ALLAHVERDİ AYDIN

Dəyişməyin iki yolu...

Dəyişməyin iki yolu...

ALLAHVERDİ AYDIN

İnqilab o vaxt baş verir ki, aşağılar əvvəlki kimi yaşamaq istəmir, yuxarılar isə əvvəlki kimi idarə edə bilmirlər. Yəqin ki, bu məşhur ifadəni, daha doğrusu bu ideoloji tezisi sovet dövründə yaşamış insanlar xatırlayırlar. Tarixin ən böyük inqilabçılarından biri olan Leninə aiddir bu tezis. Sovet ideoloqları bu tezisi tez-tez gündəmi gətirirdilər. Amma əzbərlədikləri bu tezisin onların özlərinə heç bir faydası olmadı. Elə dünyanın yarısına hökm edən nəhəng imperiya - SSRİ də aşağıların əvvəlki kimi yaşamaq istəməməsi, yuxarıların isə əvvəlki kimi idarə edə bilməməsi səbəbindən bir-neçə ilin içərisində yox olub getdi. Sovet imperiyasına olan antipatiyamız səbəbindən Lenin və onun fikirlərini bir çox hallarda qəbul etmək istəmirik. Amma qəbul etsək də, etməsək də haqqında bəhs etdiyimiz bu tezisin doğruluğunu inkar etməmiz mümkün deyildir.

Aşağılar inqilabın, yəni istəmədikləri bir şeyin dəyişməsini, həm də dərhal dəyişməsini istəyirlərsə o zaman əvvəlki kimi yaşamaqdan imtina etməlidirlər. Əslində aşağıdakılar əvvəlki kimi yaşamaq istəməsələr yuxarıların da onları əvvəlki kimi idarə etməsi mümkün olmayacaqdır. Eyni prinsiplə yuxarıların əvvəlki kimi idarə etmək istəməməsi, aşağıların əvvəlki kimi yaşamasına mane olacaqdır. Yəni aşağıların yaşaması və yuxarıların idarə etməsi arasında bir bağlılq vardır. Bunlar bir-birini mütləq tamamlamalıdır. Tərəzinin iki gözü kimidir. Bir tərəfdə baş verən ən kiçik dəyişiklik digər tərəfdə dərhal hiss olunmalıdır. Alın tarix "kitabını" əlinizə və istənilən "səhifəsini" açıb baxın. Baş vermiş bütün inqilabların, dəyişikliklərin kökündə aşağıların əvvəlki kimi yaşamaq istəməməsi, yuxarılar isə əvvəlki kimi idarə edə bilməməsi dayanır. Lenindən bəhs etmişkən elə nümunə olaraq da "Oktyabr inqilabını" göstərək. Həm də nisbətən yaxın keçmiş hesab olunduğu üçün mübahisəli məqamlar azdır. Çar imperiyasında insanlar əvvəlki kimi yaşamaq istəmirdilər. XIX əsrin əvvəllərindəki Azərbaycan kəndlərini gözünüzün önünə gətirin. Kənddə bir ağa olurdu, digərləri də onun üçün işləyən rəiyyət. Amma elə bir zaman gəldi ki, insanlar bu cür yaşamaq istəmədilər. Ağalarından haqq və hüquq tələb etdilər. Ağalar isə əvvəlki kimi idarə etmək istədilər. Amma aşağıların dəyişməsi ağalara əvvəlki kimi idarə etməyə imkan vermədi. Nəticədə dəyişiklik baş verdi. Daha yaxın keçmişimizdən başqa bir nümunə olaraq qonşu Gürcüstanı göstərmək olar. Xatırlayırsınızsa Saakaşvili Gürcüstanda hakimiyyətə gəldiyi zaman bəyan etdi ki, biz yuxarılar olaraq siz aşağıları əvvəlki kimi idarə etmək istəmirik. Amma aşağılar əvvəlki kimi yaşamaq istədilər. Amma yuxarıların dəyişməsi aşağıları əvvəlki kimi yaşamağa imkan vermədi. Nəticədə dəyişiklik baş verdi. Mənə görə bu sübuta ehtiyacı olmayan aksiomdur. Əgər dəyişməyə, həm də kökündən dəyişməyə ehtiyac varsa, o zaman ya aşağılar əvvəlki kimi yaşamaqdan imtina etməlidirlər, ya da yuxarılar əvvəlki kimi idarə etməkdən vaz keçməlidirlər. Başqa cür mümkün deyil...

Son bir ildir aşağılar yuxarıları ittiham edir ki, kəskin devalvasiya edib banklara manatla qoyduğumuz əmanətləri dəyərsizləşdirdiniz. İndi banklar əmanət faizlərini bir balaca yüksəldən kimi qaça-qaça əllərindəki manatları yenidən banklara qoyurlar. Sonra nə olur... Hər şey yenə təkrar olur.

Sərnişin avtobusunun sürücüsü yollarda "avtoşluq edir". Sərnişinlər də sürücüdən tutmuş nəqliyyat nazirinə qədər məsafədə əyləşən bütün vəzifəli-vəzifəsiz məmurları söyməyə başlayırlar. Sonra nə olur... Sabah eyni vəziyyət yenə təkrar olunur.

Supermarketə gedirik və evə gəldiyimiz zaman məlum olur ki, ya qiymətdə, ya çəkidə, ya da nədəsə aldadılmışıq. Şikayət edirik, ərizə yazırıq, hətta yumuruq davasına da çıxırıq. Sonra nə olur...Yenə eyni supermarketdən alış-veriş etməyə davam edirik.

Sonra deyirlər ki, məcburuq, alternativi yoxdur, bizə seçim imkanı verilməyib, istəsək də budur, istəməsək də və nələr, nələr...

Amma unuduruq ki, dəyişməyin də başqa yolu, alternativi yoxdur. Ya aşağılar əvvəlki kimi yaşamaqdan imtina etməlidirlər, ya da yuxarılar əvvəlki kimi idarə etməkdən vaz keçməlidirlər...

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top