ANAR QARAXANÇALLI

Azərbaycanın güclənməsi Türkiyənin qurtuluşuna bağlıdır

Azərbaycanın güclənməsi Türkiyənin qurtuluşuna bağlıdır

ANAR QARAXANÇALLI

Dünya yaradılmış bir məkandır. Belə də deyə bilərik; dünya sonsuz mövcud olmuş bir yer deyil. Sonsuz olmayan bir məkanda sonradan ortaya çıxmış cisimlər, məxluqlar mütləq ola bilməzlər. Bu teoremi Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə sübut edib.

Qloballaşan dünyada ən güclü insan, ya da ən güclü dövlət də digərləri ilə əlaqəyə möhtacdır. Yəni, insanlar, dövlətlər mütləq mənada azad, müstəqil ola bilməzlər. İnsanın, dövlətin müstəqilliyi, azadlığı nisbidir. Bütün məsələ, əldəki imkanların hansı istiqamətdə sərf edilməsindədir.

İfrat iddialar, ifrat ifadələr təhlükəlidir. Onlardan uzaq durmaq lazımdır. İfratkarlara diqqət yetirsəniz, ümumiyyətlə həyatlarının iddia etdiklərinin əksi yöndə olduğunu görəcəksiniz. Məsələn, bir insan həddindən artıq milliyyət davası aparırsa, o adam böyük bir ehtimal "düşmən"(yəni, müdafiə etdiyinin qarşısı) millətin nümayəndəsidir.

Türkiyədən hamının tanıdığı bir misal verim: Doğu Pərinçək. Azərbaycan xalqı Pərinçəyi əsasən qondarma erməni iddialarına qarşı çıxdığı üçün tanıdı. Amma bəlkə də 99% bilmir ki, bu adam bir vaxtlar qondarma erməni soyqırımının nə qədər haqlı olduğunu, ermənilərin kütləvi şəkildə türklər tərəfindən öldürüldüyünü dünyaya sübut etməyə çalışırdı. İndi Atatürkçü olduğunu bildirən Pərinçək vaxtilə Atatürkün necə faşist biri olduğunu iddia edirdi. Hz. Məhəmməd Peyğəmbərə ən pis söyüşlər söyürdü. PKK terrorçularının lideri Abdulla Öcalanla qucaq-qucağa idi. 1974-75-ci illərdə türk ordusu əleyhinə "Kipr işğalçıları rədd olsun!" şüarı ilə Türkiyədə mitinqlər keçirirdi. Bu gün isə Pərinçək özünü və ətrafını Türkiyənin ən milli, ən yerli kadrları kimi təqdim edir.

Dörd ilə yaxındır ki, Türkiyədə daxili çəkişmələr davam edir. Çəkişmələr nəticəsində, cəmiyyət bölündü, ailələr parçalandı. Amma bu çəkişmələrin çox böyük faydaları da oldu. İllərlə özlərini fərqli kimlikdə, fərqli donda təqdim edən bir çox insanların gerçək üzləri ortaya çıxdı. Məsələn, özünü islam mücahidi adlandıran birinin, peyğəmbərlərə söyən biri ilə yan-yana durduqları ortaya çıxdı. Məsələn, Kərkük türkman yurdunu qorumaq əvəzinə düşmənlərə peşkəş çəkən Türkiyə hökumətinin bir akademiki belə bir cümlə işlətdi: "Kərkük türk yurdudur deyirsinizsə, İraqdakı türklərin şiə olduğunu xatırlatmaqda fayda var. Şiə türkdənsə sünnilər alsın oranı". Bu insan görünümlü məxluqların üzü ifşa oldu.

Bəzən xaraba qalmış bir binanı təmir etməkdənsə, yıxıb yenidən tikmək daha asandır. Türkiyədə baş verənlərə bu prizmadan baxmaq olar. Bu binanı da normal insan yıxa biməzdi. Ərdoğan kimi çox iddialı biri edə bilərdi. Etdi də. İndi qalır binanın yenidən inşası.

Başda qeyd etdiyim kimi, bu dünyada mütləq heç nə yoxdu. Önəmli olan, əldəki nisbi imkanları şəxsi mənfəətlər üçün deyil, dövlətin, millətin mənafeyi üçün istifadə etməkdir. Türkiyə kimi əhəmiyyətli bir dövlət bu qədər qarışıqlığı, dağınıqlığı davam etdirə bilməz, ya da Qərb, NATO kimi tərəfdaşlar buna göz yummaz. Beynəlxalq güclər təzyiqləri artırırlar. Alternativlər yavaş-yavaş oyuna sürülürlər. Zənnimcə, son döngə, hakimiyyətdəkilər ilə ortaqlarının çarpışması olacaq. Bu gün vəziyyət nə qədər qarışıq, mənfi görünsə də, inanıram ki, Türkiyənin gələcəyi çox parlaq olacaq. Türkiyə özünə gəldikdən sonra lokal və regional problemlərin ədalətli həlli sürətlənəcək. Azərbaycan və Orta Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyə keçəcək.

Bu gün Azərbaycanın yaşadığı problemlərin kökündə xarici faktorlar da mühüm rol oynayır. Ölkəmiz çox çətin bir coğrafiyada yerləşir. Rusiya, İran, Türkiyə... Hər biri ayrı bir güc. Hər birinin ayrı-ayrı maraqları. Bu fərqli maraqların hamısını təmin etmək Azərbaycan üçün çox çətindir. Bu konyukturada bizim lehimizə oyunu dəyişdirə biləcək tək güc Türkiyədir. Türkiyənin daxili problemlərini həll edib, regional problemlərə yönəlməsi.

Yaxın gələcəkdə çox ciddi regional və lokal dəyişikliklərin olacağını düşünürəm. Allah Türkiyə və Azərbaycanı qorusun!

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top