ƏLİ ÇƏRKƏZOĞLU

Nəticə çıxara bilsək...

Nəticə çıxara bilsək...

ƏLİ ÇƏRKƏZOĞLU

Hər gün Suriyada onlarla insan öldürülür. Xüsusilə də Hələbdə son günlərdə baş verənlər insanın qanını dondurur. Gah rus, gah da amerika təyyarələri bilərək, ya bilməyərək xəstəxanaları, yayayış binalarını bombalayır. Hər uçan binanın altında neçə-neçə can gedir. Dünya nəhəngləri öz hesablarını bu coğrafiyada həll etmək istəyirlər. Suriyada hər gün onlarla məsum insan qətlə yetirilir, qatillərsə bir-birini ittiham etməklə məsələni uzadırlar, nümayəndələr qalstuklarını sığallaya-sığallaya dəyirmi masa ətrafında müzakirələr aparır, həm də o qədər rahat görünürlər ki, sanki insanların kütləvi şəkildə öldürülməsindən deyil, gələn il çuğundur, ya qarğıdalı əkininə üstünlük verməkdən danışırlar.

“Ədalət mülkün təməlidir” deyimini, yəqin ki, hər birimiz bilirik. Əslində ədalət hər şeyin təməlidir. Bütün dinlər ədalət üzərində formalaşıb. İnsandan istənilən ən birinci davranış ədalətdir. Ədalət olan yerdə xeyir-bərəkət var, haqq-hüquq var, insanlıq var, inkişaf var, insanın qiyməti var... Bəli, məhz ədalət olan cəmiyyətdə insana dəyər verilir, ədalətin olmadığı cəmiyyətdə insan artıq, gərəksiz ünsürə çevrilir. Ədalətin olmadığı yerdə zülm var. Zülm məhvin ilk mərhələsidir. Bir ölkədə vətəndaşlar təbəqələrə bölünür və hər təbəqənin də özünün hüquq anlayışı olarsa, o cəmiyyət gec-tez məhvə məhkumdur. Yəni bu gün Suriyada böyük bir ibrət yaşanır.

Bu gün müsəlman adlanın ölkələrin əksəriyyətində bu acı həqiqəti görmək mümkündür. Deyirik ki, yadellilər Suriyada yerli insanları qırırlar. Bəs o yadlar gələnə qədər yerli fironlar, nəmrudlar kütləvi qətllər törətmirdilərmi? - Əlbəttə, törədirdilər.

Cırtdan-cırtdan ərəb ölkələrinin vətəndaşları əllərini ağdan-qaraya vurmurlar, yerdən fontan verən neftin gəliri ilə kölgədə yeyib yatırlar. Həm də təkcə əllərini yox, heç başlarını da işlətmirlər. Onsuz da Avropa bizim əvəzimizə düşünüb lazım olan şeyi icad edəcək, biz də halalca pulumuzu verib alacağıq. Sanki tərləməkdən qorxuruq.

Təsəvvür edin ki, yaxın müsəlman ölkələrində körpələr acından ölür, Dubayda milyardlar xərcləyib neçə kilometr uzunluğunda süni qarla döşənmiş qapalı xizək yolları tikirlər. O coğrafiyaya heç qışda da qar yağmır, amma bu şeyxlər pulun gücünə yayda qar “yağdırırlar.” Çöldə 50 dərəcə isti, əlahəzrət şeyxlər qapalı məkanda qar üstündə xizək sürürlər.

Bir yerdə oxumuşam ki, Həşr meydanında Günəş günahkarların lap başının üstündə dayanacaq və onlardan sel kimi tər axacaq, hətta bir çoxları öz tərində boğulacaq. Çox düşündürücü həqiqətdir.

Çox sevdiyim bir söz də var: “Pəhləvan hər yıxılanda bir fənd öyrənər.” Amma biz hər dəfə kürəyimizin yerə dəysə də nəticə çıxara, başımıza gələnlərin səbəbini öyrənə bilmirik. Nə bilim, mən də sizin kimi... Vəssalam.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top