ANAR QARAXANÇALLI

Görüntü müsəlmanlığı

Görüntü müsəlmanlığı

ANAR QARAXANÇALLI

İslam ölkələri deyirik. 50-dən çox ölkə. 2 milyarda yaxın əhali. Dünyanın 3-də 1-i. Amma adı olub, özü olmayan İslam dünyası. Coğrafi məkandan başqa bir şey ifadə etməyən dünya. Kəmiyyəti yüksək, keyfiyyəti aşağı. Bəşəriyyətin problemlərini həll etmək üçün gələn bir dinin mənsubları indi ixtilaf, səfalət, cəhalət içərisindədir. 0.01%-i ultra zəngin, qalanları ultra kasıb. Orta təbəqə yox dərəcəsində. Niyə belə olub? Səbəbi nədir?

Bu gün Yaxın Şərq ölkələrinin bir çoxunda görüntüdə dindarlıq çox yüksəkdir. Məsələn, küçədə gedərkən alnı yaralı insanlara rast gələ bilərsiniz. Bu onlar üçün bir qürur mənbəyidir. Çox namaz qılıb, çox səcdə etdiklərinin sübutu kimi. Eyni zamanda bu ölkələrdə rüşvət, yalan, fırıldaqçılıq çox geniş yayılıb. Hansı ki, İslama görə, haram hesab olunur. Yəni, İslam onlar üçün, bizim üçün bir əxlaq tərzindən çox, göstəriş ibadəti kimidir. Olmaqdan çox, görünmək önəmli hesab olunur. Nə etdiyimiz, necə olduğumuz deyil, necə göründüyümüz daha vacibdir. Nəticədə, dindar görünmək dürüst olmaqdan daha önəmli hala gəlir.

Məsələn, bir tərəfdən, Malaziya, Küveyt kimi ölkələrdə Ramazan ayında ictimai yerlərdə nə isə yemək qadağandır. Digər tərəfdən, Malaziyanın Baş Naziri Nəcib Rezak Səudiyyə Ərəbistanından qarşılıqsız 681 milyon dollar aldığı iddiaları ilə üzləşib. Rezak çixib dedi ki, nə etmişəmsə, xalqım üçün etmişəm, istefa etməyəcəm, bu iddialar ölkəmizi sevməyənlərin ortaya atdıqları yalanlardır.

BM Təhlükəsizlik Şurasının hesabatına görə, Yəmənin sabiq lideri Saleh 1978-2012-ci illər arasında 60 milyard dollar sərvətə sahib olub. Bu rəqəm Yəmənin illik büdcəsinin 5 qatıdır.

Liviyanın sabiq lideri Muammər Qəddafi. Mal varlığı dondurulduğunda 75 milyard dollar dəyərində sərvəti ortaya çıxdı. Dünya böyük şok yaşadı.

Misirin sabiq lideri Hüsnü Mübarək. 30 il hakimiyyətdə qaldı. Bu dövrdə 70 milyard dollar dəyərində sərvət əldə etdi.

İndoneziyanın sabiq lideri Suxarto. 31 ilə 35 milyard dollar sərvət.

Bütün bunlar nəyi göstərir? Niyə belədir? Milyardları mənimsəyib, necə İslamın gözəlliklərindən bəhs edirlər? Şüursuzluq niyə yüksəkdir? Cavabı; cəhalət, ixtilaf, səfalət. Cəhalətin olduğu yerlərdən terrorçu da çıxar, adam yeyən də. Bu görüntü müsəlmanlarına soruşsaq ki, namaz qılmayanın hökmü nədir? Yəqin ki, işi ölümə qədər aparan çıxar. Amma böyük mütəfəkkirlərdən Qəzaliyə biri gəlib namazı tərk edənin hökmü nədir deyə soruşur. O da deyir ki, əlindən tutub birlikdə məscidə getməkdir. Kim haqlıdır?

Zənnimcə, ən böyük problem görüntü müsəlmanlığıdır. Hər kəs müsəlman olduğunu iddia edir. Müsəlman kimə deyilir? Yaxşılıqları yaşayan, təşviq edən, pisliklərdən çəkinən, çəkindirənə. Yəni, əməli düz olana. Reallıq isə fərqlidir. Təşviq edən, çəkindirən var, amma özü yaşayan, tətbiq edən çox azdır.

Peyğəmbərimizin ən önəmli xüsusiyyətlərindən biri də, təmsilinin təbliğinin önündə olması olub. Yəni, yaşadığını deyib. Ona görə də, sözlərinin təsiri olub. Ondan sonra gələn 4 xəlifə. Hz. Əbu Bəkir xəlifə seçildikdən sonra da qazancını qonşuların qoyunlarını sağaraq əldə edirdi. Bir müddət sonra dövlətin işləri üçün səhabələrin israrı ilə ona xəzinədən cüzi maaş müəyyən olunur. Axirətə gedəndə yanındakılara özündən sonrakı xəlifəyə verilmək üçün bir qutu verir. II xəlifə Hz. Ömər qutunu açanda içindən dəmir pullar və bir məktub çıxır. Qısa mətndə deyilir: "Mənə ayırdığınız maaş bəzi günlər çox oldu. Bunları xərcləməkdən Allaha qarşı həya etdim; çünki bu, xalqın malı olduğu üçün dövlətin xəzinəsinə qaytarılmalıdır." Hz. Ömər bu mənzərə qarşısında ağlayıb, "Ey Əbu Bəkir, bizə yaşanmaz bir həyat miras qoydun" deyir.

Böyüklükləri sadəliklərində olub. Həyatları elə olub. Bizimkisi də belədir. Allah bizi islah eləsin!

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top