NAZİM MUSTAFAYEV

O qədər də müəmmalı deyil!

O qədər də müəmmalı deyil!

NAZİM MUSTAFAYEV

Misirdəki piramidalar necə tikilib? Ya da okean ortasında Pasxa adasındakı 30 tonluq Moai heykəllərini kimlər, nə məqsədlə ucaldıb? Çox da uzağı getməyək, bəs, görəsən, İçərişəhərdəki Qız qalasının inşa edilmə qayəsi nə idi, əsas funksiyası nə olub? Düşünürəm ki, bu cür sualların cavabı insanları maraqlandırır. Bu əsərlərin meydana gəlməsi ilə o dövrün insanlarının düşüncəsi, dünya görüşü və dini əqidələri arasında əlaqələr vardır. Biz dövrün şərtlərini, elmi səviyyəsini, insanları məşğul edən sosial məsələləri bilsək, anlasaq, müəmma kimi görünən bu tarixi abidələrin o qədər də sirli olmadığını anlayarıq. Elə bir qaranlıq nöqtə yoxdur ki, elmin nuru ilə aydınlanmasın.

İndi isə gələk əsas mətləbə... Görəsən, bütün müsəlmanların etiqad və ibadət məsələlərində tabe olduğu məzhəblər hansı şəraitdə formalaşıb? Məzhəbləri ortaya çıxaran amillər nələr idi? Bu yazıda İslamda məzhəblərin ortaya çıxması məsələsinə aydınlıq gətirməyə çalışacağıq ki, heç də anlaşılmaz və qaranlıq olmadığını yaxından görək.

Əvvəla, belə bir şəhər təsəvvürümüzə gətirək. Evdə, küçədə, restoranda, avtobusda, taksidə, bir sözlə, şəhərin hər yerində fizika elmi haqqında danışılsın. Bu şəhərdə böyüyən bir uşaq balacalığından etibarən özünü fizika elminin əhatəsində görsün. Həmin şəhərdə bütün televiziya verilişləri, axşam xəbərləri də ancaq fizika elmindən bəhs etsin. Küçədəki hər bir velosiped, hər bir avtomobil yeni ixtira və kəşflərdən xəbər versin. Uşaq ayaqqabısını tikdirməyə gedəndə pinəçinin də savadlı fizik olduğunu görsün. Meyvə dükanına gedəndə satıcı tərəzidə meyvə çəkərkən: "Bilirsən, mənim belə bir ixtiram var" deyib ixtirasından danışsın. Belə bir şəhərdə, belə bir mühitdə böyüyən uşağın məşhur fizik olması nə qədər asan və təbiidir, elə deyilmi? Əgər bir uşağın istedad və bacarığı varsa, çox da əziyyət çəkmədən fizika elminə dərindən yiyələnər.

Bu "xəyal şəhər"də fizika elminin yeri nədirsə, VII-X əsrlərdə İslam cəmiyyətində din elmlərinin yeri və mövqeyi də odur.

VII-X əsrlərdə müsəlman alimlərinin ən ümdə işi ilahi kəlam və Həzrət Peyğəmbərin buyruqlarını öyrənmək, anlamağa çalışmaq idi. Balaca bir uşaq "xəyal şəhər"də olduğu kimi gözünü açandan yetkinlik yaşına çatanacan ayə və hədislərin mütaliə edildiyi bir cəmiyyətdə böyüyürdü. "Görəsən, bu ayədə Cənab Allah bizə nəyi əmr edib", "görəsən, bu hədis bizə nə bildirir" kimi suallar əsas məsələlər idi. Bu məsələlər dövrün insanları üçün o qədər vacib idi ki, Peyğəmbərin bir sözünü başa düşmək üçün bir şəhərdən o birinə uzun səyahətə çıxmaq adi işə çevrilmişdi.

Xüsusilə Kufə, Bağdad və Mədinə şəhərlərində VII-X əsrlərdə din elmləri elə bir səviyyəyə çatmışdı ki, o dövrlərdə yazılan təfsir, hədis, fiqh əsərləri bu gün də müsəlmanların əsas mənbələri sayılır. Məzhəb alimlərinin əksəriyyəti də məhz bu dövrün ortaya çıxardığı dahi şəxsiyyətlər olmuşdur.

Hər bir elm zaman keçdikcə daha da inkişaf edir və təkmilləşir. Kimya, fizika, coğrafiya elmləri 200 il əvvəllə müqayisədə xeyli inkisaf etmişdir. Bu misalı digər dəqiq elmlərə də şamil etmək olar. Ancaq təfsir, hədis, fiqh, kəlam və s. dini elmlərdə məsələ belə deyil. Sadalanan bu elmlərə dair ən sanballı əsərlərin yazılma tarixi ən az min il əvvələ gedib çıxır. Müasir dövrdə yazılanlar isə həmin mənbələrin izahı və ya şərhi kimi çıxış edir.

Bu hekayəyə nəzər yetirək... Afrikalı bir gənc böyük bir şəhərdə tələbə yoldaşı ilə gəzərkən o səs-küydə çəyirtkə səsi eşidir. Çox keçmir ki, yaxınlıqda bir bağdakı çəyirtkəni gedib tapır. Tələbə yoldaşı isə buna çox təəccüblənir. "Səndə qeyri-adi bacarıq var. Bu qədər səs-küyün arasında çəyirtkə səsini necə eşitdin, necə gedib onu tapa bildin?" deyə soruşur. Afrikalı gənc qeyri-adi bacarığının olmadığını izah etmək üçün küçənin ortasında bir qəpik atır. Qəpik yerə düşərkən yaydığı cingilti səsi hər kəsin diqqətini cəlb edir. İnsanlar bir çox səsin içərisində qəpiyin cingiltisini tanıyırlar. Hamı səs gələn tərəfə baxıb qeyri-ixtiyari ciblərini yoxlayır. Demək ki, insanlar daha çox nəyə dəyər verirsə, nəyin və nələrin əhatəsində yaşayırsa, onları görür, eşidir və hiss edirlər.

Həm səhabə dövründə, həm də sonrakı əsrlərdə müsəlmanların ən çox dəyər verdiyi məsələ ayə və hədislərin ən incə mənalarını anlamaq olmuşdur. Onlar İslamın gətirdiyi dəyərlərdən dörd əllə yapışmış, onları cümlə-cümlə, söz-söz anlamağa çalışmışlar. Bu səbəblə də bizim görə bilmədiyimiz, bizim qavramadığımız mənaları anlamışlar. Nəticədə bizə böyük bir elmi və mənəvi irsi miras qoymuşlar.

Hər bir müsəlmanın yüz minlərlə hədisi və 6 mindən çox Quran ayəsini oxuyaraq qarşılaşdığı hər bir məsələ haqqında hökm çıxarması müşkül məsələdir. Bu işi hər bir müsəlmanın öz öhdəsinə buraxmaq: "ayə və hədisləri özün oxu, özün anla və əməl et!" demək haqsızlıq olardı. Alimlər namaz, oruc, zəkat və digər ibadətlərlə, həmçinin gündəlik həyatla bağlı hər bir məsələnin hökmünü minlərlə ayə və hədisi təhlil edərək çıxarmışlar. Həkim məsləhəti olmadan, xəstənin harası ağrıdığını bilmədən onu aptekə göndərmək, "öz dərmanını oradan özün seç götür" demək nə qədər zərərli nəticələr doğurarsa, savadlı-savadsız bütün müsəlmanların da oxuduqları ayə və hədislərdən hökm çıxarmağa çalışması o qədər zərərli olar.

Xülasə, bütün insanlar Quran və sünnədən hökm çıxara bilmədikləri üçün qarşılaşdıqları məsələləri müctəhid alimlərə soruşmuş, bu sual və cavablar da məzhəbləri (gedilən yollar) ortaya çıxarmışdır.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top