ANAR QARAXANÇALLI

Xaos da idarəetmə metodudur

Xaos da idarəetmə metodudur

ANAR QARAXANÇALLI

Xronologiya hər şey olmasa da, çox şeyin göstəricisidir.

Ağlı, fikri dilində olan Tramp ABŞ Prezidenti seçildiyi gündən ağ gün görməyib. Onun 7 islam ölkəsi vətəndaşları əleyhinə imzaladığı qərar iki dəfə məhkəmə tərəfindən ləğv edilib. Jurnalistlərlə demək olar hər gün polemika yaşayır. Hər dediyi söz, atdığı addım vəziyyətini daha da pisləşdirir. Seçki kampaniyasındakı vədlərini bir-bir yeməyə davam edir. "Birinci hədəf İŞİD"-dən İŞİD-ə qarşı savaşan Əsədə keçdi. "Rusiya ilə niyə savaşaq"dan "Rusiya tərəfini seçməlidir"ə dəyişdi. "NATO-nun vaxtı keçib, biz niyə çox pul ödəməliyik"dən "NATO-nun əhəmiyyəti çox böyükdür"ə qayıtdı. "Çin saxtakardır"dan "Çin saxtakar deyil"ə keçid elədi.

Tramp hökumətinin üzvləri dünənə kimi "Əsədin taleyinə Suriya xalqı qərar verəcək" deyirdilər. ABŞ Dövlət Katibi Tillerson bir gün öncə, "Əsədin qatılacağı siyasi proses" dedi. Bir gün sonra "Əsədin dövrü bitib" dedi. Birdən 4 apreldə İdlibdə kimyəvi silah istifadə edildiyi iddia edildi. Ardından Suriyaya məxsus hərbi baza bombalandı. Halbuki Mosulda, Kərkükdə ABŞ Hava Qüvvələri tərəfindən "səhvən" yüzlərlə sivil vuruldu, amma çox səs çıxmadı. ABŞ-ın "səhvən" vurduğu sivillərin görüntüləri demək olar ki, dünya mediasında görünmədi. Amma İdlibdən az qala canlı yayın var idi. Sonra bir gecədə Suriya hərbi bazası bombalandı. 11 apreldə G-7 ölkələrinin XİN rəhbərlərinin İtaliyada görüşü oldu. Suriya liderinin hamisi Rusiyaya qarşı təzyiqin artırılması gündəmdə idi. Rusiya əleyhinə qərar alınmasına Almaniya və İtaliya qarşı çıxdı. 11-i axşam Dortmundda bomba partladı. Bəlkə də heç bir əlaqəsi yoxdur.

Putin Rusiyası ABŞ seçkilərinə Tramp lehinə müdaxilədə ittiham olundu. Trampın dəstəsindən bir neçə önəmli isimlərin də ruslar ilə gizli görüşləri ortaya çıxdı. Respublikaçılar həmişə demokratlardan fərqli olaraq xarici müdaxilələrə yaşıl işıq yandırıblar. Bu mövqedə hərbi sənayenin liderlərinin respublikaçılarla yaxınlığının da payı var. Problemlərin danışıqlar yolu ilə həllini üstün tutan demokratlar isə adətən hərbi müdaxilələrə məsafəli olublar. Bütün bunlar bilindiyi halda Putin Trampı niyə dəstəkləyirdi?

Obama Suriyada güc yolu ilə rejim dəyişikliyinə başqalarını təşviq edirdi. Bütün problemləri danışıqlar yolu ilə həll etməyə çalışırdı. ABŞ sahəyə girmirdi. Trampın daha kəskin olacağı gün kimi aydın idi. Rusiya bu faktı bilə-bilə onu dəstəklədi. Digər tərəfdən, son dövrdə Rusiya daxilində müxalif hərəkətlər genişləməyə başlamışdı. Eyni zamanda Trampın da ABŞ daxilində hörməti sürətlə azalırdı. Amma Suriya bazasının bombalanması ilə hər iki lider daxildə rahat nəfəs almağa başladılar. Bazanın da bombalandığı saatlarda boş olduğu bildirilir.

Dünyaya demokratiya aparmaq iddiası ilə ABŞ Yaxın Şərqin altını üstünə çevirir. Bir gecədə 100 milyon dollarlıq bomba ata bilən ABŞ, bu imkanları niyə qaçqın suriyalılar üçün istifadə etmir? Bəli, Əsəd zalımdır, diktatordur. Amma bu gün Əsəd getsə, nə düzələcək? Milyonlarla vətəndən didərgin düşmüş suriyalının, dağılmış Suriyanın aqibəti nə olacaq? Suriyadakı terrorçuları kim bəsləyir? Silahları hardan alırlar? İŞİDin milyard yarımlıq büdcəsini kimlər təmin edir? Bu zombilər hardan gəlib dolublar ora? Bu günə kimi bomba atmaqla hansı problem həll olub? Əfqanıstan yarım əsrdir bombalanır, nəticə nə olub?

Uzağa getməyə ehtiyac yoxdu. Sadəcə son 100 ildə nüvə, bioloji, kimyəvi silahları kim istifadə edib? ABŞ yoxsa qarşısında gördükləri?! Yaponiya, Vyetnam, İraq, Suriya və s.

Hər dövrdə saxtakar, əzazil liderlər öz zibillərini gizləmək üçün xarici düşmənlərə ehtiyac duyublar. ABŞ-ın müdaxiləsi ilə həm Trampın, həm də Putinin "xarici düşmənlər" tezisi əsaslanmış oldu. Suriya problemi qısa müddətli də olsa böyük savaşa çevrilə bilər. Meydanda ABŞ Rusiya qarşı-qarşıya gəlsələr də, hər iki liderin gedişatdan məmnun olduqlarını düşünürəm. Xaos da bir idarəetmə yoludur. Bəlkə də kütlələr üzərində ən təsirli metoddur.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top