ALLAHVERDİ AYDIN

Yorğunluq...

Yorğunluq...

ALLAHVERDİ AYDIN

Mənə elə gəlir ki, bizim cəmiyyətdə insanlar özlərini çox yorğun hiss edirlər. Bu yorğunluq onların hərəkətlərində, danışıqlarda açıq-aşkar hiss edilir. Küçələrdə gülümsəyən insana demək olar ki, rast gəlmək mümkün deyil. Hər kəs qaş-qabaqlıdır. İnsanlar arasındakı dialoqlar çox qısa və sərt tonda olur. Birindən bir söz soruşsan, alacağın cavab ya hə, ya yox, ya da bilmirəm olcaq. Dördüncü bir kəlməni insanların dilindən eşitmək indi çox çətindir.

Mağazalarda satıcılar heç vaxt öz müştərilərinə nə "xoş gəldiniz" deyirlər, nə də "yaxşı yol" arzulayırlar. Deyəndə də elə deyirlər ki, sanki kimsə onları buna məcbur edir. İki kəlməni ağızlarından zorla çıxarırlar. Məsələn, "Azpetrol"un yanacaqdoldurma məntəqələrində olduğu kimi. Görünür insanlar o qədər yorğundurlar ki, bir-birinə xoş söz deməyə belə çətinlik çəkirlər.

Metronun girş qapılarında dayanan polislərimiz o qədər yorulublar ki, əllərindəki 300-400 qramlıq "bomba axtaran" qurğunu sərnişinlərin çantalarına doğru uzada bilmirlər.

Mətbuatda, sosial şəbəkələrdə aparıcı dövlət strukturlarına rəhbərlik edən məmurlar barəsində silsilə yazılar yazılır. Bu yazıların əksəriyyətrində həmin məmurlar cinyət əməli (rüşvət, korrupsiya və. s) törətməkdə ittiham olunurlar. Oxuyandan sonra fikirləşirsən ki, əgər bu yazılanlar yalandırsa onda bunu yazanlar, yox əgər doğrudursa onda barəsində yazılan məmurlar həbs olunmalıdır. Amma bunların heç biri olmur. Belə görünür ki, hüquq-mühafizə orqanları və məhkəmələr də çox yorulublar. Bu cür yazılara münasibət bildirəcək taqətləri qalmayıb.

Uzun illərdir hakimiyyətə gələ bilməyən müxalifət liderləri, seçicilərlə daha tez-tez görüşmək, onların dəstəyini qazanmaq əvəzinə partiya sədrliyindən kənara çəkilirlər. Etibar Məmmədov, Lalə Şövkət, İsa Qəmbər kimi siyasətçilərin partiyalarından uzaqlaşmalarının səbəbi də böyük ehtimalla yorğunluqla bağldır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top