ƏLİ ÇƏRKƏZOĞLU

Leninin ad günü

Leninin ad günü

ƏLİ ÇƏRKƏZOĞLU

70 il adına mədhiyyələr yazıldı, kitablar, kinolar həsr edildi, heykəlləri dikildi hər tində, hər küçənin başında, indi yada salanı da yoxdur, yada salanlar da ağız büzürlər. Rus hökuməti onun qaxaca dönmüş cəsədini basdırsınmı, yandırsınmı, ya eləcə saxlasınmı, bir qərara gələ bilmir. Sağlığı dünyanın başına bəla olduğu kimi, cəsədi də bir hökumətin problemidir. Cəsədin saxlandığı mavzoleyin qorunmasına, paradına, təmizliyinə, dava-dərmanına ətək-ətək pullar gedir.

Hər il 22 aprel yaxınlaşanda məktəblərdə tədbirlər keçirilir, Leninin həyatından bəhs edən parlaq uydurmalarla silahlanmış xüsusi təlimatçılar şagirdlər qarşısında çıxış edərək rəhbərin "fövqəladə" qabiliyyətlərindən, xalqların azadlığı uğrunda apardığı mübarizədən bəhs edirdilər. Ad günündə isə səhər tezdən meydanlarda keçirilən parada gedər, dəstə halında tribunanın qarşısından keçər, xorla şüar səsləndirərdik. Əllərdə daşınan ən parlaq şüarlardan biri belə idi: "Lenin yaşayıb, Lenin yaşayır, Lenin yaşayacaq".

Onun humanizmi, uzaqgörənliyi, uşaqlara olan sevgisi haqqında bir-birindən maraqlı söhbətlər düzəldib danışırdılar. Əlinə qələm götürüb şeir yazmağa başlayan hər kəs onun adına dastan başlayandan sonra öz sözünü deyə bilərdi. Onun adına şeir yazmayan Əlağa Vahid kimi istisnalar olardı ki, onlar da yüksək dairələrdə qeyri-ciddi adam hesab olunurdular. Hələ məktəbə getməmiş bizə şeir əzbərlədirdilər:

Açıldı gözəl səhər,

İşıqlandı obamız,

Azadlıq verdi bizə

Lenin, əziz babamız.

Uşaq məktəbə gedən kimi olurdu oktyabryat, üstündə qıvrımsaçlı bir uşaq rəsmi olan bir nişan taxırdılar yaxasına. Pionerə keçəndə olurduq gənc leninçilər, sonra Lenin komsomolu və nəhayət Leninin Kommunist partiyası. Yəni karyera qurmaq, cəmiyyətdə müəyyən yerə gəlmək istəyən hər kəs bu boyunduruqlardan keçməli idi. Adamlar var idi ki, ömrünü Leninin kitablarına həsr eləmişdilər, iclaslarda, rəsmi tədbirlərdə: "Lenin filan əsərinin filan səhifəsində yazır ki..." deyə sözə başlayar və addımbaşı da ondan yeni-yeni statlar gətirirdilər. Kimin hünəri çatardı ki, o statın əleyhinə bir kəlmə desin? Lenin adında bir mif, bir büt vardı. Leninin şəklini çəkən rəssamlar, heykəlini yonan heykəltəraşlar nəsli yetişmişdi. Amma üstündən uzun illər keçəndən sonra öyrəndik ki, Rusiyanı 300 il idarə etmiş Romanovlar sülaləsinin sonuncu çarı II Nikolayın xəstə körpəsinə belə acımayan, onun bütün ailə üzvlərinin ölüm fərmanını imzalayan bu "humanist" lider yeni hakimiyyəti yüzminlərlə insanın qanı üzərində inşa edib, axırda da özü Stalinin əli ilə qətlə yetirilib.

Marksizm-Leninizm nəzəriyyəsi bütün təhsil sisteminin əsas sahəsi hesab olunurdu. Təxminən 130 cild əsərləri çap olunmuşdu. Onda da inana bilməmişdim, indi də inanmıram ki, bir insan bir ömürdə bu qədər yazı yaza, nitq söyləyə bilər. Hər kitabın da ağırlığı 1,5-2 kilo olardı. Vəzifə sahibləri başının üstündə o kitabları sıralayırdı. 15 respublikanın hamısında o kitablar tərcümə və çap edilərək yayılırdı. Arada bir mən də ilhamlanmaq istəyəndə o kitabların ortasından açıb oxumaq istəsəm də heç bir şey başa düşmür, kitab anlayışına qarşı içimdə ikrah hissi baş qaldırırdı. İndi nəzər salanda isə o kitabların nə qədər bərbad, anlaşılmaz bir üslubda yazıldığı açıq-aydın görünür. Tələbəçilik illərində də o kitablardan az çəkmədik. Təxmini statistikaya görə, sovet hökuməti 100 milyondan çox insanın qanı bahasına qurulub və yıxılıb.

Hərdən oturub düşünürəm ki, görəsən nə idi Lenini və həmfikirlərini belə bir təşəbbüsə yönləndirən? Düşünürəm ki, görəsən niyyəti doğrudanmı xalqların azadlıq istəyini təmin etmək olub onların? Cəmiyyətin ədalətlə idarə olunması, insanın insana zülmünün qarşısının alınması bütün zamanların ən böyük problemi olmuş və olmaqdadır. Görəsən onlar da məsələni bir şəkildə həll eləmək istədilər və nəticədə o cür bərbad bir təcrübə ortaya çıxdı, yoxsa qisas almaq, varlanmaq, hakimiyyət niyyəti ilə ortaya düşmüşdülər? İqtisadi hegemoniyanı aradan qaldırmaq üçün "hər kəsdən qabiliyyətinə görə, hər kəsə ehtiyacına görə" şüarını ortaya atmışdılar ki, bu da sovet hakimiyyəti illərində bütün iqtisadi cinayətlərin təməli oldu.

Təxminən 35 il əvvəl soyuq bir qış günü Moskvaya getmişdim və gəzə-gəzə gedib çıxmışdım Qızıl Meydana. Uzun bir insan növbəsi gördüm və tərəddüd eləmədən sırada yerimi tutdum, öyrəndim ki, hamı "böyük lider"i ziyarət etmək üçün növbəyə durub. Mən də bir neçə addım irəlilədim, amma sonra fikirləşdim ki, ora girib-çıxana qədər bir neçə saat vaxtım gedəcək, nəticədə o günə planlaşdırdığım işlərin hamısı tökülüb qalacaq. Və beləcə növbəni tərk edib işimin dalınca getdim, amma o günaha doğru bir neçə addım atdığımı da etiraf edirəm.

Sabah aprelin 22-sidir, Leninin ad günü. Xatırlayanlar qımışıb baş bulayacaqlar. Hamısı öldü, hamısı keçib getdi, Lenin də, tərəfdarları da, qurduqları xaraba Sovet dövləti də. Amma özləri ölsələr də o zehniyyət hələ də aramızda ara-sıra özünü göstərir. Hələ də o virusun daşıyıcıları var aramızda, həm də hamısı yaşlı nəslin nümayəndəsi deyil, o cəmiyyəti görməyən, o illəri yaşamayan gənclərin arasında da var belələri.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top