ƏLİ ÇƏRKƏZOĞLU

Hər yer mətbəx, hər tərəf şou

Hər yer mətbəx, hər tərəf şou

ƏLİ ÇƏRKƏZOĞLU

Azərbaycan efirini hələ bu qədər bayağı, bu qədər şit görməmişdim. Hansı kanala baxırsan, hamısı təxminən eyni şeyi göstərir. Sadəcə verilişlərin (əgər veriliş demək mümkünsə) adları fərqlidir. Bir çox adlar da ya Türkiyədən, ya da Rusiyadan götürülür. Bəsit düşüncəli adamlar millətə ağıl verirlər. Xüsusilə də əli beş-on manat pul görmüş şou əhli. Ən bərbad, utandırıcı hadisələri belə xəbər eləyib millətin gözünə soxurlar. Məsələn, birisi nikahdankənar övlad doğubsa, bu əslində utancverici işdir və açıb-ağartmaq ondan da betərdir. Amma iki-üç gün əvvəldən bunu “bom”, “bom” edərək anons eləyirlər ki, daha çox diqqət çəksinlər.

Bəzən hansısa veriliş yuxarılardan kiminsə qəzəbinə gəlir və bir müddət cəza çəkdikdən sonra başqa bir adla həmin, yaxud da başqa bir kanalın efirində yayımlanmağa davam edir. Əslində isə heç bir şey dəyişmir, hər şey necə var, elə də qalır.

Bir ara Xoşqədəmin proqramının üstünə bərk düşdülər ki, camaatın əsəblərini tarıma çəkir, jurnalist etikası gözlənilmir. Hətta o xanım həmin proqramı ilə kanal-kanal dolaşdı da. Etiraf eləmək lazımdır ki, keyfiyyətindən asılı olmayaraq baxılan veriliş idi. Amma neyləyəsən ki, sən proqramın yerini, adıın dəyişə bilərsən, Xoşqədəm Hidayətqızını dəyişə bilməzsən ki. Bu xanım harada olsa öz üslubunu, xarakterini ortaya qoyacaq. Deyəsən indi rahat, arxayın yerdə məskunlaşıb.

Bir ara müğənnilərin evlərindən hazırlanan, onların mətbəxini, qarderobunu reklam edən proqramların əlindən lap boğaza yığılmışdıq. Deyəsən, son zamanlar bu məsələ bir qədər səngiyib, indi hamı efirə gəlir və müzakirə olunan bir tale, dağılan ailə haqqında çox mötəbər, dəyərli fikirlərini millətə bəyan eləyir. Onların söhbətinə qulaq asanda düşünürsən ki, dünyada təsəlli, öyüd verməkdən asan şey yoxdur.

Hər kanalda geniş yer tutan mətbəx verilişləri də həmin çal-çağırın başqa bir variantıdır. Bişirdin-bişirmədin, durursan aşpazın yanında, növbən çatdıqda ordan diski “krutit” eləyirlər, sən də guya oxuyursan.

Səfər proqramları da əksəriyyət etibarı ilə toy-xına məclislərindən ibarətdir. Bəzən elə olur ki, paralel olaraq bir neçə kanalda toylar gedir. Neçə qazanda neçə cür yemək bişirilir, gəlini ata evindən necə çıxarıb bəy evinə getirirlər... Halbuki rayonlarda maraqlı insanları tapmaq, onlarla səmimi söhbət də eləmək olar. Bir vaxtlar Aynur xanım vardı və bu işləri indikilərdən daha savadlı şəkildə hazırlaya bilirdi. Onun da davranışlarında, ya geyim-gəcimində nələrsə kimlərəsə xoş gəlmədiyi üçün efirdən uzaqlaşdırıldı.

Səhər proqramlarında Qvatemalada iki heyvanın səmimi minasibətlərinə dair hansısa xarici telekanaldan alınmış bir süjetlə beş dəqiqəni yola verilir. Mən səhər evdən çıxıb küçələri basan sel əlindən işə gəlməyə yol tapa bilmirəm, bunlar da Qvatemalada heyvanların məhəbbəti ilə baş qatırlar. Heç deyən yoxdur ki, ay filankəs, bir Yasamal tərəfə də bax, küçədə suyun hündürlüyü az qalıb bir metrə çatsın.

Səhər saat ondan sonra da yaşı əllini keçmiş ahıl kişilərin şit şousu başlayır. Özü də elə mənasız, gərəksiz xəbərləri elə “bəh-bəh”lə, hay-harayla camaata sırıyır ki, adamın əti tökülür. Adam yaşına uyğun işlə məşğul olsa, yaxşıdır.

Efirdən oxunan şeirlər əksəriyyət etibarı ilə əttökən, bayağı söz yığınlarıdır. Çünki həqiqi sözü bilənlər ora yol tapa bilmirlər.

Efirimiz bərbad gündədir. Bəzəkli pavilyonlardan yayım yapmaqla tamaşaçıya bir şey vermək mümkün deyil. Oturub yaxşı-yaxşı düşünmək, ciddi iş görmək zamanı çoxdan çatıb, hətta keçib belə.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top