ALLAHVERDİ AYDIN

Qarabağın işğalından kim narahat olmalıdır?

Qarabağın işğalından kim narahat olmalıdır?

ALLAHVERDİ AYDIN

Azərbaycana təşrif gətirən xarici ölkələrin dövlət və hökümət başçıları bizim rəsmilərlə görüş zamanı ölkəmizin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edirlər. Söhbət zamanı mütləq Qarabağ mövzusuna toxunurlar. İşğal altında olan ərazilərimizin sülh yolu ilə azad olunmasının tərəfdarı olduqlarını deyirlər. Bu cür ssenari demək olar ki, belə görüşlərin əksəriyyətində təkrar olunur. Arada bəzi istisnalar da olur. Məsələn, Türkiyə, Pakistan kimi qardaş ölkələrin dövlət rəsmiləri Ermənistanın əleyhinə daha kəskin bəyanatlar səsləndirirlər.

Ancaq görünən odur ki, səslənən bəyanatların arxasında heç bir ciddi iradə dayanmır. Belə olmasaydı, yəqin ki, Qarabağ probleminin həlli ilə bağlı cüzi də olsaydı irəliləyiş olardı. Bu irəliləyiş yoxdursa deməli verilən bəyanatlar boğazdan yuxarı səslənib. Təxminən 23 ildir ATƏT-in Minsk qrupu adlı qurum fəaliyyət göstərir. Həmsədr ölkələrin nümayəndələri il ərzində 2-3 dəfə Azərbaycana səfər edirlər. Kənardan baxanda adama elə gəlir ki, bunların gecəsi-gündüzü elə Qarabağ problemidir. Sanki Qarabağı bizdən çox fikirləşirlər. Halbuki Qarabağla bağlı aparılan danışıqların bir faizi qədər iş görsəydilər bu problem çoxdan həll olunmuşdu. ABŞ-ın dövlət katibi yaxud da Rusiyanın Xarici İşlər Naziri üçün nə fərqi var ki, Füzuli rayonunda erməni yaşayır, yoxsa azərbaycanlı. Vəziyyət bu cür davam etsə bundan sonra da onları bu məsələ maraqlandırmayacaq. Bakıda olanda bizə deyirlər ki, sizin ərazi bütövlüyünüzü tanıyırıq. İrəvanda isə ermənilərə deyirlər ki, biz xalqların öz müqəddəratını təyin etmə hüququnu tanıyırıq. Əslində bu açıqlamaları ilə bizi də, erməniləri də sözün həqiqi mənasında yola verməyə çalışırlar. Sonra da çıxıb gedirlər öz iş-güclərinin dalınca. Elə başqa dövlətlərin də Qarabağ məsələsində bizə qarşı sərgilədiyi münasibət ABŞ və Rusiyanın mövqeyi ilə eynidir. Əgər Qarabağın işğal altında saxlanılması böyük güclərin maraqları ilə ziddiyət təşkil etmirsə deməli onlar üçün vəziyyətin bu cür davam etməsi daha məqbuldur.

Torpaqlarımızın işğal altında olması bizim ABŞ, Rusiya və Fransa ilə olan əlaqələrimizə hər hansı bir maneçilik törədirmi? Qarabağ işğal altında olsa da, olmasa da bizim bu dövlətlərlə münasibətlərimizdə heç bir dəyişiklik olmayacaq. Ona görə də onların bizə qarşı münasibətini təbii qarşılamaq lazımdır. İnsanlar gec də olsa bu həqiqəti başa düşməlidirlər. Dünya siyasətinə yön verən böyük dövlətlər bu məsələdə heç vaxt ermənilərə təzyiq etməyəcəklər. Təzyiq etmək üçün bir səbəb də yoxdur axı. Məsələn, biz Rusiyadan niyə tələb etmirik ki, Abxaziyadan qoşunlarını geri çəksin? Çünki bunun bizə bir zərəri yoxdur. Elə başqa dövlətlərdə Qarabağ məsələsinə bu məntiqlə yanaşırlar. BP şirkəti Ağdamda, Xocalıda, Şuşada neft çıxartmır ki, Qarabağın işğalından narahat olsun. Rusiya uzun illər Gürcustan ərazilərində qoşun saxlasada buna görə heç kim ona "güldən ağır" bir söz deməyib. Amma 9 il əvvəl rus qoşunları Bakı-Tbilisi-Ceyhan neft kəmərinə yaxınlaşan kimi dünya ayağa qalxdı. ABŞ öz hərbi gəmilərini Qara dənizə yeritdi. Rusiya onların maraqlarına qarşı gəlirdi, ona görə də cavabını verdilər. Ancaq Azərbaycanda iş görən xaricilər üçün burada heç bir maneə yoxdur.

Ermənilərə gəldikdə isə onlar heç vaxt könüllü şəkildə o torpaqlardan əl çəkməyəcəklər. Bu yaxınlarda belə bir xəbərə rast gəldim ki, Bakıda bir nəfər bir-neçə sot torpağa görə doğma qardaşını öldürüb. Tarix boyu torpaq insanlar üçün çox dəyərli olub. Heç kim əlində olan torpağı başqasına vermək istəmir. Ermənilər də vermək niyyətində deyillər. Torpaqlarımızı geri almaq istəyiriksə indiyə kimi həyata keçirdiyimiz ənənəvi siyasətdən vaz keçməliyik. Elə bir siyasət həyata keçirməliyik ki, Qarabağın işğal altında olmasında təkcə biz əziyyət çəkməyək. Elə etmək lazımdır ki, "ərazi bütövlüyümüzü tanıyanlar" Qarabağın işğal edilməsindən az da olsa narahat olsunlar.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top