Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

Yazarlar

Əziz Mustafa

Mövludu biganəlik öldürdü...

02.03.2017 10:36

Gənc yazar, obrazlı şəkildə desək həyatının ən gözəl və çiçəklənən dövrünü yaşayan Mövludun intihar edərək faciəli şəkildə dünyasını dəyişməsi son bir həftədə mətbuatın "ən sevimlı" mövzusuna çevrilib. Mövludu intihara görə qınayanlar, onun halına yananlar və bu faciədən üzülənlər, buna fərqli prizmalardan yanaşanlar da var. Əlbəttə, mən həyatın bütün ağrılarını öz üzərində hiss edən bir insan kimi Mövludun faciəsinin alver predmetinə çevrilməsinin əleyhinəyəm. Çünki Mövludun faciəsi günümüzdə çoxlarının başına gələ bilər və heç kim bundan da sığortalanmayıb. Hər halda əksər ailələrin evində Mövludlar var və ya onlar böyüyürlər. Yəni bu faciə istənilən ailənin qapısını döyə, yeni mövludların simasında özünü göstərə, ağrılara, üzüntülərə səbəb ola bilər. Əslində Mövluddan öncə də onlarla gənc intihar etmişdi və onların heç birinin faciəsi bu qədər ictimailəşdirilməmişdi. Bəlkə də biz qələm sahiblərinin ən böyük günahı da məhz budur və ola bilsin ki, bu problemə vaxtında diqqəti cəlb etsəydik, onda Mövludun və ya daha dəqiq desək hər gün artıq eşitdiyimiz, adət etdiyimiz intiharların sayını qismən də olsa azaltmağa yardım edə bilərdik. Amma bunu etmədik və ya edə bilmədik. Çünki əksəriyyətimizin başı öz problemlərinə qarışıb və heç kim başını qaldırıb ətrafına nəzər sala, kiminsə dərdinə şərik ola, ona maddi demirəm, heç olmasa mənəvi də olsa təsəlli verə, dəstək ola bilmir. Yəni əksəriyyətimiz Mövlud kimi öz problemlərimizin odunda qovrulmaqda, hər an sabah hansısa obyektiv və ya subyektiv səbəblərdən işsizlik problemi ilə üzləşə biləcəyimiz qorxusu altında yaşayırıq. Üstəlik çoxlarımız hər gün iqtisadi baxımdan üzləşdiyimiz yeni çətinliklər, sabahkı günü maddi baxımdan necə başa vuracağımız dilemması qarşısında qalmışıq. Necə deyərlər, ortaya çıxan maddi problemlərin yağışdan çıxan göbələklər kimi artmaqda davam etməsi çoxlarının sabaha olan ümidlərini boşa çıxarmaqda, onu vəziyyətdən çıxış yolları axtarmağa məcbur etməkdədir. Bu çıxış yolunu isə bəziləri intiharda, bəziləri də ölkəni tərk etməkdə görməkdədir. Amma mən bütün hallarda intiharların əleyhinəyəm və belə hesab edirəm ki, öz canına qəsd etmək heç də vəziyyətdən çıxış yolu deyil. Bu baxımdan Mövludu çoxlarının dediyi kimi yalnız maddi problemlərin çoxluğu, ailədə aldığı psixoloji travmalar, özünün də yazdığı kimi atasının hər gün içərək evə gəlməsi və anasının saçlarından tutaraq sürükləməsi, onu döyməsi, sonra da öz ailəsində yaşadığı maddi, mənəvi sıxıntılar deyil, həm də onu tanıyan ətrafındakıların, yaxınlarının biganəliyi öldürdü. Qeyd edim ki, obyektiv səbəblərdən Mövludu gənc yazar kimi tanımırdım və bəlkə də bu faciə olmasaydı onun varlığından belə xəbərim olmayacaqdı. Amma baş verən və hamımızın ürəyini sızladan bu faciədən sonra Mövludun yaradıcılığına nəzər saldım və onun simasında nə qədər böyük bir istedadı, gələcəyin məşhur yazıçısını, ən nəhayət kövrək, sinəsi vətən həsrəti ilə döyünən, vətən naminə ən müqəddəs saydığından belə keçməyə, hər şeyini torpaqlarımızın azad edilməsinə qurban verməyə hazır olan məsum bir gənci gördüm. Amma yenə də təəssüflər olsun ki, bunu çoxları dərk edə bilmir və ya dərk etmək istəmir. Mövludu intihara görə qınayanlar, buna fərqli yanaşanlar, faciənin səbəbini həm maddi, həm mənəvi amillərdə axtaran, bunun günahını həyat yoldaşından ayrılmasında görənlərin sayı kifayət qədərdir. Hətta qələminə hörmət etdiyim və Mövludu yaxından tanıyan, vaxtı ilə onunla birgə işləyən jurnalistlərdən biri Mövludun faciəsinə həsr etdiyi yazısına "Onun adı Mövlud deyil, İntihardır"başlığını qoyub. Əslində isə Mövludun faciəli şəkildə ölümünə səbəb biganəlikdir. Mövludun faciəsinə səbəb ailə daxilində baş verən hansısa anlaşılmazlıqlara görə doğma övladından ayrı düşməsi, istər maddi, istərsə də mənəvi baxımdan ona ən yaxınlarının belə dayaq ola bilməməsi, nəticədə içkiyə qurşanması, həyat yoldaşının atası evində böyüməkdə olan ciyərparası Ucalın qarşısında gələcəkdə gözükölgəli olacağı qorxusu oldu. Mövludun faciəsində onun həyat yoldaşı, çalışdığı kollektiv də daxil olmaqla onu tanıyanlar və tanımayan biz hamımız günahkarıq. Əgər bizim biganəliyimiz olmasyadı Mövludun faciəsi də bəlkə olmayacaqdı. Mövludu bizim, onun ətrafındakıların biganəliyi öldürdü. Nə qədər ki, ətrafımızdakılara biganəliyimiz davam edəcək, o qədər də mövludların faciəsi davam edəcək, bu faciənin hər an qapımızı döyə biləcəyi təhlükəsini yaşamaqda davam edəcəyik...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 368

© 2017 - NSPSOLUTIONS