Bunun yeganə çıxış yolu isə odur ki, anayasamızın 43-cü maddəsinin 2-ci bəndində qeyd olunduğu kimi, dövlət insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görməlidir. Nəhayət ki, 22 ildən sonra anayasamızda belə bir bəndin olduğunu xartıralayaraq dövlət bu ildən etibarən sosial evlərin tikintisinə start verib. Ümid edək ki, sosial evlərin tikintisi insanların mənzilə olan təlbatını ödəyə biləcək.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top