NAZİM MUSTAFAYEV

Nə üçün varam?

Nə üçün varam?

NAZİM MUSTAFAYEV

Gəlin bu suala əvvəla bir komediya filmindəki Tinnə kəndinin muxtarı Yusif ağanın simasında cavab tapaq. O, heç bir rəsmi qeydiyyatı olmayan Tinnə kəndinin tanınması üçün dövlət böyüklərinə məktublar yazır. Nəhayət, Yusif ağa və onun şəxsində bütün kənd camaatı: “Siz qeydiyyatda görünmürsünüz, rəsmi olaraq yoxsunuz” cavabını alır. Yusif ağa da bu cavab qarşısında öz manifestini bu cür dilə gətirir: “Mən necə yoxam? Budur qarşınızdayam. Mən yaşadım, güldüm, ağladım, yemək yedim, yatdım, külfətimi böyütdüm. Gözüm və qəlbim var. Mən görürəm. Söyləyin görək, mən necə yoxam?”

Həyat da belədir. Kimisi Yusif ağa kimi ümumiyyətlə var olmaq uğrunda mübarizə aparır. Kimisi də nə üçün var olduqlarına cavab axtarır.

Yəqin ki, bu suala hər kəsin bir cavabı var. Nə üçün varam? Elə dühalar bu sual üstündə baş sındırıb ki, gəl görəsən. Dekart və Albert Kamyu kimi filosof-yazıçıların cavabları məşhurdur. Dekart “Düşünürəm, o halda varam” deyirdi. Albert Kamyu da, “Üsyan edirəm, demək, varam” deyəcəkdi.

Gəlin elə Dekartdan başlayaq. O, bu fikrə necə və hardan gəlmişdir? Dekarta görə bütün bilgilərdən, maddi dünyanın varlığından şübhə edilməlidir. Hətta yaşadığımız bu dünya da yuxuda gördüklərimiz kimi xəyallardan ibarət ola bilər. Belə ki, biz yuxuda özümüzü həqiqi aləmdə sanırıq. Halbuki xəyallar aləmində oluruq. Yaşadığımız bu həyatın da həqiqi aləm olduğuna dair əlimizdə qəti dəlil yoxdur. Ehtimal ki, bu aləm də bir xəyal və yuxudan ibarətdir. Dekart bildirir ki, şübhəsiz bir məsələ varsa, o da məhz şübhələnməkdir. Şübhələnmək isə düşünən insana xas keyfiyyətdir. Düşünmək isə var olmaq mənasına gəlir. Düşünürəmsə demək ki varam.

Buna oxşar fikirlərə əsrlər əvvəl İslam alimi Qəzzalinin “əl-Munqiz” əsərində rast gəlirik: “Şübhələnmək həqiqəti əldə etmək üçün yeganə yoldur. İnsan şübhələnmirsə, demək, düşünmür. Düşünməyən insan həqiqəti görə bilməz. Həqiqəti görə bilməyən də zəlalətə batıb qalar.”

Dekartın real həyatı yuxu aləmində görünənlərə bənzətməsi Qəzzalinin “əl-Munqiz” əsərində qeyd etdiyi: “İnsanlar yuxudadır, öləndə oyanacaqlar” hədisini ağıla gətirir. Elə bu bənzərliklərə görə fəlsəfə tarixçilərini bu sual maraqlandırır: Görəsən, Dekart Qəzzalinin “əl-Munkız” əsəri (tərcüməsi) ilə tanış olmuşdu?

Albert Kamyuya görə də, ədalətin və bərabərliyin olmadığı, haqsızlıqlar və şərin hakim kəsildiyi bu ölümlü dünyada yaşamaq absurd, boş və mənasızdır. Yeganə çıxış yolu isə belə bir absurdla mübarizə aparmaq, üsyan və baş qaldırmaqdır. Albert Kamyu nəhayət: “Üsyan edirəm, demək, varam” qənaətinə gələcəkdi.

Bir nöqteyi-nəzərdən dünyanın dəyərsizliyi ilə bağlı nə qədər Quran ayəsi və Peyğəmbər kəlamı sadalamaq olar. Bu aspektdən Albert Kamyuya haqq vermək də olar...

Bəli, dünya öz-özlüyündə dəyərsizdir, fani və ölümlüdür. Bu dünyada mütləq ədaləti bərpa etmək mümkün deyil, bu dünyada nisbi şər var. Bunlarla yanaşı bu dünya axirətin tarlasıdır, biz bu dünyaya imtahan üçün göndərilmişik, bu dünya əməllərin yazıldığı dəftərdir, imtahanın keçirildiyi salondur. Bu dünyada Haqqın rizasını qazanmağa çalışmalıyıq. Bu baxımdan da dünya çox dəyərlidir. Absurd, yəni ağıla zidd deyil, boşuna yaradılmayıb.

Təbii ki, heç bir norma, prinsip, qanun və ənənə tanımamaq anlayışı ilə hərəkət etmək, yəni hər şeyə üsyan etmək başqa şeydir, nəfsə, şeytana, həvəslərə, günahlara üsyan etmək tamam başqa şeydir. Birincisi anarxiya doğurar. İkincisi isə mənəvi rahatlıq, kamillik və ictimai sabitlik doğurur.

Mütəfəkkirin məşhur fikirlərini onların bütün düşüncə sistemi prizmasından, yəni bir bütövün parçası kimin baxmaq lazımdır. Dekart və Albert Kamyunun “o halda varam”la bitən cümlələri də bunun kimidir.

Zənnimcə, vəzifə, sənət və işindən asılı olmayaraq hər bir insan işini sevərək, düzgün yerinə yetirərək öz varlığını ortaya qoya, “mən varam, biz varıq” deyə bilər. Bir işi Bethovenin mahnı bəstələdiyi, Şekspirin şer yazdığı, Mikelancelonun rəsm çəkdiyi kimi ən gözəl yerinə yetirmək, zənnimcə, var olmanın bir sübutudur. Əks halda varsan ya da yoxsan, nə fərq edər...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top