ALLAHVERDİ AYDIN

İnkişafın sadə formulu: qatığa "qara" deməmək

İnkişafın sadə formulu: qatığa "qara" deməmək

ALLAHVERDİ AYDIN

Ağıl məntiqə söykənməlidir. Verilən qərarlar, irəli sürülən mühakimələr əsaslandırılmalıdır. Biz elə zənn edirik ki, yalnız dəlilər yanlış qərarlar verirlər. Ancaq özümüzə bir az əziyyət verib ətrafımızda baş verənlərə nəzər salsaq görərik ki, ağıllı insanlar məntiqə söykənmədikləri zaman dəlilərin belə etməyəcəyi hərəkətləri edirlər.

Nümunə üçün uzaqdan başlamağın faydası var. Məsələn, Şimali Koreyanın başında duran Kim Çenə ağılsız demək olmaz. Təhsil səviyyəsi bir çox ölkə liderlərinin təhsil səviyyəsindən yüksəkdir. Bu adam Avropanın nüfuzlu məktəblərində təhsil alıb. Amma verdiyi qərarlara baxdığımız zaman bu şəxsin insan olub-olmadığına belə şübhə edirsən. Koreyanı dünyadan təcrid edib, insanları meymun kimi oynadır. İqtisadi vəziyyət ağır, mədəniyyət, incəsənət, idman adında heç nə yoxdur. Bu ölkədə insanlar özlərini xoşbəxt hiss edə bilmirlər. Halbuki, qonşuluqdakı Cənubi Koreyada vəziyyət 180 dərəcə fərqlidir. Eyni coğrafiyada yaşayan bir millətin iki fərqli həyat tərzinə sahib olmasının səbəbi nədir? Səbəb çox sadədir Şimali Koreyada məntiq ölkədən "didərgin" salınıb.

Min illərdir məntiq elm şəkilində öyrənilir. Son illər riyazi məntiq dediyimiz elm müxtəlif sahələrdə geniş şəkildə tətbiq olunur. İnkişaf etmiş dünya məntiqdən faydalandıqca, bu elmin qayda və qanunlarını daha geniş şəkildə tətbiq etdikcə daha çox inkişaf edir. Hansı ölkə isə məntiqdən uzaq durur, o ölkə daha çox uçuruma yuvarlanır.

Bu baxımdan məntiq istənilən toplum üçün vazkeçilməzdir. Məntiqin nə olduğunu öyrənmək və tətbiq etmək üçün illərlə təhsil almağa da gərək yoxdur.

Məntiq elmi sadəcə olaraq sözlə əməlin üst-üstə düşməsini tələb edir.

Məntiq nəticənin səbəbə bağlı olmasını tələb edir.

Məntiq qatığa "ağ" deyilməsini tələb edir.

Eyni məntiq həm də onu deyir ki, VƏTƏNdaşdan rüşvət alan məmurun VƏTƏNpərvər olması mümkün deyil.

Məntiq onu da deyir ki, əgər bir ölkədə parlament seçkiləri saxtalaşdırılırsa o ölkənin adında demokratik sözünün olması heç nəyi dəyişməyəcək.

Məntiq həm də sual verir: şagirdinə təhsil verməyən müəllim, xəstəsini müalicə etməyən həkim, oxucusuna yalan xəbər verən jurnalist vətənini, dövlətini, millətini sevə bilərmi?

Eyni zamanda məntiq onu deyir ki, heç kim millətini və ya vətənini sevməyə məcbur deyil. Bir insan mənsub olduğu millətdən olan şəxsləri sevməyə bilər, hətta onlara nifrət də edə bilər. Amma öz millətindən olan şəxsdən rüşvət alıb, sonra da onu sevdiyini iddia edə bilməz. Qatığın eyni zamanda həm "ağ", həm də "qara" rəngdə olması mümkün olmadığı kimi, rüşvətlə vətənpərvərlik də bir arada ola bilməz.

Bəzi toplumların, cəmiyyətlərin yaşadığı problemlərin əsas səbəbi məntiqdən uzaq qalmalarıdır. Məntiqə söykənməyən qərarların, hərəkətlərin, fikirlərin nəticəsi uğurlu ola bilməz. Necə ki, olmur... Tarix bunu dəfələrlə sübut edib.

Məntiq elmi doğru, dürüst olduğunu bəyan edən birinin yalanı, qeyri-səmimiliyi alqışlaya bilməsinin mümkün olmayacağını bildirir.

Bu gün Qərbin bu qədər inkişaf etməsinin əsas səbəbi bu cəmiyyətlərdə alınan qərarların, səslənən fikirlərin məntiqi əsasının olmasıdır.

İstisnaları çıxmaq şərti ilə heç bir inkişaf etmiş ölkədə xalqın, millətin səs vermədiyi, dəstəkləmədiyi insanlar onları idarə etmir. Bu demokratiyanın tələbidir, həm də məntiqin tələbidir. Qatıq necə "qara" ola bilməzsə, demokratiya da azlığın hakimiyyəti anlamına gələ bilməz.

Əgər bu gün hansısa ölkə demokratik olduğunu iddia edib və onun qeyd etdiyimiz tələbinə əməl etmirsə, əmin olun ki, həmin cəmiyyətlər qatığa "qara" deyəcək qədər məntiqdən uzaqdırlar. Və məntiq elmini inkar etdikcə inkişafdan da uzaq olacaqlar...

Məntiq elmindən faydalanmaq inkişaf etməyin ən asan yolundan biridir.

Ən böyük cinayətkar qruplar, mafiyalar, narkotik ticarətçiləri və ağlınıza gələn bütün pisliklər inkişaf etmiş ölkələrdə mövcuddur.

Hollandiyada narkotik satışı sərbəstdir, Almaniyada qadın ticarəti leqaldır... Amma bunların "qadağan" olunduğu Şərq ölkələrindən insanlar axın-axın o ölkələrə üz tuturlar. Şərq ölklərini idarə edənlər belə xəstələnən kimi bu ölkələrin həkimlərinə müraciət edirlər. Övladlarını bu ölkələrdə oxutmağa çalışırlar. Pullarını, var-dövlətlərini bu ölkələrin banklarına etibar edirlər...

Səbəb qeyd etdiyim kimi, çox sadədir. Bu cəmiyyətlərdə məntiq elminə dəyər verilir.

Bu ölkələrdə cinayətkarları cəmiyyətə dövlət məmuru, general kimi təqdim etmirlər. Əxlaqsız birini xalq artisti kimi təqdim etmirlər.

Yəni hər kəs öz adı ilə çağrılır və heç kəs bundan narahat olmur.

İnkişafın ən təsirli və sadə formulu budur: qatığa "qara" deməmək.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top