NAZİM MUSTAFAYEV

Tarixi missiya

Tarixi missiya

NAZİM MUSTAFAYEV

Ötən əsrin 60-cı illərində çəkilən "Sehrli xalat" filmində uşaqlar bir xalata bürünərək Azərbaycan xanlıqlar dövrünə, XVIII əsrə "gedib çıxmışdılar". Görəsən, "sehrli xalat" bizi min il də keçmişə, VII-VIII əsrlərə apara bilər? Əslində, "sehrli xalat" insanın keçmişə və gələcəyə səyahət arzusunu simvolizə edir. Gəlin biz də xəyal "xalat"ımızı geyinib Qərb ressenansından daha əvvələ, iri həcmli hədis məcmuələrinin yazıldığı dövrə - İslam intibahının başlanğıcına səfər edək.

Hələ ilk dövrlərdə Quran kitab halına salınmışdır. Hədislər isə sanki ikinci sırada qalmışdı. Nazil olan hər bir Quran ayəsi, Həzrət Peyğəmbərin sağlığında vəhy katiblərinə yazdırılırdı. Peyğəmbərimizin vəfatından sonra əldə yazılı nüsxənin olması, əksər Quran hafizlərinin Mədinə şəhərində yaşaması, Quranın kitab halına gətirilməsini asanlaşdıran amillər idi. Bir sözlə, Quranın kitab halına gətirilməsi Mədinə şəhəri daxilində və qısa bir zaman içərisində gerçəkləşdirilmişdir. Hədis məcmuələrinin yazılması isə daha geniş coğrafiyada və daha uzun bir zaman ərzində həyata keçəcəkdi.

Səhabələr Həzrət Peyğəmbərin vəfatından sonra ogünkü İslam coğrafiyasının dörd bir yanına səpələnənmişdilər. Səhabələrin və onların yetişdirdiyi tələbələrin həm yaddaşında, həm də yazılı halda Həzrət Peyğəmbərin sözləri qorunurdu. Bir mənada şəhərlərə səpələnmiş zümrüd, zəbərcəd və inciləri xatırladırdı.

Elə bir dövr gəlmişdi ki, bu şəhərlərə səyahət edib hədislər toplanmazsa, zaman keçdikcə unudula bilərdi. Ancaq yollar uzun, nəqliyyat vasitələri məhdud idi. Bir şəhərdən digərinə getmək aylar çəkirdi. Nəticə etibarilə hədisləri toplamaq böyük zəhmət və fədakarlıq tələb edirdi. Bu iş üçün insan sərrafı olmaq da tələb olunurdu. Çünki onlarla şəhərdə yüzlərlə, bəlkə də minlərlə insanla görüşmək, hədisləri şahidlərin dilindən yazmaq lazım idi.

Bu işdə təvazökar olmaq gərəkdir. Ad-san, şan-şöhrət arzusundan da keçmək lazım idi. Çünki bu yolda şan-şöhrət içərisində boğulma, dünyəvi mənfəətlərə ilişib qalma ehtimalı var idi. Həmçinin güclü iradə lazım idi ki, bu çətin işin öhdəsindən gəlmək mümkün olsun.

Məsələnin ciddiyyətini artıran bir məqam da toplanan sözlərin hər hansı adi bir bəşər övladının sözü deyil, "ancaq ona vəhy olunanı danışan" (Nəcm, 53/4) Peyğəmbər kəlamı olması idi.

Soruşa bilərsiniz ki, bəs necə oldu, bu səyahətlər baş tutdu? Alimlər şəhərləri qarış-qarış gəzərək inci, zümrüddən də dəyərli Peyğəmbər sözlərini topladılar? Bu tarixi missiyanı yerinə yetirmək kimlərə nəsib oldu?

Buxari, Müslim, Əbu Davud, Tirmizi, Nəsayi, İbn Macə, Əhməd ibn Hənbəl, Malik ibn Ənəs kimi onlarla böyük hədis alimləri çoxdan işə başlamışdılar. Bu alimlər yazdıqları hədis məcmuələri ilə İslam aləmində tanınmış ən məşhur simalardır. Onların görüşdüyü, dərs aldığı, elm öyrəndiyi yüzlərlə alim var ki, aysberqin nisbətən görünməyən tərəfini təşkil edir. Sanki bu tarixi missiya sadalanan və sadalanmayan bu alimlərin əyninə biçilmişdi. Onlar da bu işin öhdəsindən layiqincə gəlmiş və bütün müsəlmanlara böyük bir miras qoymuşlar. Əslində bu miras məhz Həzrət Peyğəmbərin bütün bəşəriyyətə buraxdığı bir miras idi.

Əhməd ibn Hənbəl hədis öyrənmək üçün Yəmənə yola düşmüş, ancaq pulu az olduğuna görə yol boyu karvanın dəvələrinə baxmalı olmuşdu. Müasir dövrdə telefon ekranına bir toxunuşla açılan hədis məcmuələri məhz bu səyahətlər nəticəsində ərsəyə gəlmişdir.

Bu alimlər Peyğəmbər kəlamı ilə elə həmhal olmuşdular ki, sərrafın qızılın əslini saxtasından, dəyərli daş-qaşı adi daşlardan ayırd edə bildiyi kimi hədisləri də hər hansı bəşər sözündən seçə bilirdilər.

Necə ki günümüzdə "sabirşünas", "nizamişünas", "füzulişünas" adlandırılan yazıçı və ədiblərimiz var. Bu yazıçı və ədiblərə hər hansı bir şer misrasını versəniz dahi Nizamiyə, Füzuliyə və ya hər hansı klassik şairimizə aid olduğunu dərhal söyləyərlər.

Şəhər-şəhər gəzərək hədis toplayan alimlər də Peyğəmbər kəlamı ilə o qədər həmhal olmuşdular ki, sözün əsl mənasında "hədisşünas" idilər. Yüz minə yaxın hədisi əzbər bilir, bunları müzakirə və təhlil edirdilər.

Hədislərin yığılması, təsnif edilməsi, kitablaşması təbii ki müəyyən bir dövrü əhatə edirdi. Hədislər "Sünən", "Səhih", "Cami" və s. adlar ilə müxtəlif təsnifatda kitablar halına salınandan sonra hədis toplamaq üşün səyahətlər təşkil edilmədi. Hədis öyrənmək istəyənlər elm mərkəzlərinə, mədrəsələrə, hədis alimlərin məclislərinə üz tutdular.

Xülasə hədislər min bir zəhmət və zərgər dəqiqliyi ilə toplanmış, bizlərə ötürülmüşdür. Biz müsəlmanların vəzifəsi də hədisləri bilmək və əməl etməkdir. İndi öz-özümüzə sual verək: "Nəql olunan hədislər hədis kitablarında var. Bəs bizim həyatımızda o hədislərdən nə qədəri var?"

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top