ALLAHVERDİ AYDIN

Bir az düşünməyə cəhd etsəniz...

Bir az düşünməyə cəhd etsəniz...

ALLAHVERDİ AYDIN

Bu yaxınlarda müsəlman dövlətlərindən birinin hakimi-mütləqi Qərb ölkələrini müsəlmanlara qarşı "xaçlı yürüşləri"ndə ittiham edirdi. Guya müsəlman ölkələrində baş verənlərin günahkarı Qərbdir. Təəssüf ki, hakimi-mütləqin dediklərini təkcə onun yaxın ətrafı deyil, minlərlə, onminlərlə təbəəsi də dəstəkləyir. Nə qədər ağır ifadə olsada deməliyəm ki, mən bu cür düşünən insanların normal ağıla sahib olacağına inanmıram. Belə insanlarda mütləq hansısa psixoloji problemlər var. Ağlı başında olan bir adam necə deyə bilər ki, Suriyada baş verənlərin günahkarı Qərb ölkələridir. Əsəd kimyəvi silahdan istifadə edərək günahsız körpələri öldürür, günahkarı Qərb olur? Utanma hissindən məhrum olan bu insanlar olmayan ağılları ilə Əsədə bəraət qazandırmağa da cəhd edirlər. Politoloq olduğunu iddia edən ağılsızın biri deyir ki, indiki şəraitdə Əsədin kimyəvi silahdan istifadə etməsi ona sərfəli olmayacağı üçün onun belə addım atacağı inandırıcı görsənmir. Guya bu Əsədə qarşı təxribatdır. Təsəvvür edirsiniz, Əsəd kimi bir cəlladı müdafiə etməyə çalışırlar. Bu cür insanların özlərində ağıl olmadığı üçün hakimi-mütləqlərinin təlqini ilə ağızlarına gələni danışırlar. Belələri sosial şəbəkələrdə də "n" qədərdir. "İŞİD"in bərkgedən vaxtları deyirdilər ki, bunun arxasında ABŞ dayanıb. Halbuki, hakimi-mütləqin dediklərini tutuquşu kimi təkrarlamayıb, özlərinə bir balaca əziyyət verib düşünməyə başlasalar, o zaman həqiqətin nə olduğunu görə bilərlər.

Bir az düşünməyə cəhd etsəniz görəcəksiniz ki, müsəlman dünyasının düşdüyü bu acınacaqlı vəziyyətin əsas səbəbkarı nə ABŞ-dır, nə də başqa bir Qərb ölkəsi. Səbəbkarlar xalqın səsini oğurlayan, hakimiyyəti atasından, babasından təhvil alan hakimi-mütləqlərdir. Səbəbkarlar illərlə hakimiyyət kürsüsünə yapışıb əl çəkməyənlərdir. Səbəbkarlar xalqın sərvətini talayanlardır. Səbəbkarlar milləti normal təhsildən, səhiyyədən, mədəniyyətdən uzaq saxlayanlardır. Səbəbkarlar sözə görə insanları həbsə atanlardır.

Bir az düşünməyə cəhd etsəniz görəcəksiniz ki, normal təhsil sisteminin olmadığı ölkələrdə İŞİD kimi təşkilatların ortaya çıxması qaçılmazdır.

Bir az düşünməyə cəhd etsəniz görəcəksiniz ki, sizlər üçün Qərbdən düşmən obrazı yaradan hakimi-mütləqlər sizlərdən oğurladıqları pulları "bəyənmədikləri" Qərbin banklarına etibar edirlər.

Bir az düşünməyə cəhd etsəniz görəcəksiniz ki, hakimi-mütləqlər səhərdən axşama kimi söydükləri Almaniyanın istehsalı olan "Mersedes"lərdə gəzirlər.

Bir az düşünməyə cəhd etsəniz görəcəksiniz ki, sizlərə Qərbi düşmən kimi tanıdanlar müalicə üçün Qərb xəstəxanalarına üz tuturlar.

Əsl həqiqətin nə olduğunu başa düşmək üçün daha bunlardan artıq nə dəlil-sübut olmalıdır...

Çox uzağa getmədən Suriyada baş verənlərə diqqət edin. 1970-ci ildən hakimiyyətdə olan Hafiz Əsəd Suriyada bir dənə də olsun normal təhsil müəssisəsi açmadı. Çünki bu insan xalqı düşünmədiyi üçün buna ehtiyac hiss etmirdi. Pulu çox olduğu üçün oğlunu "bəyənmədiyi" Qərb universitetlərində oxutdu. Suriyada bir dənə də olsun normal səhiyyə müəsisəsi qurulmadı. Əslində istəsəydi də qura bilməzdi. Normal tibbi təhsil yoxdursa, deməli normal səhiyyənin də olması mümkün deyil. Onların belə xəstəxanalara ehtiyacları da yox idi. Burunlarının suyu axan kimi Qərb xəstəxanalarına qaçırdılar. İllərlə bunu görməməzlikdə gəlib, Suriyanın "sürətli inkişafından" danışanlar, indi Suriyanın düşdüyü vəziyyətə görə Qərbi günahlandırırlar.

Sanki Qərb Əsədə seçkiləri saxtalaşdır, ölkəni təhsilsiz qoy deyib. Halbuki, Qərb Əsədə və digər onun kimi hakimi-mütləqlərə dəfələrlə demokratik dəyərlərin vazkeçilməzliyi barədə xəbərdarlıqlar edib. Əslində bu xəbərdarlıqlar olmasa belə düşünə bilən insan Qərbin bu gün çatdığı inkişaf səviyyəsinin demokratik dəyərlərdən qaynaqandığını açıq şəkildə görə bilər.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top